Uşaqlara cəza verməliyikmi?

"Hər zaman ən çox müraciət edilən mövzulardan biri, uşaqlara cəzaların veriləsi ilə bağlıdır. Burada bir neçə sual ortaya çıxar: "Hansı cəzaların verilməsi doğru, hansı cəzaların verilməsi isə yanlışdır" və ya "Hansı cəzalar uşaqların özgüvəninə təsir edir, onlarda psixoloji sarsıntı yaradır və s". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, övladına cəza verən valideynləri bir çox hallarda iki qrupa ayırmaq olar. Bir qrup valideynlər övladına sərt şəkildə və çox cəza verir. Digər qrup valideynlər isə, demək olar ki, övladını cəzalandırmır. Bu, doğru yanaşma üsulu deyil. Belə ki, belə valideynlər cəzanı hansı formada və necə verəcəyini bilmədiyindən belə hal yaranır. Təbii ki, insanın özünün tənzimləməsi üçün cəza və mükafatların olması lazımdır. Y.Əsgərova onu da qeyd edib ki, bu cəza və mükafatlandırma sistemi "kiçik dövlət" dediyimiz ailədə olduğu kimi, dində və dövlətdə də var. Belə halda uşaq nəyin doğru, nəyin yanlış olduğunu bilir və yanlışlarını düzəltməyə başlayır. Əksi olduqda isə özgüvənsiz, cəmiyyətə adaptasiya ola bilməyən, kaprizli, nə istədiyini bilməyən və s. xüsusiyyətli uşaq formalaşa bilər. Burada belə bir sual yaranır: "Uşaqlara cəzanı hansı yaşda vermək olar?"
"Artıq uşaqda "mən" formalaşdığı zaman, 3 yaş ərəfələrində ona cəzanı izah etmək lazımdır. İlk olaraq "məhrumetmə" cəzalarını qeyd etmək olar. Yəni, uşağın sevdiyi şeyləri, məsələn: sevdiyi oyuncaqla oyununu müəyyən zaman müddətində məhdudlaşdırmaq və ya sevdiyi cizgi filminin izləmə vaxtını qısaltmaq və s. göstərmək olar. Burada əsas diqqət olunması məqam müddət məsələsidir. Çünki çox zaman valideynlər uşaqlara bu cəzaları verərkən müddət qoymur və ya uzun müddət bu cəzanı tətbiq edir. Bu da doğru deyil. Uşaqlara bu cəza müddətini mütləq qeyd etmək və yaxşı olar ki, azyaşlı uşaqlara cəzanı qısa zaman dilimində vermək lazımdır. Belə halda uşaq aqressivləşə, hətta valideyni vura, dişləyə bilər ki, bu da normaldır. Valideynlər bu krizis dönəmində yaxşı olar ki, göz kontaktı qurmasın və mümkün olduqca olduqları yeri dəyişsinlər. Bu "partlama dönəmi" bitdikdən sonra övladının yanına gəlməli, onunla danışmalı və ona məsələni izah etməlidir. Burada bir məqam da, bundan sonra bəzi valideynlərin qoyduğu cəzanı pozmasıdır. Bu da düzgün deyil. Belə olduqda uşaq cəzanı pozmaq üçün bu kaprizləri sonradan vərdiş halına gətirə bilər. Ona görə də valideynlər çəkinməməli və doğru cəzalar verməlidir. Əgər bu mövzuda çətinlik çəkirsə, övladı ilə münasibətlərində problemlər yaşanırsa, peşəkar psixoloq dəstəyi ilə bihevioral (davranış) terapiyası alaraq bu mərhələni problemsiz adlaya bilər"-deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə