Yay mövsümündə avtomobil kondisionerindən istifadə zamanı nələrə diqqət edilməlidir? - AÇIQLANDI
“Yay aylarında avtomobillərdə kondisionerdən intensiv istifadə sürücülərdən müəyyən texniki qulluq tədbirlərinə diqqət yetirməyi tələb edir”.
Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyov deyib.

O bildirib ki, kondisioner sistemi təkcə yayda deyil, qış aylarında da ayda ən azı bir dəfə 10-15 dəqiqə işlədilməlidir. Bu, freon qazının sistem daxilində dövriyyəsini təmin edir və müxtəlif nasazlıqların yaranmasının qarşısını alır:
“Yay mövsümü başlamazdan əvvəl kondisioner sistemində freon qazının təzyiqinin yoxlanılmasını tövsiyə edirlər. Eyni zamanda salon filtrinin vaxtında dəyişdirilməsi həm sistemin səmərəli işləməsi, həm də avtomobil daxilində havanın keyfiyyətinin qorunması baxımından vacib hesab olunur.
Bundan başqa, ön radiatorun üzərində toplanan toz və çirkin 60-80 santimetr məsafədən şırnaqlı su vasitəsilə təmizlənməsi tövsiyə edilir. Bu, soyutma sisteminin daha effektiv işləməsinə kömək edir.
Yaşı 10 ildən çox olan avtomobillərdə kondisioner sisteminin əlavə yoxlanışdan keçirilməsi məqsədəuyğundur. Belə avtomobillərdə freon sisteminin komponentləri, o cümlədən filtr və digər hissələr peşəkar ustalar tərəfindən müayinə olunmalıdır.
Qeyd olunur ki, həm əl ilə idarə olunan, həm də klimat-kontrol sistemi ilə təchiz edilmiş avtomobillərdə temperatur rejiminin düzgün tənzimlənməsi vacibdir. Sürücülər və sərnişinlər salonun həddindən artıq soyudulmasından çəkinməli, temperaturu ehtiyaca uyğun şəkildə nizamlamalıdırlar.
Kondisionerdən düzgün istifadə həm sistemin ömrünü uzadır, həm də yay aylarında daha komfortlu və təhlükəsiz sürüş təmin edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB