Vətən Müharibəsində əldə olunan şanlı qələbəmiz tarixi kitablarda, dərsliklərdə əks olunacaq
Bu günlər 44 günlük Vətən Müharibəsinin başlanması ilə Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edildiyi tarixi günlərdir. Bu günləri Azərbaycan dövləti durduqca xalqımız daim yad edəcək, böyük fəxarət hissi ilə anacaq. Sentyabrın 27-nə qədər erməni faşizmi və onların arxasında dayanan separatçı qüvvələr BMT qətnamələrinə, nüfuzlu beynəlxalq təşkilatların çağırışına əməl etmir və işğal etdikləri Azərbaycan torpaqlarını azad etmək istəmirdilər. Əksinə, daha böyük həyasızlıqla işğala don geyindirməyə, separatizmin genişləndirilməsinə çalışırdılar. Uşaq qatilləri Koçaryan və Sarkisyandan sonra hakimiyyətə gələn Nikol Paşinyan müxtəlif sərsəm açıqlamaları, bəyanatları və hərəkətləri ilə bölgədə müharibənin qaçılmaz olmasına işarələr verirdi. Paşinyanın “Qarabağ - Ermənistandır, nöqtə”, - deyə sərsəmləməsi, artıq danışıqların mümkünsüzlüyünü ortaya qoyurdu. Bundan öncə, yəni 2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-a səfəri zamanı erməni diasporu ilə görüşündə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmişdi. “Hücum imkanlarını genişləndirərək” ifadəsini işlədən Ermənistan müdafiə naziri bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı. Bununla da Ermənistanın hakim rejimi kompromis üçün siyasi müstəvini tamamilə bağlamışdı. Sonrakı günlərdə Ermənistanın Azərbaycanla sərhəd ərazilərində ardıcıl silahlı təxribatları vəziyyətin son dərəcə kritik xarakter almasına təkan vermiş oldu. Həmin ilin iyulun 12-də Ermənistanın terrorçu dəstələri artilleriya və iriçaplı silahların köməyi ilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirildi. Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirməklə onu geri çəkilməyə məcbur etdi. Hücum üçün məhz Tovuzun istiqamət seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri cəmləşməyib. Eyni zamanda, düşmən müharibəni Qarabağdan Ermənistan ərazilərinə keçirməklə özünün də iştirakçısı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bölgəyə gətirmək və onun hərbi, siyasi imkanlarından bəhrələnmək istəyi idi. Digər tərəfdən həmin ərazilərdə Azərbaycanın enerji və nəqliyyat infrastrukturu yerləşirdi.
Erməni terror maşını məhv edildi
Dəfələrlə Ermənistan hərbi xuntası Azərbaycanın neft, qaz infrastrukturunu hədəfə alacağını bəyan etmişdi. Hətta dəfələrlə, o cümlədən 2012-ci ilin 1-13 oktyabr tarixləri arasında Ermənistan silahlı qruplaşması Fransa və digər ölkələrin hərbi rəhbərliyinin iştirakı və planı əsasında “düşmənin neft insfrastrukturuna” hücum adlı təlimlər keçirmişdir. Düşmən iyulun 12-də törətdiyi təxribatdan ağır dərs alsa da, sülh danışıqlarına gəlmək, işğal edilən Azərbaycan torpaqlarını boşaltmaq fikrindən uzaq oldu. Sentyabrın 4-də Qarabağdakı terrorçu dəstələrin başçısı Araik Arutyunyan Azərbaycanla -Ermənistan arasında işğalın aradan qaldırılması istiqamətində aparılan danışıqları tanımadıqlarını bildirdi: “Gəlin, realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Heç bir danışıq olmayacaq, mən bunu görmürəm”. Bu cür separatçı fikirləri ilə Artunyan nümayiş etdirirdi ki, separatçı rejim “Madrid prinsipləri” - münaqişənin tənzimlənməsi məqsədilə keçmiş ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistana təklif olunan əsas paketi tanımırlar və silahlı təxribatlarından əl çəkməyəcəklər. Bununla yanaşı, Azərbaycanın işğal edilən ərazilərində qanunsuz məskunlaşmanın aparılması, Livan ermənilərinin Laçına, Kəlbəcərə köçürülməsi və Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşa edilməsi vəziyyəti daha da ağırlaşdırdı və danışıqlar prosesini dayandırdı. Nəticədə uzun illər sürən danışıqların heç bir nəticə vermədiyi aydın oldu.
Haqq savaşı qələbəmizlə başa çatdı
Artıq işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ermənistanın “dəmir yumuruq”la başının əzilməsi vacib amilə çevrildi. Bu məqamda 2020-cnoyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə dediyi fikirləri qeyd etmək yerinə düşərdi: “Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.
Beləliklə, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan haqq savaşına başlamalı oldu. 44 günlük müharibə ilə Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istekam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 5 milyard ABŞ dolları olan hərbi texnika qənimət olaraq götürüldü. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir: “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”
Əgər kimsə qanunazidd hər hansı bir addım atarsa, onların da aqibəti separatçılar kimi olacaq
Haqqımız olan qələbə təntələni şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Qürurverici məqamlardan biri də ondan ibarət idi ki, müharibənin ilk günündən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan Qələbə Pardında da Azərbaycanla birlikdə oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbə Paradında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirib: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.
Düşmənə vurulan ağır, sarsıdıcı zərbə Qarabağda kök salan separatçıların təmizlənməsi ilə davam etdirildi. 2023-cü il sentyabrın 19 başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə separatçıların bütün hərbi texnikası, silah-sursatı və canlı qüvvəsi məhv edildi. Terrorçulara rəhbərlik edən Arayik, Vardanyan, Saakyan, Qukasyan və digərləri həbs edilərək istintaq orqanlarına təhvil verildilər. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin mətbuata verdiyi açıqlamaya görə, artıq separatçıların istintaqı başa çatdırılıb və yaxın günlərdə onların işinə məhkəmədə baxılacaq. Əminik ki, minlərlə insanın ölümünə qərar verən, yüz minlərlə insanın ev-eşiyindən didərgin düşməsinə, yurd -yuvasının dağılmasına, xarabazarlığa çevrilməsinə səbəbkar olan terrorçu başçılar məhkəmənin qərarı ilə layiq olduqları cəzanı alacaq. Bu, ədalətin bərpası, Azərbaycan dövlətinin qüdrətinin göstəricisi olacaq. Bununla həm də bölücülüyə, separatizmə can atanlara bir dərs olacaq. Göstəriləcək ki, əgər kimsə qanunazidd hər hansı bir addım atarsa, onların da aqibəti separatçılar kimi olacaq.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə