"Azərbaycanın təklif etdiyi prinsiplər Ermənistanın xoşuna gəlmədi" - TÜRK POLİTOLOQ AÇIQLADI

"Azərbaycanın təklif etdiyi prinsiplər Ermənistanın xoşuna gəlmədi" - TÜRK POLİTOLOQ AÇIQLADI

"Ermənistan hazırkı şəraitdə sülh sazişi imzalamaq istəmir. Çünki hesab edir ki, regionda razılaşmanın şərtləri onun zərərinə olacaq. Lakin Ermənistan Brüssel görüşündən bir neçə gün sonra, məsələn, sentyabrın 2-də qondarma müstəqillik ildönümü ilə bağlı mesaj dərc edib. Ardınca isə Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Qarabağa getdi. Bütün bu addımlar əslində diplomatik müzakirələrə təxribat yaratmaq məqsədi daşıyırdı". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: "Son münaqişələrdən sonra parlamentdə bəyanat verən Nikol Paşinyan Azərbaycana dəhliz verməyəcəklərini bildirib. Bu bəyanat əslində sülh danışıqlarına qarşı çıxmaq, prosesi uzatmaq üçün Ermənistan ictimaiyyətinin dəstəyini almaq istəyən Paşinyanın addımı idi.

Ermənistanın yenidən təcavüzü arzuedilən nəticəni vermədi. Avqustun 31-də Avropa Şurasının sədri Çarlz Mişelin vasitəçiliyi ilə iki ölkə liderləri arasında dördüncü Brüssel görüşündən sonra tərəflər arasında yekun sülh sazişinin imzalanmasına ümidlər artıb. Belə bir dövrdə 2020-ci il müharibəsindən sonra ən çox itki verən münaqişənin olması təbii olaraq bəzi suallar doğurdu. Brüssel görüşündə ən mühüm qərar “tərəflərin 1 ay ərzində sülh razılaşması üçün öz mətnlərini hazırlaması və görüşlərin noyabrda Brüsseldə yenidən elan edilməsi” olub. Prezident İlham Əliyev bildirib ki, Ermənistan şərtləri yerinə yetirsə, noyabrda tərəflər arasında yekun sülh sazişi imzalana bilər. Azərbaycan tərəfi xoşməramlılıq əlaməti olaraq Brüssel görüşündən sonra Ermənistanın həbsdə olan 5 əsgərini geri qaytarıb. Ona görə də belə bir mühitdə münaqişə Azərbaycan tərəfindən gözlənilmirdi. Lakin Ermənistan Brüssel görüşündən bir neçə gün sonra prosesi aktiv şəkildə sabotaj etməyə başladı. Məsələn, Nikol Paşinyan sentyabrın 2-də Azərbaycan torpaqlarının işğalı zamanı burada yaradılmış marionet administrasiyasının qondarma müstəqillik ildönümü ilə bağlı mesaj dərc edib. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Rusiya sülh qoşunlarının yerləşdiyi Qarabağa gedib. Bu addımlar əslində diplomatik danışıqları sabotaj etmək cəhdləri idi.

Bunun əsas səbəbi Ermənistanın davam edən sülh danışıqlarından razı qalmamasıdır. 2020-ci il müharibəsindən sonra iki ölkə arasında sülh və normallaşma prosesi əvvəlcə Moskva, sonra Brüssel vasitəsilə davam etdi. İki prosesin sonunda verilən bəyanatlar və tələblər daha çox Azərbaycanın tezislərinə uyğun idi. Bu proses davam edərkən Azərbaycan Prezidenti İlham Əliyev tərəflər arasında sülh sazişinin imzalanmasını təklif etdi. 2022-ci ilin fevralında Azərbaycan Ermənistana yekun sülh sazişi üzrə danışıqlar aparmaq üçün beş əsas prinsip təklif edib. Məqsəd dövlətlərin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, ərazi iddiası ilə çıxış etməməsi, güc tətbiq etməməsi, rabitə və nəqliyyat xətlərinin açılması, sərhədlərin dəqiqləşdirilməsi və diplomatik münasibətlərin qurulması idi.

Azərbaycanın təklif etdiyi prinsiplər Ermənistanın xoşuna gəlmədi. Digər tərəfdən, Ermənistanın tezislərini müdafiə edən dövlətlər Moskva və Brüssel danışıqlarından kənarda qaldı. Məsələn, ABŞ və Fransa bu proseslərə daxil deyildi, lakin son hadisələrdən sonra Ermənistana ən çox dəstəyi bu iki ölkə verdi. Azərbaycanın qətiyyən qəbul etmədiyi Minsk Qrupunun nümayəndəsini ABŞ-ın təyin etməsi, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və işğalçı Ermənistan administrasiyasına dəstək mesajları, İranın Ermənistana PUA satmaq cəhdləri, dəstək bəyanatları və Fransanın dəstəyi Ermənistanı sülh sazişini imzalamaqdan uzaqlaşdıran hadisələr kimi qiymətləndirilə bilər. Bu dəstəklər həm də Ermənistanı daha aqressiv edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə