""Böyük Qayıdış"ın arealı və miqyası daha da genişlənəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Ölkəmizin yaratdığı yeni tarixi reallıqların ən əsas komponentlərindən biri də azad olunmuş ərazilərimizə "Böyük Qayıdış"ı təmin etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu gün "Böyük Qayıdış" və onun başa çatdırılması milli vəzifələrimiz sırasında prioritet istiqamətlərdən biridir. Qeyd etmək lazımdır ki, bu işi biz uğurla davam etdiririk və biz az qala hər gün mediada işğaldan azad olunmuş ərazilərimizə - Laçına, Zəngilana, Şuşaya, Xocalıya və digər ərazilərimizə vətəndaşlarımızın qayıtması ilə bağlı xəbərlər görürük. Amma şübhəsiz ki, bu sadəcə xəbərlər deyil, bu hadisə həmçinin qayıdan hər bir ailənin təhlükəsizliyinin təminatı, məşğulluğunun təmin olunması, yaşam şərtlərinin formalaşdırılması, infrastukturun təmin olunması hadisəsidir. Yəni, bu böyük hadisəni görmədən, şübhəsiz ki, hər hansısa bir ailəni sadəcə işğaldan azad olunmuş əraziyə aparıb məskunlaşdırmaq olmaz. Ona görə də, "Böyük Qayıdış"ın belə özü kimi də böyük, strateji və mənəvi tərəfləri var. Azərbaycan bütün bunların öhdəsindən layiqincə gəlməyi bacarır və bu prosesdə sadəcə dost və qardaş ölkələrin simvolik yardımından başqa Azərbaycan heç bir xarici mənbədən, heç bir donor təşkilatdan və yaxud hansısa bir bankdan, heç bir maliyyə vəsaiti almadan bunu öz büdcəsi hesabına edir. Düşünürəm ki, bu da məsələnin ikinci tarixi tərəfidir".
H.Babaoğlu əlavə edib ki, adətən müharibədən çıxmış ölkələr müharibəyə məruz qalmış ərazilərdə iqtisadiyyatın bərpası, demoqrafik problemlərin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi üçün müxtəlif təşkilatlardan kreditlər, maliyyə güzəştləri əldə etməklə bu işləri görür. Azərbaycan isə bütün bunları öz büdcəsi hesabına həyata keçirir. Düşünürəm ki, biz artıq "Böyük Qayıdış"ın ikinci mərhələsinə qədəm qoymaqdayıq, çünki ilin sonuna qədər hələ məskunlaşdırılma aparılmamış bir sıra rayonlarımızda da məskunlaşdırılma aparılacaqdır. Beləliklə "Böyük Qayıdış"ın arealı və miqyası daha da genişlənəcək və dərinləşəcəkdir ki, bu da xalqımızın ümumi milli arzusunun həyata keçirilməsi və yerinə yetirilməsi deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə