İngiltərə də vətəndaş müharibəsinin bir addımlığında - Radikal sağ dayanmaq bilmir - TƏHLİL
2024-cü il iyulun 29-da Böyük Britaniyada baş vermiş faciəli hadisə bütün ölkədə böyük sarsıntıya səbəb olub. “Southport”da 17 yaşlı gəncin bıçaqla hücumu nəticəsində 3 uşaq həyatını itirib, 8-i uşaq olmaqla 10 nəfər yaralanıb. Bu hücum Böyük Britaniyada sosial iğtişaşlar və radikal sağçı hərəkatların güclənməsi üçün zəmin yaradıb. Hücumdan sonra ölkə daxilində genişmiqyaslı və şiddətli radikal sağçı etirazlar başlayıb.
Böyük Britaniyada baş verən hadisələri və radikal sağçı qrupların reaksiyalarını əks etdirən videonun sosial media platformasında paylaşılması İlon Maskın da diqqətini çəkib. Sosial mediada müzakirələrə səbəb olan hadisə barədə Mask "Kütləvi immiqrasiyanın və açıq sərhədlərin təsiri özünü göstərir" deyə şərh edib və "Vətəndaş müharibəsi qaçılmazdır" deyərək əlavə edib. Bu sözlər sosial mediada böyük əks-səda doğurub və müzakirələri daha da dərinləşdirib.
Etiraz aksiyalarının aparıcı üzvü kimi Tommy Robinsonun adı gündəmə gəlib. Əsl adı “Stephen Yaxley-Lennon” olan Robinson radikal “English Defence League” yaradıcılarından biridir. İngiltərə Müdafiə Liqası qurulduğu ilk illərdə məscid tikintilərinə qarşı sərt reaksiyaları ilə diqqət çəkib. Təşkilat müsəlmanların yaşadığı ərazilərdə donuz başı buraxmaq kimi təxribat xarakterli hərəkətləri ilə gündəmə gəlib. Robinson 2013-cü ildə təşkilatı tərk edəndən sonra təşkilat rəsmi olaraq öz fəaliyyətini dayandırdığını elan edib. Bununla belə ekspertlər bildirirlər ki, radikal sağçı tərəfdarlar oxşar ideologiyaya malik başqa qruplarda öz fəaliyyətlərini davam etdirirlər.
30 iyul 2024-cü ilə qədər radikal sağçıların Böyük Britaniyada belə bir aksiya keçirdiyi görülməyib. Bristol, Liverpul, Hull, Blackpool, və Blackburn kimi şəhərlərdə başlayan etirazlar Şimali İrlandiyanın mərkəzi Belfasta kimi çatıb. Bu şəhərlərdə mühacirlərə məxsus iş yerləri və məscidlər hədəfə alınıb, çox sayda insan və polis yaralanıb. Ümumilikdə 92 nəfər saxlanılıb. Bundan əlavə, Hullda iki radikal sağçının bıçaqlanması ilə bağlı iddialar hadisələrin daha da şiddətlənməsinə səbəb olub. Lakin polis bu xəbərlərin yalan olduğunu açıqlayıb.
Hadisələr cəmiyyətdə geniş narahatlıq və müzakirələrə səbəb olub. Belə ki, ölkədə radikal sağçı hərəkatlar və sosial mediada yayılan dezinformasiyalar sosial iğtişaşları artırmaqdadır. Belə bir məqamda ölkənin təhlükəsizlik və milli birlik məsələləri yenidən gündəmə gəlib. Bu hadisələr İngiltərədəki sosial və siyasi iqlimin nə qədər gərgin və həssas olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB