"Cənubi Qafqazda sülhdən danışırıqsa, İran Azərbaycanın mövqeyi ilə razılaşmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Uzun fasilədən sonra Azərbaycanın İrandakı Səfirliyinin yeni binada açılmasını ölkələrimiz arasındakı münasibətdə müəyyən irəliləyişlərin bariz nümunəsi kimi qiymətləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, çünki məlum olduğu kimi İranla Azərbaycan arasında zaman-zaman diplomatik münasibətlərdə müəyyən gərginliklər, hətta böhran həddinə gəlib çatma halları baş vermişdi: "Hətta İrandakı Səfirliyimizə terror hücumu baş vermişdi. Sonrakı dövrlərdə İranın Azərbaycana qarşı müəyyən qədər qərəzli siyasəti nəticəsində münasibətlərdə soyuqlaşma yaranmışdı. Amma son aylarda Azərbaycanın səmimi və dostluq xarakterli, eyni zamanda düşünülmüş, praqmatik, diplomatik səyləri nəticəsində İranla münasibətlər müəyyən qədər normallaşıb.
Biz bu gün İranla münasibətlərin inkişafı istiqamətində daha da irəliyə gedirik. Xüsusilə də, bir neçə ay bundan əvvəl İranın mərhum prezidentinin Azərbaycana səfəri, sərhəddə aparılan danışıqlar, Azərbaycan Prezidenti ilə görüşlər, əldə olunmuş razılaşmalar, ondan sonrakı dövrdə Azərbaycanın İranla yürütdüyü mehriban qonşuluq siyasəti münasibətləri daha da yüksəklərə doğru aparır. Bu gün İran çox yaxşı anlayır ki, bölgədə, Cənubi Qafqazda xüsusi söz və güc sahibi olan Azərbaycanla müəyyən mənada hesablaşmaq lazımdır. Xüsusilə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra bölgədə daha böyük güc və söz sahibinə çevrilib. Ona görə də əgər Cənubi Qafqazda biz həqiqi sülhdən və təhlükəsizlikdən danışırıqsa, İran da bu məsələlərdə Azərbaycanın mövqeyi ilə razılaşmalıdır".
"Bu günlərdə İranda seçilmiş Məsud Pezeşkianın telefon danışıqları zamanı Azərbaycan Prezidenti tərəfindən təbrik edilməsi, həm Pezeşkianın Azərbaycana dəvət edilməsi, həm Prezident İlham Əliyevin İrana dəvət edilməsi məsələləri qarşıya qoyulan hədəf və vəzifələr istiqamətində gələcəkdə də münasibətlərimizin normallaşmasına gətirib çıxaracaq. Konkret olaraq Səfirliyin açılması və səfirliyin yenidən fəaliyyət göstərməsi də bu münasibətlərin gələcəyi üçün, münasibətləri irəliyə aparmaq üçün çox ciddi amillərdən biridir. Biz hesab edirik ki, tezliklə diplomatik münasibətlərin daha üst səviyyəyə qaldırılmasının şahidi olacağıq" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə