"COP29-un keçirilməsinin Azərbaycana etibar edilməsi çox mühüm hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Məhz bunun nəticəsidir ki, beynəlxalq birlik mötəbər tədbirlərin keçirilməsində məkan olaraq ölkəmizi seçir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı tarixi qərarda bu faktorla əlaqədardır”. Deputat, COP29-un keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, COP29-un keçirilməsinin Azərbaycana etibar edilməsi çox mühüm hadisədir: "Bu barədə qərar 2023-cü il dekabrın 11-də COP28-in Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyilə bağlı eyni addımı atıb.
Millət vəkilinin sözlərinə görə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə böyük nüfuz qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək. Təbii ki, bütün bunlar beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq".
“Ölkəmizin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Buna misal olaraq Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və s. nümunə göstərmək olar. Belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələn Azərbaycan COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək. İki həftə ərzində dünyanın nəbzi Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək” - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə