“Azərbaycan dövlətinin, xalqının tarixi yazılır və təbliğ olunur” - DEPUTAT FİKİR BİLDİRDİ
“Hər bir xalqın qəhrəmanlıq tarixi var. Amma əsas o qəhrəmanlığı göstərmək deyil, tarixə çevirib nəsildən-nəsilə çatdırmaqdır. Bu baxımdan tarix elmi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan gəncliyi də orta məktəb illərində həm Vətən tarixini, həm də dünya tarixini keçir. Ali məktəb tələbələrinə də Vətən tarixi tədris olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən, yəni SSRİ-nin dağılmasından sonra Azərbaycan tarixi əsas fənn kimi tədris olunmağa başlanıldı. Təkcə tədrislə işlər bitmədi. Belə ki, Azərbaycan tarixində vaxtilə məcburi şəkildə özünə yer tapan yanlış fikirlər, təhriflər aradan qaldırılmalı idi. Vətən tarixinin əsas problemi olan təhrif olunmuş tarixin bərpası aparıldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Deputat bildirib ki, 1991-ci ildən sonrakı tariximizdə də ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, havadarlarının beynəlxalq aləmdə Ermənistanı müdafiəsi kimi məsələlər də tarix fənni vasitəsilə düzgün şəkildə tədris olundu: “Bu gün Azərbaycanın dövlət başçısı da 44 günlük müharibədə qələbə qazanmağımızın dörd şərtini göstərərkən, problemin tarixiliyinin dünyaya çatdırılması olduğunu bildirdi. Doğurdan da, Azərbaycan alimləri bu sahədə əllərindən gələni etdilər. Azərbaycan gəncliyi də tarixi öyrənərək, əllərindəki qələmi süngüyə çevirib düşməni darmadağın etdilər. Bu gün də Azərbaycan dövlətinin, xalqının tarixi yazılır və təbliğ olunur. Orta və ali məktəblərdə hələ heç bir problemlə bağlı məsələyə nöqtə qoyulmur. Tarix elmi mənbələrə istinad edir, yeni-yeni mənbələrin elmə cəlb olunması istiqamətində mühüm işlər görülür.
1991-ci ildən sonra həm orta, həm də ali məktəb səviyyəsində tarix elmi ilə bağlı kifayət qədər əsərlər yazılıb. Son dövrün ən böyük uğurlarından biri də Zəfər tarixi dərsliyinin orta məktəbdə tədris edilməsidir. Qazandığımız qələbə Azərbaycanı suveren dövlətə çevirdi, ərazi bütövlüyümüz təmin olundu. Bu tarix də bu gün yeni nəsillərin öyrənməsi üçün tədris olunur. Gələcək zamanda daha yeni əsərlər də yazılacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB