"Bütün partiyalar çox razı şəkildə toplantıdan ayrıldılar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün partiyalar çox razı şəkildə toplantıdan ayrıldılar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə çox böyük görüş, tədbir keçirildi". Bu fikirləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

O bildirib ki, Ədalət Vəliyev bu şöbəyə rəhbərlik edəndən çox böyük işlər görüb: "Partiyalar arasında sağlam dialoq mühiti yaranıb. Çox vacib məsələdir. Ona görə də mayın 16-da Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə bu cür görüş təşkil olundu. Ədalət müəllim çox geniş məruzə ilə çıxış etdi, maraqlı məqamlara toxundu. Eyni zamanda orada digər dövlət qurumlarının nümayəndələri də özlərinin ciddi məruzələrini hazırlamışdılar. Hətta təklif olundu, mən də müdafiə etdim ki, orada olan çıxışların, məruzələrin mətnləri yaddaş kitabçası şəklində hazırlansın və partiyalara göndərilsin ki, onlar da bunlarla bağlı məlumatlı olsunlar. Mühit də çox yaxşı idi. Beş saata qədər müzakirələr getdi. Demək olar ki, hamı fikrini səsləndirdi, təkliflərini verdi.

Biz də təkliflərimizi verdik, xüsusilə yerli şöbələrin ofislə təmin olunması ilə bağlı vacib məsələ, partiyaların maliyyələşməsinə yanaşma ilə bağlı, proporsional və majoritar seçki sisteminin uyğunlaşdırılması ilə bağlı və başqa maraqlı təkliflər oldu. Ən əsası da odur ki, yekun, geniş çıxışı Ədalət müəllim etdi. Verilən təkliflərin ətrafında fikirlərini bildirdi, ümumiləşdirdi. Ümumi mühitdən danışdı ki, belə də olmalıdır. Partiyalar arasında xoş və normal münasibətlər olmalıdır. Hakimiyyət, müxalifət partiyaları arasında normal münasibətlər olmalıdır. Birlikdə ölkənin taleyini həll etmək üçün çalışmaq lazımdır. Bu, vacib bir məsələdir. Hesab edirəm ki, orada bütün partiyalar iştirak edirdi. Sözügedən tədbirə cəmi 1 partiya gəlməmişdi, digərləri hamısı orada idi. O partiyanı da partiya hesab etmirəm. O, yanlış yolda olan, təxribatlarla məşğul olan bir qrupa çevrilib. Bütün partiyalar çox razı şəkildə toplantıdan ayrıldılar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə