Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır - ŞƏRH EDİLDİ

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır - ŞƏRH EDİLDİ

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin etibarlı olmasının daha bir bariz nümunəsi Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması oldu. Sülhməramlıların Qarabağdan çıxarılması iki dövlət arasında xoş münasibətlər çərçivəsində həyata keçirilib və Moskva ilə Bakı arasındakı əlaqələrin möhkəmliyinin göstəricisidir. Azərbaycan Ermənistandan fərqli olaraq özünü etibarlı tərəfdaş kimi, Prezident İlham Əliyev isə özünü danışıqları apara bilən siyasətçi kimi göstərdi. Bu, eyni zamanda Azərbaycanın ləyaqətli siyasət yürütməsindən irəli gəlir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, sülhməramlı hərbi kontingentin Azərbaycan ərazisindən çıxarılması qanunauyğun və məntiqlidir: “Sülhməramlılar öz missiyasını artıq yerinə yetirmişdi. Onların Qarabağda qalmasına dabir lüzum qalmamışdı, üstəlik indiki zamanda Moskvanın peşəkar hərbçilərə ehtiyacının olduğunu da düşünmək lazımdır. Kremldə danışıqlar ərəfəsində Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması regional təhlükəsizliyin gələcək təmin edilməsində mühüm mərhələdir. Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır. Moskvada İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşdə deyildiyi kimi, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları isə 6 milyard dollar təşkil edib. Görüşdə Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, o cümlədən aktual regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması təqdirəlayiqdir. İlham Əliyevlə Vladimir Putinin prezident seçkilərindən sonra ilk şəxsi görüşünə səbəb həm də rəmzi hadisə - Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyi idi. Görüşdə BAM-çıların təəssüratları, Ulu Öndər Heydər Əliyev barəsində söylədikləri xoş xatirələr Azərbaycanın böyük oğlunun bütün xalqlar üçün hansı böyük işlər gördüyünü bir daha sübut etdi. Rusiya-Azərbaycan münasibətləri müasir dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycanla Rusiya arasında perspektiv əməkdaşlıq istiqamətləri mövcuddur. İki ölkə arasındakı münasibətlər dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlətlərmiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə