Azərbaycan xalqına qarşı törədilmiş və illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin ən faciəli səhifələrindən biridir. Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Bədnam xislətindən əl çəkməyən mənfur erməni millətçilərinin azğınlığı iki yüz ilə yaxın davam etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Hər bir azərbaycanlının illər boyu gözlədiyi tarixi ədalət isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan ordusu tarixi zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımın, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlük Vətən müharibəsi zamanı alındı.
“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi 31 Mart - Azərbaycanlıların soyqırımını, Xocalı faciəsini, günahsız soydaşlarımızın məruz qaldığı soyqırımının dəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq. İşğalçı erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından uzaqlaşdırmaq, havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu mütəmadi olaraq ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi ədalətsizcəsinə saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Milli Məclisin deputatı,
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB