"Azərbaycan enerji resurslarının ixracını davam etdirəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ötən gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, cənab Prezident bu tədbirdə geniş nitq söylədi: "Burada çox maraqlı məsələlərə toxundu. İlk növbədə onu qeyd etməliyik ki, Azərbaycan Avropanın qaza olan tələbatını ödəməkdə israrlıdır. Hal-hazırda həyata keçirir. Azərbaycanın ixrac etdiyi qazın əsas alıcılarının böyük əksəriyyəti məhz Avropa dövlətləridir. Azərbaycan qazına olan mövcud tələbat həmin dövlətlər tərəfindən də dəfələrlə söylənilib. Azərbaycana çoxlu müraciətlər var. Azərbaycan da bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək istəyir. Hal-hazırda bu layihəyə əlavə layihələr də qoşulur. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bu layihənin şaxələndirilməsi planlaşdırılır. Bu, alternativlərin və seçimlərin olması deməkdir, təhlükəsiz şəkildə Azərbaycanın qaz ixracatını davam etdirməyinə əsas sübutlardan biridir. Bunun da öhdəsindən Azərbaycan uğurla gəlməkdədir.

Eyni zamanda Azərbaycanda ötən il "Abşeron" layihəsinin ilk fazası artıq təsdiq edildi. Orada illik hasilatın 1,5 milyard kub metr həcmində olması gözlənilir. 2-ci faza ilə bağlı razılıq əldə etdikdən sonra daha 4-5 milyard kub metr həcmi əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Bu fikirləri cənab Prezident xüsusilə qeyd etdi. Bu artıq onu göstərir ki, Azərbaycan qaz resurslarını aşkarlayır və dünya bazarlarına çıxarmaq mümkün olur. Bunun kimi bir çox yeni qaz yataqları ətrafında da işlər həyata keçirilir. Hələ uzun illər Azərbaycan qaz ixracatçısı kimi öz işlərini davam etdirə biləcəkdir.

Bilirsiniz ki, "Azəri-Çıraq-Günəşli" yatağında da qazın nəqli ilə bağlı ilkin məlumatlar var. Biz buradan da qaz nəqlini həyata keçirə biləcəyik. "Şahdəniz" və "Abşeron" yataqlarının hasil edilə biləcək həllində bu, yeni mənbə olacaq. Bu, çox ümidverici layihə kimi dəyərləndirilməlidir. "Ümid" qaz kondensat yatağının 2-ci fazasının işlənməsi ilə bağlı planlar da var. Bu haqda cənab Prezident öz çıxışında qeyd etdi. Burada da potensial olaraq 3-4 il ərzində 2-3 milyard kub metr qaz əldə etmək mütəxəssislər tərəfindən söylənilir. Bəlkə də, burada daha böyük həcmdə qazın nəqli mümkün olacaq.

Bir sözlə, Azərbaycan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsində çox maraqlıdır. Bu layihələrin böyük əksəriyyətini tərəfdaşlarımızla birlikdə icra edirik. Bəzi layihələri isə birbaşa SOCAR tərəfindən reallaşdırılır".

"Bununla yanaşı Azərbaycan Yaşıl enerjiyə keçid prosesində yaxından iştirak edir. Azərbaycanda bu il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Eyni zamanda ölkəmizdə COP29 keçiriləcəkdir. Düşünürəm ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi də birbaşa olaraq Azərbaycanın iradə ortaya qoya bilməsi, Azərbaycanın yaşıl enerjiyə keçid prosesini aktiv reallaşdıra bilməsi və Avropanın enerji təhlükəsizliyində yaxından iştirakı, eyni zamanda Azərbaycanın ətraf mühitin qorunması ilə bağlı yerli layihələri uğurla həyata keçirməsi ilə əlaqədardır. Eyni zamanda Azərbaycanın tərəfdaşları ilə birlikdə bu günə qədər reallaşdırdığı layihələr, Azərbaycanın bir çox mötəbər tədbirlərə ev sahibliyi etməsilə artan nüfuzu hesabına layihələrin reallaşması mümkün olmuşdur.

"Günəş" elektrik stansiyalarının gücü Azərbaycanda hal-hazırda 230 mb-dır. Bu, aparıcı iş yerlərindən biri olan "Masdar" tərəfindən inşa olunmuşdur. Hələ başlanğıcdır. Bu proseslər uğurla davam etdiriləcəkdir. 2030-cu ilə kimi 5 min Mb-a qədər günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Bizim yaşıl enerji ilə bağlı əsas partnyorlarımız Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanının "Acwa Power" şirkətləridir. Bu şirkətlərin də birbaşa yaxından iştirakı ilə Azərbaycan Avropaya yaşıl enerjini nəql etmək istəyir. Qara dənizin dibi ilə həyata keçiriləcək Qara dəniz sualtı kabel layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri məhz Azərbaycan olacaq. Cənub Qaz Dəhlizi artıq 3 ildir fəaliyyət göstərir. Bu, Avrasiyada icra olunan ən böyük və ən uzun layihələrdən biridir. Layihənin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında çox yaxşı əməkdaşlıq olması bu layihənin daha da inkişaf etməsini, layihənin həyata keçirilməsini, davamlı olmasını mümkün edən amillərdən biri kimi dəyərləndirilməlidir. Azərbaycan enerji resurslarının ixracını davam etdirəcəkdir. Bu həm Azərbaycanın, həm də region dövlətlərinin qaza, neftə və digər enerji resurslarına olan tələbatının qarşılanmasına birbaşa xidmət etməkdədir. Azərbaycan bu layihələri uğurla həyata keçirir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə