Tarixi abidələrimizin bərpası işləri necə gedir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Tarixi abidələrimizin bərpası işləri necə gedir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan öz tarixində bir neçə dəfə tarixi abidələrin bərpası ilə bağlı problemlə üz-üzə gəlib". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputat bildirib ki, vaxtı ilə Azərbaycan ərazisində dini və tarixi abidələrin sökülməsi, məhv edilməsi hadisəsi baş verib: "Belə ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Sovet dövləti, rejimi, ideologiyası dinə düşmən olduğu üçün 20-30-cu illərin depressiyasında ən çox din alimlərinə, dini abidələrə qarşı sərt mövqe nümayiş etdirdi. Din adamlarının bir hissəsi güllələndi, bir hissəsi Sibirə sürgün olundu, bir hissəsinin isə əmlakları müsadirə olunaraq səsləri alındı, səs vermək hüququndan məhrum edildilər. Təbii ki, bu ən çox İslam dini abidələri olan müqəddəs yerlərə və məscidlərə qarşı da tətbiq olundu. Ona görə də 1934-cü ildə Sovet rəhbərliyinin xeyir-duası ilə Bibiheybət məscidi söküldü. Bu abidənin sökülməsi nə qədər dəhşətli bir hadisə idisə, Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra bu abidə necə bərpa olunmalıdırsa, bu çətinlikləri aradan qaldırmaq üçün Azərbaycan xalqı, rəhbərliyi çətinliklərə baxmayaraq bu məsələni də həll etdi. Bir abidəni misal gətirdim. Yüzlərlə belə tarixi və dini abidələr bərpa olundu".

"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da müstəqilliyin şirinliyini dadmamış erməni daşnak qüvvələri Azərbaycan torpaqlarının 20%-ni işğal etdi. Azərbaycanın tarixi, dini abidələrinin bəzilərini özününkü etdi, İslamla bağlı ənənələrini, Alban məbədlərini sırf özlərinki kimi qələmə vermək üçün müəyyən abidələri dağıtmaqdan belə çəkinmədilər. Amma xoşbəxtlikdən 30 ildən sonra Azərbaycan 44 günlük müharibə ilə düşmənin bütün hiylələrini aradan qaldırdı, onu darmadağın etdi. Dünənə qədər təhqir olunan dini və tarixi abidələrimiz yenidən bərpa olunmağa başladı. Bu gün Şuşa şəhərinə gedən hər bir insan hansı maraqla bu əraziyə gəlməsindən asılı olmayaraq bir tərəfdən məscidlərin, bir tərəfdən kilsələrin, hətta erməni kilsəsinin belə bərpa olunduğunun şahidi olur. Çünki bir xalq olaraq biz dünyanın bütün dini abidələrinə, tarixi abidələrinə hörmətlə yanaşırıq. Bu abidələrin təmirinə ehtiyac varsa, biz onları məmnuniyyətlə təmir edirik. Artıq kimindir yox, bu insanların yaratdığı abidədir, memarlıq əsəridir deyə yanaşırıq. Dövlət olaraq da nəinki bərpa edirik, eyni zamanda qoruyuruq.

İşğaldan azad edilən bütün ərazilərdə, hətta Ağdam ətrafı ərazilərdə vaxtı ilə Qarabağ xanlığına məxsus qəbiristanlıqlar düşmən tərəfindən vəhşicəsinə məhv edilib. Ancaq bu gün uzaq İtaliyadan buraya mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər bu abidələrin bərpası ilə məşğuldur. Bu abidələri necə bərpa edək ki, ziyan görməsin, əvvəlki vəziyyətinə gəlsin? İndi bərpanın müasir üsulları var. Azərbaycanda da işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində də bu memarlıq, bərpa üsullarından istifadə olunur. Əslində bütün bunlar onu göstərir ki, bir xalq olaraq böyük mədəniyyət sahibiyik. Həm öz mədəniyyətimizə, həm də dünya mədəniyyətinə böyük önəm veririk. Bu mədəniyyət, dini, tarixi abidələri bərpa etmək üçün Azərbaycan xalqı heç nəyi əsirgəmir, külli miqdarda vəsait qoyur. Eyni zamanda dünyaya bəyan edir ki, bir sülhsevər xalq, ədaləti sevən xalq görmək istəyirsinizsə, Azərbaycana gəlin. Bir tolerant xalq dünyanın bütün xalqlarına eyni gözlə baxa bilən xalq görmək istəyirsinizsə, Azərbaycana gəlin. Bu gün Azərbaycanda həmin dini və tarixi abidələrin bərpası sürətlə davam edir" - deyə o, sözlərinə əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə