"Prezident seçkiləri demokratiya bayramı kimi yadda qaldı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident seçkiləri demokratiya bayramı kimi yadda qaldı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri mühüm hüquqi-siyasi hadisə kimi şanlı tariximizə yazıldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu seçkilər Azərbaycanda demokratiya bayramı kimi yadda qaldı: "Seçkilər əldə etdiyimiz tarixi zəfərin davamı kimi onun yeni hüquqi-siyasi müstəviyə, yeni tarixi mərhələyə daşınması kimi yadda qaldı. Ən səciyyəvi xüsusiyyətlərindən biri bu seçkidə bayram əhval-ruhiyyəsinin olması idi. Bakı, Gəncə, Naxçıvan, Lənkəranda səs verən hər bir vətəndaş bilirdi ki, onun soydaşı bu gün onunla bərabər Xankəndi, Xocalı, Laçın, Füzuli, Zəngilanda səs verir. Bu, milli qürur yaradırdı. Ona görə ki, biz 30 il idi ki, torpaqlarımızda səs vermək hüququmuzdan məhrum edilmişdik. Ona görə demokratiya bayramı idi ki, ən böyük demokratiya bir xalqın öz hüququndan istifadə etməyi bilməsidir".

"Biz 30 il seçmək, seçilmək hüququmuzdan torpaqlarımızın 20%-də iştirak edə bilmədik. Əldə etdiyimiz tarixi zəfərdən sonra bu ərazilərimizdə də seçmək və seçilmək hüququmuzdan istifadə etdik. Bu, demokratiyanın tam özüdür. Eyni zamanda, ən yaddaqalan məsələlərdən biri, bu vaxta kimi adı dünyanın hər yerində, o cümlədən, beynəlxalq təşkilatlarda separatizmin mərkəzi kimi hallandırılan, adı dəyişdirilmiş terror yuvası Stepanakert bu seçkilərdə, məhz Xankəndimiz kimi Azərbaycanın demokratiya hadisəsinə ev sahibliyi etdi. Bütövlükdə 7 fevral 2024-cü il seçkiləri milli demokratiya, dövlətçilik tariximizdə həmişə xatırlanacaqdır" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə