"Torpaqlarımız azad edildikdən sonra hər şeyi yenidən qurmaq lazım gəldi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Torpaqlarımız azad edildikdən sonra hər şeyi yenidən qurmaq lazım gəldi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Torpaqlarımızın Ermənistan işğalından azad edilməsi ərazilərin viran günə qoyulmasının mənzərəsini açdı. Ermənistan 30 il ərzində yaşayış evlərini, sosial obyektləri, infrastrukturları darmadağın etdi. Həmin yerləri insan yaşaması üçün mümkünsüz şəraitə çevirdi. Eyni zamanda torpaqların əhəmiyyətli bir hissəsi minalandı ki, bu sonradan geri qayıdan əhali üçün çox böyük təhlükə törətdi. Amma rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı ilə torpaqlar işğaldan azad edildikdən sonra qısa zamanda böyük bərpa quruculuq işlərinə başlandı. Hələ Vətən müharibəsindən xeyli əvvəl Böyük Qayıdış planları hazırlanmışdı ki, onlar həyata keçirilməyə başlandı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, il yarım bundan əvvəl Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtması həmin torpaqların sahiblərinin öz dədə-baba yurdlarına qayıtmaq əzmindən xəbər verdi: "Artıq 5 yaşayış məntəqəsində 5 minə qədər əhali yaşayır. Bu il 25 yaşayış məntəqəsində 20 minə qədər keçmiş məcburi köçkünlər yaşayacaq. Dövlət tərəfindən yaşayış yerlərinin bərpası, kommunikasiyaların salınması, sosial obyektlərin tikilməsi üçün böyük işlər görülür. O cümlədən iş yerlərinin yaradılması da dövlətin böyük diqqətindədir. Bu il artıq Kəlbəcər, Şuşa və mümkündür ki, Ağdam rayonuna qayıdış baş verəcək. Onlarla kənddə geri qayıdış üçün böyük işlər görülür, evlər tikilir, insanlar üçün iş yerləri yaradılır. Burada dövlət vəsaiti ilə yanaşı artıq özəl imkanların da cəlb edilməsi üçün qanunvericiliklə böyük imkanlar açılmışdır. Nəzərə almaq lazımdır ki, bütün bunlar Azərbaycan dövlətinin öz hesabına edilir. Bir beynəlxalq təşkilat, bir dövlət bizə hansısa məsələdə yardımçı olmadı. Özbəkistan və Qazaxıstanın azad edilən ərazilərdə məktəb və uşaq yaradıcılıq mərkəzi tikməsi onların qardaşlıq həmrəyliyindən, türk birliyindən xəbər verir. Bütün bölgələr olduğu kimi, Kəlbəcər, Şuşa, Ağdam da Azərbaycanın dilbər guşələrindən birinə çevriləcəklər. Xankəndi şəhərində Qarabağ universiteti təsis edildi. O universitet zaman keçdikcə Azərbaycan təhsilinin flaqmanınlarının birinə çevriləcək. Artıq həmin universitetin formalaşması üçün böyük işlər görülür. Görülən işlər barəsində vaxtaşırı cəmiyyət məlumatlandırılır".

Deputat sözlərinə davam edərək bildirib ki, turizm şirkətiləri tərəfindən azad edilən zonalara səfərlər təşkil edilir: "İnsanlar indidən Ermənistanın işğal etdiyi ərazilərdə real vəziyyəti gözləri ilə görə biləcəklər. İnanırıq ki, zaman keçdikcə həmin ərazilər özünün inkişafı, yeniliyi və dövlətçiliyimizə xas olan fəaliyyəti ilə göz oxşayacaq. Azərbaycan xalqı qurub yaradan xalqdır. Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti torpaqlarımızın azad edilməsinə, azad edilən torpaqların bərpasına, insanlarımızın öz dədə-baba torpaqlarına qayıdaraq tarixinə, torpağına sahiblənməsinə gətirib çıxarıb".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə