"Azərbaycan gəncləri fəxr edir ki, qalib ölkənin vətəndaşlarıdır" - ŞƏRH

"Azərbaycan gəncləri fəxr edir ki, qalib ölkənin vətəndaşlarıdır" - ŞƏRH

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra diqqət göstərilən sahələrdən biri də Azərbaycan gəncliyinin rastlaşdığı çətinliklər idi. Milli maraqlara və milli dəyərlərə əsaslanan beynəlxalq təcrübəni nəzərə alaraq gənclər və idman siyasətinin müəyyən edilməsi, həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının “Gənclər və İdman” Nazirliyi yaradıldı. 1997-ci ildən başlayaraq Prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən hər il fevralın 2-də Azərbaycanda “Gənclər günü” qeyd olunur. 1996-ci il fevralın 2-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu. Məhz həmin gün baş tutan Azərbaycan Gənclərinin I Forumu da bunun əyani göstəricisi idi. Daha sonrakı illərdə də ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə olan diqqət və qayğı azalmadı tam əksinə olaraq artan xətt üzrə davam etdi. Gənclər gününün keçirilməsi Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Qeyd etmək lazımdır ki, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq “Gənclər Günü” Azərbaycanda qeyd olunur.

Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclərinin vətənpərvərlik və milli ruhda formalaşmaları üçün yaradılmış şərait bu gündə dövlət başçısı cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə icra olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrdə olduğu kimi gənclər siyasəti, gənclərlə iş sahəsində də böyük uğurlar qazanılmışdır. Həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmişdir. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” və mərkəzləri gənclərin vətənpərvər ruhunda formalaşdırılması, onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və milli ruhda böyüyərək vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının səmərəli təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir. Azərbaycan gənclərin rifahına xidmət edən 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları müvəffəqiyyətlə həyata keçirilmişdir. Hal-hazırda “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası” uğurla həyata keçirilir. Azərbaycan gəncliyi ölkənin ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi və digər sahələr üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə sabitliyin, tərəqqinin təmin olunmasında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Dövlət tərəfindən gənclər üçün ili ildən geniş imkanlar yaradılmış, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlətin qayğısı genişləndirilmişdir. Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müstəqillik illərində əldə olunan ən böyük uğrlardan biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşması olmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev gənclərlə bağlı olan ənənəni layiqincə davam etdirməsi nəticəsində ölkəmizin gənclər siyasətində çox ciddi uğurlara imza atıldı. Cəmiyyətin bütün sahələrində Azərbaycan gəncləri irəli çəkildilər, xaricdə təhsil almağa göndərildilər, mədəniyyətdən sosial həyata, iqtisadiyyatdan idarəetməyə kimi bütün sahələrdə gəncləşmə aparılan uğurlu islahatların əsas tərkib hissəsinə çevrildilər.

Cənab İlham Əliyevin bütün çağrışlarına cavab verən Azərbaycan gəncliyi bunu 2-ci Qarabağ müharibəsi zamanı öz əzmkarlığı və vətənpərvərlik ruhunda böyüməsi ilə sübut etdi. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bütünlüklə bir nəfər kimi səfərbər oldu. Ermənistan ordusunun təxminən 10 min əsgəri fərarilik edərək döyüş meydanından qaçdığı halda, cəsur və igid Azərbaycan gəncləri könüllü şəkildə orduya yazılmaq üçün növbələr gözlədi, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi əsil vətənpərvərlik meydanına çevrildi. Həyata keçirilən antiterror tədbirlərinin əhəmiyyətindən danışan zaman cənab İlham Əliyev bildirmişdir ki, əgər üç il bundan əvvəl 2-ci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-da keçirilən lokal antiterror əməliyyatı zamanı isə suverenliyimizi tam bərpa etdik. 44 günlük Vətən müharibəsində, lokal antiterror əməliyyatı zamanı Azərbaycan gənclərinin göstərdiyi misilsiz cəsarət, qeyrət, şücaət və qəhrəmanlıq nümunələri bir daha sübut etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bundan sonra da bu siyasət davam etdiriləcəkdir.

Milli Məclisin deputatı

Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə