ABŞ üçün ANALOJİ TƏHLÜKƏ – TƏHLİL

ABŞ üçün ANALOJİ TƏHLÜKƏ – TƏHLİL

Hazırda ABŞ üçün qorxulu ssenarilərin reallaşdırıla biləcəyi proqnozlaşdırılır. Texas qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa edilən tikanlı məftilli divarı sökmək qərarı çoxdandır ki, müzakirə mövzusuna çevrilib və belə hesab olunur ki, bu, ABŞ sərhədlərinin dağılması ilə nəticələnə bilər. ABŞ-ın mərkəzi hakimiyyətinə qarşı etirazlar, tabe olmamaq istəkləri, Texasın timsalında Birləşmiş Ştatlardan ayrılaraq, müstəqil dövlət olmaq niyyətləri və bütün bunları dəstəkləyən “Texit” tərəfdarlarının ayağa qalxması, bir zamanlar Qarabağda erməni separatizminə dəstək verən, ölkəmizin ərazisində yeni bir dövlət qurmağa onları ruhlandıran bir ölkə üçün yaxşı heç nə vəd etmir və məhz analoji təhlükədən xəbər verir.

Amerika Birləşmiş Ştatlarında baş verən hadisələr həmin ölkədə daxili ziddiyyətlərin kritik səviyyəyə yaxınlaşdığını deməyə əsas verir. ABŞ tarixində bir neçə dəfə ştatların hüquqları ilə federal hökumət arasında münasibət məsələsi çox kəskin olub, amma hazırki səviyyədəki qədər ciddi olmayıb. Həmin ölkədə qaçqın böhranı artıq o qədər ciddi məsələ olaraq qəbul olunur ki, bu, böyük münaqişə üçün katalizator rolunu oynaya bilər. Görünən odur ki, Texasın yüzillər boyunca mövcud olan müstəqillik istəyi yenə də gündəmə gəlib və bu vəziyyət bütövlükdə Amerika Birləşmiş Ştatları üçün heç də arzuolunan hal deyil. Əksinə, müşahidələr onu deməyə əsas verir ki, miqrasiya qalmaqalları fonunda Texasda məhz Amerika Birləşmiş Ştatlarının tərkibindən çıxmaq, ayrılmaq çağırışları güclənib. Məhz Qarabağ ərazisində separatizmə dəstək verən və bununla da Azərbaycan ərazisində yeni bir dövlət qurmaq istəyən erməni separatçıları ruhlandıran ABŞ özü indi eyni vəziyyətlə üzləşib və elə bu fonda da analoji təhlükə qarşısındadır.

Qeyri-qanuni miqrantların qarşısının alınması üçün Meksika ilə sərhədin bir hissəsini nəzarətə götürmək barədə ştatın Milli Qvardiyasına Texas qubernatorunun əmr verməsindən sonra vəziyyət dəyişməli idi və belə də oldu. Ona görə ki, Texas Milli Qvardiyasnın məhz ABŞ sərhəd patrulunun əməkdaşlarını sərhəddən güc tətbiqi ilə uzaqlaşdıraraq, məftilli hasarlar quraşdırması mərkəzi hakimiyyəti qane edə bilməzdi və vəziyyət də elə bu baxımdan dəyişdi. Beləki, mərkəzi hakimiyyət Ali Məhkəməyə müraciət etdikdən sonra hasarın sökülməsi, sərhəd xidmətinin fəaliyyətinin bərpası haqda məhkəmənin çıxardığı qərara da Texasın yerli hakimiyyətinin tabe olmaqdan imtina etməsi, açıq şəkildə mərkəzi hakimiyyətə qarşı çıxması ABŞ üçün arzuolunmaz bir hal oldu. Ələlxüsus da, qubernatorun məhz ştatı işğal etməkdə Ağ Evi ittiham etməsi, ardınca da Texasın özünümüdafiə hüququnu federal qanundan üstün hesab etdiyini bəyan etməsi, hətta prezident Baydenə qarşı sərt ittihamlar irəli sürməsi vəziyyəti bir qədər də gərginləşdirdi. Belə ki, bütün bu olanların fonunda, yəni, Texasın yerli hakimiyyəti ilə mərkəzi hakimiyyət arasında baş verən bu “qarşıdurma” fonunda ştatın müstəqilliyini müdafiə edənlər də ayağa qalxdılar və hətta iş o yerə çatdı ki, ştatın ABŞ-dan ayrılması və müstəqilliyini elan etməsi üçün xüsusi sessiyanın çağırılması barədə Texas Millətçi Hərəkatı tələb də irəli sürdü. Hər halda, bütün bunların ABŞ üçün nə demək olduğunu amerikalılar özləri hamıdan yaxşı bilirlər, amma bizim üçün də bəllidir ki, Texasın müstəqillik istəyi və bu fonda məlum hadisələr ABŞ-ın parçalanması ssenarisinin mümkünlüyü deməkdir. Üstəlik, parçalanma istəyinin təkcə Texasla məhdudlaşmaya biləcəyi və artıq 25 ştatın da Ağ Evə qarşı həmin qubernator Qreq Abbottu dəstəkləməsi gələcəkdə “domino effekti” barədə də proqnoz verməyə zəmin yaradır və bu yerdə xatırladaq ki, Kaliforniya və Florida ştatlarının da Texas kimi eyni niyyətdə olduğu da bəllidir, hansı ki, bu vəziyyət ABŞ üçün çox arzuolunmaz vəziyyət vəd edir.

Sirr deyil ki, Bayden hakimiyyəti çətin vəziyyətlə qarşılaşıb. Bunu ABŞ adminstrasiyası hamıdan yaxşı bilir. Yaxşı bilir ki, əgər, Texas qubernatoru mövqeyindən geri çəkilmək niyyətində görünmürsə, deməli, güclü dəstəyinin olduğuna özü hamıdan çox əmindir. Əslində, həqiqətən də qubernator Qreq Abbottun həm ictimai rəydə, həm də respublikaçılar arasında güclü dəstəyi var və bunu Baydendən yaxşı bilən yoxdur. Əks halda, o dərhal proseslərə müdaxilə edərdi, güc tətbiqinə belə əl atardı. Amma bunu etmədi. Çünki bilir ki, müdaxilə ediləcəyi təqdirdə, silahlı toqquşmalar qaçılmaz olacaq. Bilir ki, Texasın yerli hakimiyyəti döyüşmək üçün kifayət qədər resursa da malikdir. Texasda yerli hakimiyyətin nəzarət etdiyi güclü silah anbarlarının mövud olduğundan da Bayden hamıdan əvvəl xəbərdardır. Ondan da xəbərdardır ki, döyüşə hazırlıq baxımından ABŞ Milli Qvardiyasının ən güclü bölmələri məhz həmin ştatda yerləşir və bu bölmələr da elə qubernator Qreq Abbotta tabedirlər. Bir sözlə, Baydenin hansı durumda olduğu, ABŞ-ın özünü də nə gözlədiyi artıq göz önündədir. Kiçik bir qığılcımın böyük partlayışlara səbəb olacağını amerikalılar yaxşı başa düşürlər. Bir vaxtlar Cənubi Qafqaz regionunda separatizmi dəstəkləyərək, belə partlayış təhlükəsi yaradan ölkənin özündə indi analoji təhlükə var, amma bu təhlükənin meydana gəlməsində, ABŞ-dan fərqli olaraq, region ölkələrinin heç bir rolu yoxdur. Sadəcə olaraq, ABŞ buna “bumeranq effekti” kimi baxmalıdır.

Təsəvvür edəndə ki, Texasa dəstək verən 25 ştatın Milli Qvardiyaları da mümkün qarşıdurmada mərkəzi hakimiyyətlə mübarizəyə qoşula bilər, bu zaman ABŞ üçün nə dərəcədə ağır bir qarşıdurma ola biləcəyini dərk etmək çətin deyil. Bir halda ki, söhbət yaxşı silahlanmış 102 min əsgərdən gedirsə, deməli, Bayden adminstrasiyasının ehtiyatlanmasını başa düşmək olar. Onu da başa düşmək olar ki, ABŞ-da hal-hazırda vətəndaş qarşıdurması istənilən anda baş verə bilər və ümumi narahatçılıq da, mərkəzi hakimiyyətin ehtiyatlanması da bu baxımdan anlaşılandır. Hətta o da anlaşılandır ki, Bayden bundan seçki öncəsi daha çox ehtiyatlanır və bərk qorxur da. Çünki belə bir qarşıdurma onun özü üçün daha acınacaqlı sonluq deməkdir. Ən azından seçki prosesində ona hansı dərəcədə zərbə demək olduğunu başa düşmək üçün dərin düşüncə sahibi olmaq lazım deyil. Qarşıdurmalar yarandığı təqdirdə, Bayden öz ölkəsinə fəlakət gətirən biri kimi yaddaşlara həkk olunacaq və seçki öncəsi də bunun hansı anlam daşıdığı bəllidir.

Son illərdə dünyanın bir çox yerlərində separatizmi alovlandırmaq istiqamətində əlindən gələni əsirgəməyən, parçalanmalara rəvac verən Bayden adminstrasiyası analoji vəziyyətlə indi özü qarşılaşıb. Çinə qarşı Tayvanı dəstəkləyən, Türkiyəyə qarşı PKK/PYD terrorçularını gücləndirən, onların “müstəqil dövlət” planlarına yardım göstərən, dəstək verənlər indi eyni vəziyyətlə, analoji halla qarşılaşıb. Ermənistan silahlı qüvvələrinin, erməni separatçılarının Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə də, 44 günlük müharibədən sonra da Bayden adminstrasiyası erməni separatizmini dəstəkləyib. Həm dəstəkləyib, həm də ölkəmizin ərazisində ikinci bir erməni dövlətini yaratmaq üçün onları ruhlandırıb. Hər il müxtəlif bəhanələrlə separatçılara külli miqdarda vəsaiti okeanın o tayından göndərənlər işğalın davam etməsinə, bəd niyyətlərin reallaşmasına xüsusi şərait yaratmağa çalışıblar. Milyonlarla dollar vəsait göndərərək separatizmi dəstəkləməklə aranı qarışdırmağa çalışıblar. Bununla da kifayətlənməyənlər separatçılara silah göndərməklə, onları hərbi sursatlarla təmin etməklə, vəziyyəti daha da gərginləşdirmək üçün əllərində gələni əsirgəməyiblər. Laçın sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı mövqe sərgiləməklə, Xankəndidəki separatçı rejimin qorunması məqsədilə rəsmi Bakıya təzyiqlər etməklə də separatizmi dəstəkləyiblər. Rəsmi Vaşinqtonun məhz bizim ölkəmizdə, Qarabağda separatizmə dəstək verməsinə barədə yetərincə faktlar var və bu qədər qeyd olunanlardan sonra onları sadalamağa da ehtiyac qalmır, çünki bunlar özləri də separatizmin dəstəklənməsi qənaətinə gəlinməsi üçün kifayət edir. Amma indi elə bir vəziyyət yaranıb ki, məhz bumeranq effekti ilə ABŞ hazırda öz ərazisində analoji təhlükə ilə üzləşib, hansı ki, bu, separatizmi dəstəkləyən Amerika üçün taleyin ironiyasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə