"Avropa Şurası faktiki olaraq xristian klubu formatında çıxış edir" - POLİTOLOQ BİLDİRDİ

"Avropa Şurası faktiki olaraq xristian klubu formatında çıxış edir" - POLİTOLOQ BİLDİRDİ

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyi qəbulolunmazdır". Bu barədə SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olanda Azərbaycan cəmiyyətində belə bir rəylər var idi ki, mötəbər təşkilat sayılan Avropa Şurası Ermənistanın Azərbaycana qarşı işğalının aradan qaldırılmasında konstruktiv fəaliyyət göstərə bilər: "Amma biz 23 il ərzində elə bir şey görmədik. Əksinə Avropa Şurası Azərbaycan 44 günlük müharibə ilə öz ərazilərini işğaldan azad edib suverenliyini təmin etdikdən sonra yeni reallıqları qəbul etməyərək daha çox Fransanın təsiri altında Azərbaycana qarşı qərəzli mövqe tutmağa və ikili standartlar tətbiq etməyə cəhd etdi".

Politoloq qeyd edib ki, 2023-cü ilin 5 oktyabrında da AŞPA Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi: "Orada Qarabağdan könüllü olaraq getmiş Qarabağ ermənilərinin məsələsini bəhanə edərək Azərbaycana qarşı o zaman da sanksiyalar edilməsi ilə bağlı çağırışlar etmişdi. Azərbaycanda guya insan hüquqlarının pozulması və s. kimi absurd məsəlləri önə çəkmişdi. Növbəti bir addım da Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı idi. Təbii ki, Azərbaycan bunu gözləmək fikrində olmadı və nümayəndə heyətimiz operativ olaraq bu əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul etdi. Hesab edirəm bu doğru bir qərardır. Çünki Avropa Şurası əslində digər bir çox Avropa quruluşları kimi bəyan etdikləri dəyərlərin müdafiəçisi kimi yox, faktiki olaraq bir xristian klubu formatında çıxış edir".

O.Qasımov bildirib ki, Avropa Şurasının bu addımı özünə daha çox zərər gətirəcək: "Artıq Avropa quruluşları daha çox Fransa siyasətinin bir alətinə çevrilməkdədir. Fransanın da Azərbaycana düşmən mövqeyini bilirik. O baxımdan hesab edirəm ki, bu yaxınlarda Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin Fransa ilə bağlı yaydığı bəyanatın və orada təklif olunan bir çox ideyaların həyata keçirilməsinin zamanı çatıb".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə