Ölkəmizə qarşı diplomatik müstəvidə hücumların biri digərinin ardınca gəlir və ədalətsiz şəkildə edilən bu fasiləsiz hücumlar əlbəttə ki, təəccüb hissi doğurur. Hər halda, Avropa Şurası Parlament Assambleyasının, yəni AŞPA-nın da Azərbaycan əleyhinə qərəzli mövqe sərgiləməsi, ikili standartlarla ölkəmizə yanaşması başqa bir hiss doğura da bilməz. Çünki Azərbaycanın hüquqi, qanuni yolla və beynəlxalq normaları pozmadan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, ələlxüsus da öz ərazisində terrorçuluğun, separatçılığın kökünü kəsməsi bu yekəlikdə bir qurum tərəfindən qərəzli şəkildə deyil, təqdirəlayiq qarşılanmalı idi. Amma görürük ki, AŞPA bunun əksinə olaraq, Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edir və bu həmin təşkilat üçün çox utancvericidir.
Sözsüz ki, Azərbaycanın səsinin dondurulması təşəbbüsü ilə AŞPA-nın çıxış etməsinin səbəbi var, bu, artıq hamıya bəllidir. Hamıya bəllidir ki, Azərbaycan bir müstəqil, suveren dövlət olaraq, müstəqil də siyasət yürüdür. Məsələn, Ermənistan kimi, guya müstəqil olan dövlətdən tamamilə fərqli olaraq, heç bir qüvvənin, heç bir təşkilatın, heç bir fövqəl dövlətin belə tapşırığı ilə hərəkət etmir, heç bir asılılığı da yoxdur. Məhz elə bu fonda da çoxdandır müşahidə edilir ki, Azərbaycanın belə bir mövqeyi heç də hamını qane etmir. Əksinə, bir çoxlarını narahat edir. Hətta bunun qıcıq doğurduğunu belə desək, yanılmarıq. Hər halda, rəsmi Bakıya qarşı ədalətsiz yanaşmalar özü də deyilənləri təsdiq edir. Müxtəlif sanksiyalar hədəsi, yaxud hansısa vasitələrə əl atmaqla qorxutmaq istəyi hansısa dairələrdə təsir variantı kimi qəbul edilir, baxmayaraq ki, bunların heç birini ölkəmiz, dövlətimiz heç hesaba da almır. Ona görə ki, əvvəla bunlar əsassızdır, qərəzli yanaşmadır və heç bir mahiyyət də kəsb edə bilməz. Digər tərəfdən də hər birinin, hər bir təklifin, təşəbbüsün belə ancaq kağız üzərində qalacağı da çoxdan bəllidir. Yəqin ki, AŞPA dediyimiz qurumun bu vaxta qədər hansısa qərarının real müstəvidə hansısa proseslərə təsir etdiyinin müşahidə edilməməsi fonunda nə demək istədiyimiz hər kəsə aydındır.
Maraqlıdır, Azərbaycanın torpaqlarının erməni separatçıları, terrorçuları tərəfindən işğal edilməsinə, ərazilərinə təcavüz edilməsinə, silahlı hücum, ölüm, əsirlik və işgəncə təhdidi fonunda azərbaycanlıların öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmasına, didərgin düşmələrinə görə AŞPA nə etdi ki, indi hansısa iddia ilə atılıb düşüb ortaya? Xalqımıza məxsus ərazilərin düz 30 il müddətində işğal altında qalmasına göz yuman həmin bu qurum sonradan sülh təşəbbüsü ilə də olsa çıxış etdimi? Etmədi. Amma digər beynəlxalq təşkilatların, eləcə də həmin bu təşkilatın da sülh təşəbbüsü ilə çıxış etməsini, münaqişənin həllinə töhfə verməsini ölkəmiz, xalqımız səbrlə çox gözləməli oldu. Fəqət heç bir gözlənti özünü doğrultmadı. Onillər boyu torpaqlarımız işğal altında qaldı, məcburi köçkünlər də öz ata-baba yurdlarından kənarda yaşamaq məcbuyyətində oldular. Artıq keçmişdə qalan problemi də Azərbaycan öz gücü, öz potensialı hesabına həll etdi və həm torpaqlarını işğaldan azad etdi, terrorçulardan təmizlədi, həm suverenliyini tam bərpa etdi, həm də məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması təmin edilməkdədir. Bunun üçün əvvəla, ermənilər tərəfindən basdırılan minalardan ərazilərimiz təmizlənir, həm də ermənilərin dağıtdıqları infrastruktur tamamilə bərpa edilir, hətta bir çox ərazilərimizdə yenidən qurulur, yaşayış məskənləri, şəhərlər, kəndlər salınır. Bununla yanaşı, rəsmi Bakı çoxdandır sülh təşəbbüsü ilə çıxış edir və Ermənistan tərəfinin cavabını gözləyir. Yaxşı, bəs sülh təşəbbüsünü irəli sürən ölkəmizdən indi nə istənilir və Azərbaycanı hədəfə almaq hansı normalara sığışa bilər? Bunun adı qərəzdən başqa nə ola bilər axı?
Xatırladaq ki, Azərbaycan sözügedən təşkilata 2001-ci ildən üzv olub və bu vaxta qədər də biz azərbaycanlılar şahidi olmuşuq ki, ermənipərəst qüvvələr həmin təşkilatdan yalnız ölkəmizə qarşı vasitə olaraq istifadə ediblər. Onun da şahidi olmuşuq ki, AŞPA dediyimiz qurum sadəcə olaraq, islamofob, hətta türkofob qüvvələrin düşərgəsi kimi fəaliyyət göstərib. Cidanı çuvalda gizlətmək olmadığı kimi, bu reallığı və həqiqəti artıq gizlədə bilməyən AŞPA indi açıq-aşkar ölkəmizə, Azərbaycana qarşı qərəzli mövqeyini də ortaya qoyub. Amma deyəsən bu qərəzli mövqeyinə, cılızlığına görə bu boyda təşkilat imicini heçə endirdiyini hesaba almaq istəmir və təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünya ölkələri üçün həmin təşkilatın nüfuzunun artıq hansı səviyyəyə endiyini müşahidə etmək kifayət edir ki, belə bir qənaətə gələk.
Sözsüz ki, AŞPA tərəfindən məhz Azərbaycanın səsinin dondurulması təşəbbüsünün insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bunun əksini fərz etmək belə sadəlövhlük olardı. Açıq şəkildə görünür ki, yüxarıda qeyd etdiyimiz kimi, müstəqil siyasət yürüdən və suveren ölkə olaraq heç bir asılılığı olmayan Azərbaycan həmin təşkilat tərəfindən hədəfə alınıb və həmin qurumun məlum təşəbbüsü ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən ölkəmizə qarşı bir qisas cəhdi kimi ancaq qiymətləndirilə bilər. Belə bir cəhd isə təkcə AŞPA üçün yox, istənilən beynəlxalq təşkilat üçün çox rüsvayçı bir haldır. Hər halda, hansısa qüvvələrə, ələlxüsus islamofob, türkofob qüvvələrə alət olmaq bir beynəlxaq təşkilatın adına da, imicinə də yaraşdırıla bilməz.
Biz hamımız yaxşı bilirik ki, AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndi. Bu beynəlxalq təşkilat əsrin üçdə birinə yaxın müddət ərzində işğal faktına da, insan tələfatına da, faciələrə də göz yumdu. Həmin müddət ərzində Ermənistanın səsinin dondurulması barədə AŞPA daxilində müzakirələr belə aparılmadı. Bəs indi niyə Azərbaycanla bağlı belə bir təşəbbüslə çıxış edilir? Axı beynəlxalq müstəvidə belə ədaləti bərpa edən Azərbaycan bununla BMT kimi bir mötəbər təşkilatın məlum dörd qətnaməsini öz gücü, öz potensialı hesabına reallaşdırmış oldu. AŞPA kimi bir beynəlxalq təşkilat BMT qətnaməsini doğru hesab etmir, yoxsa həmin qətnaməni Azərbaycanın reallaşdırmasını? İstənilən halda sözügedən qurumun tərzini belə məntiqi hesab etmək mümkün deyil və bu o deməkdir ki, AŞPA, sadəcə olaraq, ermənipərəst, islamofob, türkofob qüvvələrin təsiri altında qisas niyyətli qərəzli mövqe sərgiləyir. Sual oluna bilər ki, belə bir əhəmiyyətsiz, məlum hadisələrə də heç bir töhfə verməyən, üstəlik, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, qisas niyyəti olan bir təşkilatın nəinki Azərbaycanın səsinin dondurulması təşəbbüsü ilə çıxış etməsi, ümumiyyətlə, həmin bu AŞPA adlı təşkilatın özündə təmsil olunmaq belə bizim üçün hansısa əhəmiyyət kəsb edə bilərmi? Əlbəttə ki, bilməz və hər halda bunu həmin o AŞPA vaxtında nəzərə alsa yaxşı olar, çünki Azərbaycan həmin qurum üçün daha maraqlı tərəfdir...
Avropa Şurası ümumiyyətlə, Ermənistanın və digər düşmənlərimizin bərqərar olduğu məkanda öz mövqeyimizi bildirməkdən, Azərbaycan reallıqlarını Avropa ailəsinin diqqətinə çatdırmaqdan və lazım gələndə müdafiə olunmaqdan başqa bizə nə üçün lazım ola bilərdi? Biz həmin o platformaya torpaqlarımız işğal altında olduğu zaman ehtiyac duya bilərdik ki, haqq səsimizi eşitsinlər, halbuki, heç ehtiyac olduğu zaman belə bir işə yaramadı. Dağlıq Qarabağ adlı ərazi vahidi mövcud olmadığı halda, bu termindən AŞPA istifadə edirsə və bununla da Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırsa, deməli, heç indi də bir işə yaramır və belə olan halda, bizə belə bir qurum lazım da deyil. Əslində, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfi mülki əhalini hədəfə alaraq, Gəncədə, Bərdədə terror törətdiyi zaman, elcə də Azərbaycanın üzləşdiyi mina terroru fonunda 300-ə yaxın vətəndaşımızın həmin mina partlayışlarının qurbanına çevrilməsi zamanı AŞPA bu terrorçuluqları pisləyən bircə dənə də olsa məruzə ilə çıxış etmədisə, deməli, bu qurum bizə heç zaman lazımlı olmayıb. Əksinə, hər zaman ermənipərəstliyi, erməni lobbisinin təsiri altında olması özünü aydın şəkildə biruzə verib.
Avropa Parlamentinə seçkilərin yaxınlaşması fonunda AŞPA tərəfindən atılan addımın nədən qaynaqlandığını başa düşmək çətin deyil. Yəni, erməni lobbisinin təsirindən ehtiyatlanıldığı da göz önündədir və bütün bunların arxasında həmin lobbinin olması da danılmazdır və qisas niyyəti də özünü göstərir. Artıq erməni lobbisinin maliyyəsinin, eləcə də təşviqatının seçkilərə təsirindən çəkinildiyi də özünü biruzə verir. Eyni zamanda, AŞPA kimi bir beynəlxalq qurumda təmsil olunan siyasətçilərin məhz Fransanın, şəxsən Emmanuel Makronun təsiri altında olsuğu, həmin təşkilatda fransızların daha çox olduğu da bəllidir və bütün bu məqamlar məsələnin kökündə qisas niyyətli qərəzli mövqeyin səbəbini bəlli edir. Hər halda, ədalətə, haqqa, hüquqa deyil, belə bir vəziyyətə, belə bir şəraitə görə addım atan bir qurumda fəaliyyət də heç Azərbaycana gərəkli deyil və çox güman ki, ölkəmizin nümayəndə heyəti də həmin qurumda öz fəaliyyətini dayandırmalı ola bilər. Yəqin ki, qatı ermənipərəst mövqe nümayiş etdirən Fransaya Almaniyanın qoşulması, onların tandem şəklində çıxış etmələri, almaniyalı deputat Frank Şvabenin də bu çirkin təşəbbüsün, qisas niyyətli qərəzli mövqeyin önündə getməsi ölkəmiz tərəfindən nəzərə alınandır və bu səbəbdən də ölkəmizin həmin təşkilatda fəaliyyətini dayandırması belə artıq gözləniləndir. Amma Fransa da, ona dəstək olan Almaniya da, şəxsən Emmanuel Makronun özü də, digər beynəlxalq təşkilatlar kimi, elə AŞPA da bilsin ki, suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsplərinə istinad edərək, özünü haqlı yolda görür və bu yoldan da dönmək niyyətində, fikrində deyil...
AŞPA-da hansısa ölkənin səsvermə hüququnun dondurulması yenilik sayılmır və bilirik ki, müxtəlif vaxtlarda bu “metoddan” üzv ölkələrə qarşı qərəzli şəkildə istifadə edilib. Məsələn, Türkiyəyə də, Rusiyaya da qarşı belə bir hal müşahidə edilib. Rusiyanın səsvermə hüququnun dondurulmasından düz iki ilə yaxındır vaxt keçib, amma bundan ruslar heç qətiyyən narahat da görünmürlər. Belə demək mümkünsə, AŞPA tərəfindən həmin ölkənin səsvermə hüququnun dondurulması qərarına Rusiya tərəfindən məhəl belə qoyulmur. Səbəb də odur ki, AŞPA-nın bir növ, məşvərətçi, məsləhət verən bir qurum olduğunu hər kəs bilir və onu elə belə də qəbul edir. Artıq belə qəbul edilir ki, qurumun hərhansı bir qərarının heç bir təsir imkanı qətiyyən yoxdur. Sadəcə olaraq, AŞPA tərəfindən bu şəkildə “atılan addımlar” bir növ, ictimai tənbeh kimi başa düşülür, amma qisas niyyətli olduğu da təkzib edilmir. Elə Türkiyə barəsində də 15 il öncə belə mövqe sərgilənəndə bunun məhz qisas niyyətli olduğunu dərhal hamı başa düşmüşdü. Məhz həmin dövrdə müstəqil xarici siyasət kursunu uğurla genişləndirməyə başlayan Türkiyəni guya cəzalandırmaq, apardığı siyasətə görə sanki qisas almaq niyyəti ilə AŞPA tərəfindən bu tip qərəzli mövqe sərgilənmişdi. Hətta qurum tərəfindən Türkiyəyə qarşı çox sərt çıxışların olduğunu da hamı müşahidə edirdi və diqqətlə izləyirdi. Müxtəlif iddialarla Türkiyəni ittiham etməyə qalxan avropalı siyasətçilər qardaş ölkənin inkişafına, müstəqil siyasət yürütməsinə mane olmaq niyyətində idilər, amma buna nail ola bilmədilər. İndi də eyni şəkildə Azərbaycanın müstəqil siyasət yürütməsindən, heç bir asılılığı olmadan sərbəst şəkildə mövcud olmasından həmin qurum narahatdır və buna görə də qeyd etdiyimiz qisas niyyətli qərəzli mövqe sərgiləməklə, guya ölkəmizi tənbeh etmək qərarına gəlib. Doğrudur, AŞPA-nın belə bir qərəzli mövqeyi ölkə ictimaiyyəti tərəfindən heç də müsbət qarşılanmır və qınanılır. Amma rəsmi Bakı sözügedən qurumun qərəzli mövqe fonunda qərarının heç bir mahiyyət kəsb etmədiyini çoxdan qəbul edib. Üstəlik, təşkilat tərəfindən qəbul olunan belə bir qərar Azərbaycan üçün hər hansı bir iqtisadi və siyasi təhlükə yaratmır və AŞPA-nın qəbul etdiyi hansısa qərarın işlək icra mexanizmi belə yoxdur. Deməli, bu qərar elə qisas niyyətli qərəzli mövqe kimi də yadda qala bilər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB