Fransanın mövqeyi artıq çoxdandır ki, bəllidir və rəsmi Parisin Azərbaycana qarşı əsassız iddiaları da, həmin ölkə Senatının kağız üzərində qalan qətmanələri bir-birinin ardınca qəbul etməsi də, ölkəmizə qarşı qərəzin, eləcə də regionla bağlı məkrli niyyətin təzahürüdür. Fransa Senatı bu dəfə də Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə Cənubi Qafqazda sülhə qarşı olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Təsdiqləmiş oldu ki, bölgədə sülh, əmin-amanlıq Fransanı qətiyyən maraqlandırmır, əksinə, həmin Avropa ölkəsi eskalasiyada maraqlıdır və itgilərini kompensasiya etmək üçün Cənubi Qafqaza burnunu soxur və bu zaman ermənilərdən, Ermənistandan alət olaraq istifadə edir.
Bu dəfə də Senatın qəbul etdiyi qətnamədə yer alan iddialar və çağırışlar, hər dəfə olduğu kimi, qətiyyən reallığı əks etdirmədi. Dərhal bəlli oldu ki, bu dəfə də Makron və onun hakimiyyət komandası ancaq ermənilərin, Ermənistan tərəfinin mövqeyindən çıxış edir və bununla belə öz məqsədləri üçün bütün vasitələrə, yalana da, böhtana da əl atmaqdan çəkinmir. Eyni zamanda, bir daha aydın oldu ki, Senat qətnamə qəbul edərkən heç bir normaları, reallıqları belə hesaba almır, yalan iddialarla çıxış etməyi məqbul hesab edir və hər nə yolla olur-olsun Azərbaycanı hədəfə almağa çalışır. Bununla da rəsmi Bakıya qarşı təzyiq niyyəti ortaya çıxır və həmin təzyiqin fonunda da Parisin öz maraqları naminə daha məkrli planlar üzərində çalışdığı öz təsdiqini tapır.
Hər dəfə Fransa tərəfi, həmin ölkə Senatı Qarabağ üzərindən iddialar irəli sürür. Daha dəqiq desək, artıq keçmişdə qalan Qarabağ məsələsini canlandırmaq üçün əldən-ayaqdan gedir. Dərhal hiss olunur ki, Paris qətiyyən mövcud reallıqla, Qarabağ məsələsinin artıq keçmişdə qalması ilə, Azərbaycanın öz gücü, öz potensialı hesabına hər şeyi həll etməsi ilə barışmaq istəmir. Əksinə, ermənilərin özlərinin belə barışmaqda olduğu məsələləri yenidən gündəmə daşımaqla, eskalasiya yaratmağa çalışır. Təsadüfi deyil ki, Fransa, daha dəqiq desək, həmin ölkə Senatı özünü Ermənistan parlamentinin Avropa ofisi kimi aparır və orada təmsil olunanlar ermənidən betər erməni kimi davranırlar. Azərbaycanın Qarabağ ərazilərini öz xoşları ilə tərk edən hayların artıq bir hissəsinin İrəvanı da tərk etməsi, digərlərinin mühacirətə hazırlaşması, bir qisminin də Ermənistanda yaşamaq qərarına gəlməsinə baxmayaraq, Fransa Senatı həmin ermənilərin Qarabağa qayıtmasını gündəmə daşıyır, onların hüquqlarının müdafiəsinin vacibliyi məsələsini az qala dünyanın ən vacib məsələsi, qlobal məsələ kimi müzakirəyə çaxarır, üstəlik, kağız üzərində qalacaq da olsa, bir qətnamə də qəbul edir.
Ötən il Azərbaycanın apardığı 20 sentyabr tarixli anti-terror tədbirlərini mütəmadi olaraq, fransızlar pisləyirlər və bu barədə danışıqları da bitmək bilmir. Öz problemlərini deyil, Cənubi Qafqazdakı vəziyyəti hər dəfə müzakirəyə çıxaran Fransa Senatı bir növ, bölgədən bərk yapışan kimi görünür. Neokolonial siyasət aparmaları fonunda bütün dünyanın qınağına çevrilən, Afrika ölkələrində uğursuzluğa düçar olan, sonra da oradan biabırçılıqla, rüsvayçılıqla qovulan, ölkə daxilində anqlo-saksonlarla bağlı problemləri olan Fransanın elə bil ki, Ermənistandan, erməni bacılarından başqa dərdi-səri yox imiş. Əslində, Fransanın dərdi də, problemi də yetərincədir və bu Avropa ölkəsi digər regionlardakı itgilərini Cənubi Qafqazla kompensasiya etmək və ümumiyyətlə həmin bölgəyə soxulmaq niyyətindədir və bunun üçün də Ermənistandan, ermənilərdən alət olaraq istifadə edir. İndi ermənilərin bəziləri də elə zənn edirlər ki, guya fransız bacıları onlar üçün dəridən-qabıqdan çıxırlar. Rəsmi Paris isə məhz keçmişdə qalan Qarabağ məsələsini yenidən gendəmə daşımaq planı ilə Rusiyanın bölgədə olan mövcudluğunu əlindən almaq, siyasi balansı erməni baş nazir Nikol Paşinyanın, onun hakimiyyət komandasının, dolayısı ilə isə Fransanın xeyrinə dəyişmək niyyəti güdür.
Sözsüz ki, Fransa Senatının qəbul etdiyi qətnamənin absurd olduğunu bütün dünya ictimaiyyəti də, beynəlxalq qurumlar da, hətta fransızlar özləri də yaxşı bilirlər. Yaxşı bilirlər ki, Azərbaycan anti-terror tədbirlərini beynəlxalq hüquqla tanınmış öz ərazisində aparıb və bunun üçün nə Ermənistandan, nə Fransadan, nə də hansısa bir ölkədən, yaxud beynəlxalq təşkilatdan icazə alası deyildi. Bilirlər ki, aparılan əməliyyatlar öz suverenliyinə qarşı təhdid olan separatçılara qarşı olub və bu məsələdə də Azərbaycan haqlıdır. Separatçıları, yəqin ki, hansısa bir ölkənin qəbul edəcəyini təsəvvür belə etmək mümkün deyil və bu baxımdan ölkəmizin apardığı əməliyyatlarda qeyri-adi heç nə yoxdur ki, bunu kimsə bayraq edərək vaxtaşırı qətnamə qəbul etsin. Hər halda, Fransa bunu, yəni separatçılığı qəbul edirsə, buyursun həmin o separatçıları öz torpaqlarında məskunlaşdırsın. Amma biz yaxşı bilirik ki, Fransanın bir neçə şəhər meri separatçıların da yox, sıravi ermənilərin özlərinin həmin şəhərlərdə məskunlaşmaq arzusunun belə peyda olduğu zamanda tez bəyanat verərək, bunun mümkünsüzlüyü barədə erməni cəmiyyətinə xəbərdarlıq etmişdi. İndi həmin ölkə Senatı nədən dəm vurur?
Qarabağ ərazilərini erməni əsillilərin könüllü, yaxud da Ermənistan hakimiyyətinin, eləcə də qondarma rejimin təkidi ilə tərk etdiyi artıq hamıya bəllidir. O da bəllidir ki, həmin ermənilər əraziləri tərk etdikləri zaman onlara qarşı bircə dənə də olsa təzyiq, yaxud zor tətbiq edilməyib. Əksinə, əvvəla, rəsmi Bakı tərəfindən onlara getməmək, Azərbaycan vətəndaşlığını qəbul edərək həmin ərazilərdə yaşamaq təklifi edilib. Təhlükəsizliklərinin təminatı barədə də bildirilib. Üstəlik, Azərbaycanın digər vətəndaşları ilə eyni dərəcədə vətəndaşlıq vəd edilib, amma onlar bütün bunlara məhəl qoymadan ərazilərimizi, 30 il müddətində yaşadıqları Azərbaycan ərazilərini tərk edib, Ermənistana üz tutublar. Bu zaman onlar ötən əsrin 90-cı illərinin əvvəllərində erməni vəhşiliyi, ölüm təhdidləri, işgəncə, əzab fonunda ayaqyalın, başıaçıq öz dədə-baba yurdlarını keçilməz dağ yolları ilə tərk edən, buna görə də ayaqları donan azərbaycanlılar kimi yox, xüsusi avtomobillərində magistral yollarla gediblər. Hətta gedərkən onlara qarşılaşdığı problemlərlə bağlı azərbaycanlılar müxtəlif yardımlar da ediblər. Bu barədə qeyd olunanlar video materiallarda öz əksini tapır, üstəlik, Avropa siyasətçiləri də öz səfərlərində bunun canlı şahidləri olublar. Amma Fransa Senatı özünü korluğa, karlığa qoyub və orada təmsil olunan fransızlar özünü erməni bacılarının müdafiəçisi kimi göstərməkdən yorulmaq bilmirlər və onları həqiqətlər, reallıqlar qətiyyən maraqlandırmır. Çünki niyyətləri tamamilə başqadır və onlar çirkin niyyətlidirlər...
Həmçinin Fransa Senatı Bakıda həbsdə olan separatçılar barədə də narazılıq ifadə edir, halbuki, onlar Azərbaycanın qanunvericiliyini, o cümlədən, beynəlxalq hüquq normalarını pozublar, eləcə də müharibə cinayətləri törədiblər və onların həbs edilməsində beynəlxalq hüquqa zidd heç nə yoxdur. Sual oluna bilər ki, dörd-beş nəfər separatçıya, cinayətkara görə bu yekəlikdə kağız parçasını qətnamə deyib qəbul edərkən, Fransa Senatı heçmi yada salmadı ki, ermənilər bu vaxta qədər minlərlə azərbaycanlını, özü də cinayətkarı yox, dinc sakini məhz Azərbaycan ərazisindən götürüb aparıb və hələ də onların taleyi haqqında məlumat belə yoxdur? Yəni heç yada da düşmədimi ki, ermənilər tərəfindən aparılan minlərlə azərbaycanlı barəsindən Ermənistan tərəfi danışmaq belə istəmir? Bəlkə rəsmi Paris fərqində deyil, amma bütün dünya fərqindədir ki, erməni əsilli separatçılar, cinayətkarlar Azərbaycanda sağ-salamatdırlar və mütəmadi olaraq, onlar barəsində həm ailə üzvlərinə, həm də geniş ictimaiyyətə məlumat verilir, amma bizim soydaşlarımızın öldüsü, yaxud qaldısı barədə rəsmi İrəvan bir kəlmə demir, və ya deyə bilmir. Niyə bunu da öz qətnamısində qeyd etməyib həmin o Fransa Senatı və həmin qurumun üzvləri öz qərəzli mövqeyinə görə heçmi utanmaq niyyətində deyillər? Görünür ki, belə bir niyyətləri yoxdur və bu da onu deməyə əsas verir ki, bütün bunları bilən, ancaq etiraf etməyən Fransa Senatının da, rəsmi Parisin də məqsədi Qarabağın və erməni əhalisinin üzərindən bölgədəki siyasi oyunlarını davam etdirməkdir.
Heç kim üçün sirr deyil ki, artıq bir müddətdir Fransa Ermənistanın silahlandırılmasını açıq şəkildə həyata keçirməkdədir. “Bastion” texnikası artıq Ermənistana çoxdan daşınıb. İrəvan və Paris arasındas imzalanan müqaviləyə əsasən Fransa Ermənistana “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, eləcə də Ground Master 200 radar sistemi veriləcəyi də etiraf olunur. Fransa Senatı hücum silahı olan “Sezar” artilleriya sistemlərinin verilməsi barədə də hökumətə çağırış edib. Hindistanın Ermənistana göndərdiyi ağır texnika və hücum silahlarının arxasında da Fransanın dayandığı barədə də artıq informasiyalar üzə çıxıb. Bütün bunlar nə deməkdir? Fransa nə etmək niyyətindədir? İşğalçı bir ölkəni silahlandırmaq, bplgədə gərginliyi artırmaq nəyə hesablana bilər? Hər halda, sülhə, əmin-amanlığa hesablana bilməz. Deməli, Fransa Senatının bəyanatında da, qətnaməsində də çirkin niyyətlər var və bunu ermənilər nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşı olar. Çünki, onların belə silahlanmasına, təxribatçılıq hərəkətlərinə, fransılar yox, özləri cavab verməli olacaqlar. Ermənistanı poliqona çevirmək niyyətlərindən Fransa qətiyyən əl çəkmək niyyətində görünmür, baxmayaraq ki, buna görə zərbəni Ermənistan almalı olacağı bəlli məsələsir. Deməli, rəsmi Parisin ermənipərəst mövqeyində də, Fransa Senatının məsuliyyətsiz və əsassız qətnamələrində də çirkin niyyətlər var...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB