"Dini siyasiləşdirmək istəyənlər üçün ölkəmizdə yer yoxdur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Dini siyasiləşdirmək istəyənlər üçün ölkəmizdə yer yoxdur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Çox təəssüf ki, dünyada dini yanaşmalar siyasiləşdirilir və islam dininə qarşı ikili standartlardan yanaşılmaqda davam olunur. Bu gün Qərb dövlətləri islam dini ölkələrin ictimai-siyasi həyatına müdaxilə etmək üçün din mövzusundan istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Qərb islam dini ölkələrində müharibələr törədir, dini-mədəni irs dağıdılır, günahsız insanlar öldürülür və öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar: “O cümlədən, belə haqsızlıqlarla Azərbaycan xalqı da qarşılaşmışdır. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan bu ərazilərdəki islam dininə məxsus bütün müqəddəs yerləri təhqir edərək, yerlə yeksan etmişdir. Ermənistanda, öz ata yurdlarında yaşayan azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçirilmiş, tariximiz və dinimizə aid bütün abidələr məhv edilmişdir.

Azərbaycan bu illər ərzində azərbaycanlılara, o cümlədən islam dininə məxsus abidələrin monitorinqinin aparılması ilə bağlı YUNESKO-ya və digər beynəlxalq təşkilatlara dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir reaksiya verilməmişdir. Bu gün Azərbaycan öz ərazilərində suverənliyi bərpa etdikdən sonra Qərb, xüsusilə YUNESKO ermənilərin abidələri ilə maraqlanmağa və monitorinqin aparılmasına çalışırlar. Azərbaycan yenə də beynəlxalq ictimaiyyət üçün açıqdır və YUNESKO-nun monitorinqi Ağdamdan və ermənilərin dağıtdıqları digər ərazilərdən başlanılmasını təklif etsə də, onlar ancaq ermənilərin dini abidələri ilə maraqlı olduğunu bildirmişdir. Təbii ki, bu da dinin siyasiləşdirilməsi və ikili standartlardan yanaşmasının davamıdır. Onlar üçün islam dininin abidələrini məhv edilməsi və təhqir olunması qəbul ediləndir. Amma xristian abidələri toxunulmaz olmalıdır. Təbii ki, biz öz dinimizə və tariximizə dəyər qoydurmağı bacarırıq. Bunu 44 günlük Vətən müharibəsində və 20 sentyabrda keçirilmiş anti-terror tədbirlərində sübut etmişik. Azərbaycan tolerantlıq diyarıdır. Ölkəmizdə bütün dini konfensiyalara bərabər münasibət bəslənilir və din siyasi məqsədlər üçün istifadə olunmur. O cümlədən dini siyasiləşdirmək istəyənlər üçün də ölkəmizdə yer yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə