"Sülh prosesinin gecikməsi Azərbaycanın səbr kasasını daşırır" - ŞƏRH EDİLDİ

"Sülh prosesinin gecikməsi Azərbaycanın səbr kasasını daşırır" - ŞƏRH EDİLDİ

“Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti 30 ilə yaxındır davam edir, hazırda da yekun sülh əldə edilməyib. Qeyd etmək lazımdır ki, 44 günlük İkinci Qarabağ Müharibəsi və lokal antiterror tədbirləri də hələ yeni bitib. Belə olduğu təqdirdə iki ölkə xalqları arasında hələ inam tam bərpa edilməyib, əlaqələr qurulmayıb”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, dövlətlər arasında rəsmi və qeyri-rəsmi təmaslar olsa da bu münasibətlər də arzuolunan səviyyədə qurulmayıb: “Ortada bir sülh prosesi var, sərhədlərin delimitasiya və demarkasiya komitəsinin görüşləri keçirilir. Amma faktiki olaraq arzuolunan səviyyədə bir irəliləyiş yoxdur. Belə olan təqdirdə sadə insanların, ictimaiyyətin bu yaxınlaşmaya isti baxmaması başa düşüləndir. Sərhədlərin açılmasını da özləri, ailələri və dövlətləri üçün təhdid hesab edirlər. Çünki iki ölkədə də uzun müddətdir aparılan bir siyasi xətt var. Xüsusilə Ermənistan tərəfinin illərdir beyinləri zəhərlənib, azərbaycanlılar onlara tamam fərqli təqdim edilib. Belə olan halda da onlarda yaranan qorxu və xofu başa düşmək olar”.

T.Rzayev bildirib ki, sülh üçün münasib şərait olsa da, xalqların bir araya gəlməsi və qarşılıqlı inamın yaranması üçün hələ kifayət qədər iş görülməyib, bu tezlikdə də nəsə gözləmək çətindir: “Bu baxımdan verilən bu reaksiyanı anlamaq olar. Amma sərhədlərin açılması, kommunikasiya xətlərinin bərpa edilməsi kimi məsələlər hazırda prioritet təşkil edir. Bu məsələlərin tez bir zamanda həll edilməsi Azərbaycan üçün arzuolunandır. Prosesin gecikməsi də Azərbaycan tərəfinin səbr kasasını daşırır. Əslində burada dövlətlərarası münasibətlər işi tənzimləməlidir. İki ölkə arasında sülh müqaviləsi imzalansa idi artıq mədəniyyət xadimləri, ziyalılar səviyyəsində görüşlərin keçirilməsi, qarşılıqlı inam və etimad mühitinin yaradılması təmin edilə bilərdi. Bu vaxta qədər isə ictimaiyyətdə belə reaksiyanın olmasını təbii hesab edirəm. Müvafiq işlər görüldükdən sonra bu aradan qalxa bilər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə