“ABŞ müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli münasibət göstərir” - POLİTOLOQ ŞƏRH ETDİ
“ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanla bağlı bölməni oxuyan hər kəs deyə bilər ki, bu hissə əsassız, reallıqla heç bir əlaqəsi olmayan, qərəz dolu iddialardan ibarətdir. Səbəb isə məlumdur. Azərbaycanın müstəqil xarici siyasət kursu ABŞ-ın maraqlarına cavab vermir, söhbət təkcə Azərbaycandan da getmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, ABŞ hər zaman müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli, ikili standartlara əsaslanan münasibət göstərir: “Şübhə yoxdur ki, Azərbaycan dünyada dini dözümlülüyün ən yüksək səviyyədə olduğu nadir ölkələrdən biridir. Cəmiyyətimizdə insanlar inancına və ya əksinə, inancsızlığına görə ikili standartlara, təqib və təzyiqlərə məruz qalmırlar. Əksinə müxtəlif coğrafiyalarda sırf dini inancına görə təqiblərə, repressiyalara məruz qalan şəxslər üçün Azərbaycan hər zaman bir sığınacaq yeri olub. Bunun ən bariz nümunəsi kimi, Azərbaycandakı dağ yəhudiləri icmasını göstərmək olar. Ölkə əhalisinin əksər hissəsini islam dininə etiqad edənlər təşkil etsə də Azərbaycanda hər kəs digər dinlərə də hörmətlə yanaşır. Ölkəmizdə 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə qeydiyyatda olan dini qurumlardan 37-si isə qeyri-islam təmayüllüdür.
Bütün bunları bilə-bilə ABŞ Dövlət Departamentinin heç bir fakt ortaya qoymadan Azərbaycanı din azadlığını pozan ölkələr siyahısına salması sözsüz ki, qərəzin göstəricisidir. Təsəvvür edin ki, uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlayan, dini obyektləri darmadağın edən Ermənistan qalıb bir kənarda, tolerant ölkə kimi ad çıxarmış, multikultural dəyərləri hər zaman üstün tutan Azərbaycan din azadlığını pozan ölkələr siyahısına salınır.
Maraqlıdır ki, ABŞ Dövlət Departamenti bunu 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətlə əsaslandırır. Halbuki antiterro tədbirləri zamanı və ondan sonra da mülki ermənilərə hər hansı zərər dəyməyib, hər hansı bir təzyiq göstərilməyib, əksinə vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə əvvəlki kimi yaşaya biləcəkləri deyilib. Həmçinin ermənilərin ərazilərimizi tərk etməsindən sonra belə ərazidə olan hər hansı dini, maddi-mənəvi abidələrə də hər hansı zərər vurulmayıb. Hesabatın qərəzli və həqiqəti əks etdirməməsinin əsas səbəbi isə Azərbaycana aid hissəsini hazırlayan şəxslə bağlıdır. Söhbət dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyandan gedir. O, ABŞ Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub. Bundan başqa, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Yəni hesabatın qeyri-obyektivliyinə dəlalət edən faktorların kifayət qədər çox olması həm də bu hesabatı tərtib edənlərin kimliyi ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB