Sankt-Peterburqdakı görüşlə bağlı DETALLAR – TƏHLİL

Sankt-Peterburqdakı görüşlə bağlı DETALLAR – TƏHLİL

Dəfələrlə şahidi olmuşuq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada keçirilən tədbirlərdə, görüşlərdə iştirak etməkdən boyun qaçırıb və iştirak da etməyib. Bunu hətta nümayişkaranə şəkildə etdiyi də bəlli idi. Bəlli idi ki, Qərbə göstərmək üçün Rusiyaya getməkdən, tədbirlərdə, görüşlərdə iştirak etməkdən imtina edir və özünün də, ölkəsinin də Rusiyanın tərəfində olmadığını göstərməyə çalışırdı. Hətta bununla müəyyən dividentlər əldə edəcəyi qənaətində idi, amma hadisələrin gedişi fərqli məqamları ortaya çıxardı və Nikol Paşinyan bu dəfə Sankt-Peterburqa yollanmalı oldu.

Məlum olduğu kimi, sanksiyalara məruz qalan malların əhəmiyyətli hissəsi Ermənistan vasitəsilə Rusiyaya ixrac edilir. Doğrudur, Rusiya bununla həmin o sanksiyalara məruz qalan mallarla təchiz olunur və sanksiyaların arzuolunmaz nəticələrindən yaxa qurtara bilir. Amma ermənilər də etiraf etməlidirlər ki, sanksiyalara məruz qalan malların Rusiyaya Ermənistan vasitəsi ilə ixrac edilməsi Ermənistanın özü üçün də maraqlıdır. Çünki bu yolla Ermənistan müvafiq dividentlər əldə edə bilir. Diqqətə çatdıraq ki, sanksiyalara məruz qalan malların Ermənistan vasitəsi ilə Rusiyaya ixrac edilməsi hər iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən illə müqayisədə 45 faiz artmasına səbəb olub. Hər halda, iqtisadiyyatı yox dərəcəsində olan ölkə üçün bunun nə demək olduğunu müəyyən etmək heç də çətin deyil. Yəqin, elə Paşinyan hakimiyyəti də bunun fərqindədir və başa düşür ki, Rusiya ilə münasibətləri korlamaq Ermənistan üçün heç də arzuolunan nəticələr vəd etmir. Çox güman ki, erməni baş nazirin bu dəfə daşı ətəyindən tökərək, Rusiya yollanmasının səbəblərindən biri də bu imiş. Lakin qeyd edək ki, Paşinyanın Rusiyaya yollanmasının səbəbi təkcə bundan ibarət deyil və səbəblər yetərincədir.

Görünür, indi erməni elitası bəzi məsələlərlə bağlı tərəddüd içərisindədir. Əvvəla, Ukraynanın əks-hücumunu Rusiyanın cilovlaya bilməsi və rusların uzunmüddətli müharibəyə daha çox hazır olması, digər tərəfdən də, həm ABŞ, həm də Avropanın artıq Ukraynanı lazımi şəkildə dəstəkləmək niyyətlərinin olmaması barədə getdikcə daha açıq fikirlərin səsləndirilməsi erməni cəmiyyətində rezonans doğurub. Yaxın vaxtlara qədər Rusiyanın iştirakı ilə keçirilən sammitlərə məhəl qoymayan Paşinyanın artıq gərginliyinin səbəbi bəlli olur. Bəlli olur ki, Qərbin istənilən anda arxa, dayaq, dəstəkçi rolundan imtina etməsinin real şahidi olan Paşinyan heç də rahatlıq tapa bilmir. Paşinyanın narahatlığı daha çox Qərblə Rusiya arasında seçimlə əlaqədar deyil, artıq Rusiyanı seçdiyi zaman nə edəcəyi sualı ilə bağlıdır. Qərbin Ukraynaya dəstəyinin əvvəlcə alazması, sonra da demək olar ki, yox dərəcəsinə enməsi, həmçinin cəbhə xəttində Rusiyanın müəyyən mövqelərdə irəliləyişlər əldə etməsi erməni baş nazirinin fikirlərini də, planlarını da alt-üst etdi və Nikol Paşinyan Rusiyaya getməli oldu. Paşinyanın nəhayət Sankt-Peterburqa yollanması onu deməyə əsas verir ki, onun, Qərb və Rusiya olmaqla iki stulda oturması getdikcə çətinləşir və hər tərəf qərar tələb edir deyə gərginliyi də başadüşüləndir.

Təsadüfi deyil ki, Ermənistanda da onun məhz Rusiyaya getməsi birmənalı qarşılanmayıb. Hətta tənqid belə edənlər də az deyil və bundan sonra öz gedişinə görə Qərb qarşısında nə cavab verəcəyini sual edənlər var. “Paşinyan bütün bunlar barədə Mişel, Şolts və Makrona nə deyəcək?”, - deyən Ermənistan Respublika Partiyasının İcra orqanının nümayəndəsi, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov sosial şəbəkə hesabında fikirlərini açıq şəkildə paylaşıb. Şarmazanov birbaşa Paşinyana ünvanlanıb və Qərbdən “icazəsiz” Rusiyaya getməsi, Orada Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşməsi və hətta oranı birlikdə tərk etməsi barədə sorğu-sualla bağlı onlara necə cavab verəcəyini sual edib. “Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makrona Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə nə deyəcək? “Bu mənim günahım deyil, özü gəldi” deyəcək? Görünür, Qərbdən danışıqlar brokeri rolunu Rusiya “ələ keçirməyə” çalışır. Əliyev və Paşinyan il boyu Qərbin vasitəçiliyi ilə danışıqlar apardılar, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdılar, amma Sankt-Peterburqda görüşdülər. Sovet istehsalı olan “Brilyant əl” filmindəki kimi “Mən günahkar deyiləm, o, özü gəldi” deyəcək?, deyə sual edən Eduard Şarmazanovun erməni baş nazirini birbaşa hədəfə alması göstərir ki, Nikol Paşinyanın Rusiyaya gedişi heç də erməni cəmiyyətində birmənalı qarşılanmayıb və bunu bilən Vovayeviçin həyəcanının, gərginliyinin digər bir səbəbi də artıq bəlli olur.

Paşinyanın bu dəfə Rusiyaya yollanmasına təkcə erməni cəmiyyətindən reaksiya verilməyib və bununla bağlı digərlərinin də fikirləri diqqəti cəlb edir. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun fikrincə, Paşinyan Peterburqa yollanmaqla Ermənistanın hələ tam Qərbin olmadığını Qərbə göstərmək istəyib. “Ermənistan mətbuatı yazır ki, Putin Paşinyandan münasibətlərin gərginləşməsinə aydınlıq gətirməsini istəyir. Düşünürəm ki, Putin münasibətlərin pisləşməsinin səbəblərini çox yaxşı bilir. Bu səbəblər Ermənistanın Rusiyadan Azərbaycanla münaqişədə onun tərəfini tutmasını tələb etməsi və Paşinyanın Rusiyadan Qərbə, Moskvanın düşmənləri olan Fransa və ABŞ-a tərəf getməsi ilə bağlıdır. Hansı ki, Paşinyan bunu çoxdan arzulayır. Məncə, əslində, bu sammitdə Paşinyanın Rusiyadan nə qədər uzağa getməyə hazır olduğunu Putin öyrənmək istəyib. Putin bilmək istəyir ki, Ermənistan bu addımı atacağı təqdirdə, Rusiya ona nə qədər sərt cavab verə bilər. Lakin hələ ki, Paşinyanın nə etmək istədiyi anlaşılan deyil, ya da ki, o, bu yolla Rusiyanı şantaj etmək istəyir. Digər tərəfdən də, Paşinyan Peterburqa yollanmaqla Qərbə göstərmək istəyir ki, Ermənistan hələ tam Qərbə məxsus deyil. Bunun baş verməsi üçün, yəni Ermənistanın tam Qərbə məxsus olması üçün Qərb çox çalışmalıdır, Ermənistanı daha çox dəstəkləməlidir”, - deyə rusiyalı ekspert vurğulayıb.

Rusiya mətbuatında da Sankt-Peterburq görüşü, Nikol Paşinyanın orada olması, həmin görüşdən imtina etməməsi barədə fikirlər səsləndirilir. Qeyd olunur ki, sentyabrın 20-də Azərbaycan Xankəndidə və Qarabağ iqtisadi rayonuna bitişik torpaqlarda konstitusiya quruluşunu tam bərpa etdikdən, Azərbaycanda separatçı rejim tamamilə aradan qaldırıldıqdan sonra vasitəçilər heç bir platformada iki dövlətin liderlərinin görüşünü təşkil edə bilməyiblər və nəhayət onlar Rusiyada görüşüblər. Həmçinin xüsusilə vurğulanır ki, cənab İlham Əliyevin bu görüşdə Azərbaycanın daimi sülh arzusunu nümayiş etdirməsi kameralar tərəfindən lentə alınıb. Rusiya mətbuatında qeyd olunur ki, Ermənistan-Azərbaycan danışıqlarında Vaşinqtonun və Brüsselin təşəbbüsü ələ keçirdiyi görüntüsü olsa da, onlar Ukraynaya genişlənmə və yardım məsələlərində geri çəkildikdən sonra Kreml irəli gedə bilib və 2023-cü il sentyabrın 20-dən sonra Əliyevlə Paşinyan arasında ilk görüşün Rusiya ərazisində baş tutması Rusiya üçün son dərəcə vacibdir. Həmçinin qeyd olunur ki, bu görüş Vladimir Putinin vasitəçiliyi ilə yekun sülhün imzalanması üçün başlanğıc nöqtəsi ola bilər və Dmitri Peskovun da məhz, “Ermənistan və Azərbaycan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”, - deyə qeyd etməsi heç də təsadüfi deyil.

Diqqəti ən çox cəlb edən məqam əlbəttə, ondan ibarətdir ki, Moskva ilə İrəvan arasında münasibətlərin gərginliyinə baxmayaraq, Ermənistanın baş naziri sammitə gəlməyə bilməyib. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti, erməni əsilli Gevorq Mirzəyan belə news.ru-ya açıqlamasında Paşinyanın sammitdə iştirakının motivini Rusiyadan tamamilə uzaqlaşmağın mümkünsüzlüyü ilə izah edib. “Hərbi-siyasi münasibətləri Qərbin və başqasının hesabına ən azı illüziyalı perspektivlər hesabına diversifikasiya etmək istəyinə baxmayaraq, o, iqtisadi əlaqələri şaxələndirə bilməz, çünki bu baxımdan Rusiyaya heç bir alternativ yoxdur”, - deyə ekspert fikirlərini izah edib. O, hətta Rusiyanın Qərblə gərgin münasibətlərini şərh edərkən qeyd edib ki, rəsmi Moskva heç kiminlə rəqabət aparmır və heç kimə nəyi isə sübut etməyə çalışmır və Rusiya tərəfi öz periferiyasında, yəni nəzarət etməli olduğu regionda özü üçün ən vacib inteqrasiya proseslərini həyata keçirməyə hazır olduğunu bir daha nümayiş etdirir.

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqdakı görüşə yollanması, görüşdə iştirakı ilə bağlı detallar, bir sıra məqamlar hər kəs üçün maraqlıdır və bunun səbəbsiz olduğunu düşünən yoxdur. Sözsüz ki, Rusiyada olan görüşlərdən son zamanlar imtina edən erməni baş nazirin bu dəfə, yəni sonuncu dəfə iştirakdan boyun qaçırmaması, yaxud da boyun qaçıra bilməməsi ilə bağlı detallar da diqqətdən yayınmayıb. Hər halda, görünən odur ki, bundan sonra danışıqlardan Ermənistan tərəfinin yayınması istənilən vəziyyətdə həmin ölkənin özü üçün arzuolunan deyil və birbaşa ziyanınadır. Digər tərəfdən də, axı Ermənistan tərəfinin seçim imkanı məhduddur və sülh prosesinə mane olmaq haylar üçün qətiyyən sərfəli deyil. İstənilən halda, erməni baş nazirinin Rusiyaya getmək, oradakı görüşdə iştirak etmək məcburiyyətində qalması Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə