Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran, innovativ inkişafa yol açan dövlətə çevrilir. Şübhəsiz ki, bütün bunlar dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir. Bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Ölkəmizin 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, qazandığı biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir.
Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasındadır.
İQTİSADİ İNKİŞAF PARAMETRLƏRİNƏ GÖRƏ DÜNYADA LİDER MÖVQEYƏ MALİK AZƏRBAYCAN
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2004-cü ildən ötən müddət ərizində regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub. Rəqəmlərə nəzər salsaq görərik ki, 2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb.
"YENİ QURUCULUQ DÖVRÜ, İNKİŞAF DÖVRÜ, AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZİN BƏRPASI DÖVRÜ"
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bizim ölkəmiz üçün yeni dövr başlayır", deyərək artıq ölkəmizdə yeni dövrün başlandığını bildirmişdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
HƏR BİR KƏND, ŞƏHƏR VƏ QƏSƏBƏ MÜASİRLƏŞİR
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 2021-ci ildən bu günədək 12 milyard manata yaxın vəsait ayrılıb. Bununla yanaşı, bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir. İnvestisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir.
Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meyilləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb.
İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər üzrə, Füzuli və Zəngilan hava limanları inşa edilib, Laçın (Qorçu) Hava Limanında tikinti işləri davam edir. Horadiz-Ağbənd (110,4 km) və Bərdə-Ağdam (47,1 km) dəmir yollarında tikinti işləri aparılır, Füzuli-Şuşa (79 km) dəmir yolunun layihələndirilməsi işləri başa çatdırılıb. Ümumi uzunluğu 177,9 km avtomobil yollarının inşası başa çatdırılıb, 666,1 km yollarda isə tikinti işləri davam etdirilir. Ağdam və Füzuli şəhərlərində tikiləcək avtovağzal komplekslərinin layihələndirmə işləri aparılır.
İşğaldan azad edilmiş ərazilərə "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyaları nəzərə alınmaqla əhalinin dayanıqlı məskunlaşması təmin olunur
Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB