Eməni vəhşiliyi bəşəriyyətin tarixinə ləkədir TƏHLİL

Çox vaxtı Azərbaycan xalqı olaraq bəzi millətlərə, dövlətlərə qarşı həddindən artıq xeyirhaqlıq göstərməyimiz, yüksək formada hümanistlik nümayiş etməyimiz bizlər üçün acı nəticələr verib. Ürəyi genişliyimizdən istifadə edən məkrli qüvvələr, xüsusilə də ermənilər dövlətimizə və xalqımıza bəlalar yaşadıblar. Ümumilikdə türk milli varlığının daşıyıcısı olaraq qeyd etmək olar ki, bugünkü milli bəlalarımızın baş verməsində əcdadlarımızın da yanlış baxışlarının, addımlarının səhvləri olub desək səhv etmərik. Çünki fatehlərimizin gələcəyə hesablanmadan verdikləri qərarlar, atdıqları addımlar sonrakı mərhələdə ağır fəlakətlər yaradıb. Misal olaraq rus-türk müharibələrinin birində Rusiyanın hazırda böyük Pyotur kimi təqdim etdiyi qoşun başçısının əsir götürülməsi və sonradan buraxılmasından Osmanlı imperiyasının əziyyət çəkməsini göstərmək olar. Belə ki, 1696-ci ildə Odessa ətrafında gedən döyüşlərdə I Pyotor türk əsgərləri tərəfindən əsir götürülür. I Yekaterina türk generalına bir boyunbağı verərək Pyoturu azad etdirir. Bunu bilən Osmanlı sultanı boyunbağını əridərək həmin qızılı Yekaterinadan alan generalın boğazına tökdürür. I Pyotorun azad olunması türklərin başına bəla oldu. XVIII əsrdən XX əsrə (1920-ci ilə qədər) qədər türklərlə ruslar arasında 10 müharibə olub. I Pyotr əsir götürülənə qədər, yəni dörd döyüşdə türklər ruslara qalib gəlir. Amma ondan sonra baş verən altı müharibədə türklər məğlub olurlar. Yəni, buraxılmış bir səhv Türkiyəyə baha başa gəldi.

Səhvlər milli faciələrə gətirib çıxarır

Eyni səhvləri Azərbaycan xalqının böyük sərkərdələri başqa formada təkrarlayıblar. Tarixi faktlara və əldə olunan yazışmalara istinadən demək olar ki, xalqımızın böyük sərkərdələri də zaman-zaman ermənilərin bölgəyə kütləvi şəkildə köçürülməsindən narahatlıqlarını ifadə etmişlər. XVI əsrin əvvəlində Rəvan xan Səfəvi şahı Şah İsmayıl Xətaiyə məktub göndərək qeyd edir ki, hazırkı fars-molla rejiminin nəzarət etdiyi ərazilərdən Azərbaycan torpaqlarına köçürülən ermənilərin sayının çoxalması bizə çoxlu sayda problem yaradacaq. Təəssüf ki, Şah İsmayıl Xətai Rəvan xanın xəbərdarlığını nəzərə almayıb. Bu kimi laqeydlik, etinasızlıq nəticə etibarı ilə Rəvan xanın da qeyd etdiyi kimi, sonrakı proseslərdə xalqımıza acılar yaşatdı. Bu azmış kimi 1507-ci ildə Osmanlı torpaqlarından və digər xarici ölkələrdən daha 10.000 erməninin İrəvan, Qarabağ daxil olmaqla Azərbaycanın digər ərazilərində yerləşməsinə izn verdi. Baş verən proseslər onu göstərdi ki, 5 əsr bundan əvvəl Rəvan xanın söylədiyi həmin xəbərdarlıqdan sonralar da nəticə çıxarılmadığından Azərbaycan xalqı çox ciddi bəlalarla üzləşməli oldu. İki əsr ərzində ermənilər 2 milyondan çox azərbaycanlını qətlə yetirib, on minlərlə yaşayış məskəni dağıdıb, yer üzündən silmişlər. Düzdür, burada böyük güclərin ermənilər göstərdiyi siyasi, hərbi dəstəkdə xüsusi rol oynayıb. Məhz xarici məkrli dairələrin dəstəyinə arxalanan ermənilər Cənubi Qafqaza köçürülüb, möhkəmləndikdən sonra azərbaycanlılara qarşı vəhşiliklər, soyqırım aktları həyata keçirmişlər. 1918-ci ilə qədər zaman-zaman ermənilər dövlət yaratmaq iddialarını reallaşdırmaq üçün səylər göstərdilər. Nəhayət, ermənilər Rusiyanın himayəsi və dəstəyi ilə İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaratdılar. İstəsək də və istəməsək də reallıq ondan ibarətdir ki, İrəvanın ermənilərə verilməsində 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ciddi səhvləri rol oynamışdır. Bunu sonrakı mərhələlərdə cümhuriyyət qurucuları da qeyd ediblər. 1919-cu il dekabr ayının 1-də Fətəli xan Xoyski Nəsib bəy Yusifbəyliyə bir teleqram ünvanlayır. Həmin teleqramda göstərilir ki, İrəvanı Ermənistana verməklə biz sərhəd məsələsini həll etmiş olduq və ermənilərlə bizim daha heç bir problemimiz olmayacaq. 1919-cu ildə İrəvan torpaqlarının arxasınca Dərələyəz, daha sonra isə Göyçə ermənilərə verildi.

AXC-nin səhv, düşünülməmiş siyasəti Azərbaycan xalqının başına bəla oldu

Bir məsələni də xatırlatmaq lazımdır ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda Azərbaycanın ərazisi 114 min kv.km idi. Amma 1920-ci il aprel ayında Azərbaycan ərazisi 86 min kv.km oldu. Çox təəssüflər olsun ki, 1918-1920-ci illərdə ADC-nin bu cür buraxdığı səhvlər 1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə də təkrar olundu. XX əsrin sonlarında Azərbaycanın aran Qarabağ ərazisi ermənilər tərəfindən işğal olundu. Qeyd etmək lazımdır ki, ermənilərin aran Qarabağı işğal etmək niyyəti olmayıb. AXC hakimiyyətinin prosesləri düzgün qiymətləndirib, ondan düzgün nəticə çıxarmaması ermənilərin Qarabağı, daha sonra isə aran Qarabağı işğal etmələrinə gətirib çıxarmışdır. Yəni, bütün hallarda AXC-nin səhv, düşünülməmiş siyasəti Azərbaycan xalqının başına bəla oldu. XX əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan Xalq Cəbhəsi Qarabağ məsələsini beynəlmiləşdirməklə eyni səhvi təkrarlamış oldu. Bununla onlar Azərbaycana ən böyük bəla gətirdilər. Çox təəssüflər olsun ki, bu məsələ tarixçilərimizin də diqqətindən kənarda qalıb. Biz buraxdığımız səhvlərdən çıxarmadığımız nəticələrin bəlasına düşmüşük. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin, ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hal olmayıb. Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü ilin məlumatına görə, Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.

Erməni separatizminin əsası iki yüz il əvvəl qoyulub

1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etmişdir. Rusiya bu siyasəti rnəqsədyönlü şəkildə dəyişməklə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5%, ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə, bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdiyi azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. XX əsrin 20-60-cı illərində yəni, 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%"; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert - Ağdərə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi, həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır. Artıq erməni separatizminə son qoyulub. 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etdi. Artıq separatçı hərəkətləri və terrorçu əməlləri ilə millətimizə meydan oxuyan Artunyan, Vardanyan, Qukasyan, Saakyan və digər soyqırımı aktları törədənlər cəngavər oğullarımız tərəfindən həbs ediliblər və əlləri qandallı Bakıya gətirilərək istintaqa təhvil veriliblər. Onları ən ağır cəzanın gözlədiyi şübhəsizdir. Lakin bu, yetərli olmamalıdır. Xocalıda uşaqları öldürən, ailələri məhv edən Koçaryan və Sarkisyanda məhkəmə qarşısına çıxarılmalıdır. Əminəm ki, günün birində o cəlladlar da həbs ediləcək və Azərbaycanın istintaq orqanlarına təslim olunacaqlar. Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Aparılan təbliğat informasiya müharibəsi səviyyəsindən çıxaraq hüquqi müstəviyə keçməlidir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə