Ukraynalı ekspertdən şok proqnozlar - ŞƏRH

Aleksandr Kovalenko: "Bu əsassız bəyanatların arxasında gizli ssenarilərin elementləri görünür"

Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi bu il də baş tutmayacaq. Bunu son siyasi hadisələr də sübut edir. Ermənistanın siyasi manipulyasiyası, Qərb dövlətlərinin açıq-aşkar onun maraqlarını müdafiə etməsi sülh müqaviləsini əngəlləyir. Ermənistan parlamentinin sədri Alan Simonyan isə bu ilin sonuna qədər müqavilənin bağlanma ehtimalının olduğunu bildirib. Siyasi ekspertlər hesab edirlər ki, Simonyanın bu bəyanatı siyasi dəllallıqdır və Ermənistan rəsmisi Qərbdəki havadarlarının ssenarisinə uyğun danışır. Bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Kovalenko mövzu ilə bağlı Azərbaycan mediasına açıqlamasında deyib.

Ermənistan parlamentinin sədri Alen Simonyanın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi imzalanmasının mümkünlüyü barədə bəyanatına münasibətini açıqlayan ukraynalı ekspert qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ilə yanaşı, Fransa və ABŞ kimi dövlətlərdən Azərbaycanın guya Ermənistan ərazisini işğal etmək planlarını həyata keçirməsi barədə bəyanatlar da səslənir: "Bu əsassız bəyanatların arxasında gizli ssenarilərin elementləri görünür. Təkcə təbliğat deyil, bu siyasət Ermənistanla Azərbaycan sərhədində təhlükəsizlik buferi yaratmağa hesablanıb. Qərb öz hərbçilərini sülhməramlı missiya adı altında sərhədə gətirmək niyyətindədir. Ola bilsin ki, Ermənistanın Qərb sponsorları ilə konkret müqaviləsi də var. Ona görə də İrəvan bütün hiylələrə əl atır, o cümlədən, Simonyanın dediyi kimi, guya sülh müqaviləsi imzalamaq istəyir, amma reallıqda yenə də proses gecikəcək".

"Buna qədər ermənilər bir neçə oxşar bəyanatlar verib, lakin..."

Politoloq Ermənistan rəsmilərinin bəyanatlarını ciddiyə almadığını diqqətə gətirib: "Ona görə də mən İrəvanın bəyanatlarını, xüsusən də sülhlə bağlı dediklərini ciddi qəbul etmirəm. Buna qədər ermənilər bir neçə oxşar bəyanatlar verib, lakin bir müddətdən sonra onların iç üzləri özünü büruzə verib. Odur ki, Azərbaycan son dərəcə ehtiyatlı olmalıdır".

ABŞ-ın Azərbaycanı sülh prosesini ləngitməkdə ittiham etməsinin arxasında hansı maraqların dayandığını ifadə edən Kovalenko bildirib ki, əvvəlcə ABŞ dövlət katibinin köməkçisi Brayen Bakıya qarşı qərəzli bəyanatlar səsləndirdi. Daha sonra Blinken Prezident Əliyevə zəng vurur və Brayenin dekabrda Azərbaycana gəlməsi üçün icazə istəyir. Beləliklə, dövlət katibinin köməkçisinin Bakıya hansı üzlə gələcəyinə də münasibəti bildirən politoloq bildirib ki, Brayen Vaşinqtonun Azərbaycanla bağlı mövqeyini ifadə edib: "Yəni, bu yolla Vaşinqton Bakının əleyhinə danışan şəxsin Azərbaycana gəlişini təmin etməyə çalışır. Mən bunu həm fürsət, həm də təhlükə kimi görürəm. Əgər Bakının Qərbin informasiya məkanında bu cür təzyiqlərə qarşı tədbirləri varsa, bu, yaxşıdır. Çünki Qərbdə bir qayda olaraq güclü erməni lobbisi var".

Ermənistanın Rusiya ilə münasibətlərərinə bunun necə inkişaf edəcəyi, habelə rəsmi İrəvanın Moskvanı KTMT-ni, Aİİ-ni tərk edəcəyinə, eləcə Ermənistanın Qərbdən istədiyi dəstəyi almaqdır mümkünlüyünə aydınlıq gətirən ekspert bildirib: "Düşünmürəm ki, Ermənistan KTMT və Aİİ-dən çıxsın. İndi 44 günlük müharibə, daha sonra Qarabağda 23 saatlıq əməliyyat zamanı praktiki olaraq itirilən hərbi potensialını hansısa yolla bərpa etmək əzmindədir. Onun itkilərini kompensasiya etmək üçün nəsə lazımdır. Rusiya Ermənistanın ümidlərini doğrultmadı və Qarabağ məsələsində ona kömək edə bilmədi. Ona görə də İrəvan indi Hindistan və Fransanın köməyi ilə bu problemi həll etməyi qarşısına məqsəd qoyub. Amma hesab edirəm ki, İrəvan heç bir müttəfiq birlik və bloklardan, o cümlədən KTMT-dən çıxmağa tələsməyəcək. Çünki İrəvan yəqin ki, belə bir addımın fəsadlarla dolu olduğunu anlayır. Ona görə də Ermənistan üzv ölkələrin müəyyən öhdəliklərinə görə müvəqqəti də olsa, bir növ hərbi dəstəyə malikdir. Bəli, KTMT ölü doğulmuş bir təşkilatdır, amma onun bəzi təsir alətləri var.

Amma şübhə yoxdur ki, Ermənistan müdafiə qabiliyyətini bərpa edən kimi KTMT-dən mümkün qədər tez çıxmağa çalışacaq. Məncə, bu proses zamanı Ermənistan həm də yeni və köhnə tərəfdaşlarından müəyyən təminatlar – təhlükəsizlik zəmanəti və gözlənilməz hadisələrlə bağlı dəstək istəyəcək".

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə