Azad Balayev
YAP Balakən rayon təşkilatının sədri
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki, öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhvə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir.Belə ki, Azərbaycan elminin yeni inkişaf mərhələsi Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi vaxtdan başlamışdır desək yanılmarıq. Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin sovet dönəmində Azərbaycan təhsili artıq tənəzzüldən intibah mərhələsinə keçdi. Bu illərdə Azərbaycanda 5 yeni ali təhsil müəssisələri açıldı, orta məktəb şəbəkəsi genişləndirildi, yeni məktəb binaları tikilib isifadəyə verilməyə başladı, texniki peşə təhsilinin təkmilləşdirilməsi ön plana çəkildi.
1970-1980-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Azərbaycan gənclərinin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaları təmin edildi. Həmin dövrdə ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail olunmuşdur. Ulu Öndər Respublikadan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.
Hələ Sovet dövründə azərbaycanlı gənclərin orduya hazırlanması üçün 1971-ci ildə Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi təmayüllü məktəb yaradılmışdı.Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra 1997-ci ildə müvafiq sərəncamı ilə məktəbin adı dəyişdirilərək, C.Naxçıvanski adına hərbi lisey adlandırılmışdır. Bu liseyin milli zabit kadrlarımızın hazırlanmasında müstəsna rolu olmuşdur. Odur ki, sonradan torpaqlarımızın işğaldan azad olunmasında bu kadrların hünəri və rəşadəti danılmazdır.
1993-cü ildə Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra müstəqil Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına dair layihələr həyata keçirilməyə başlanıldı. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də bir canlanma və yeniləşmə nəzərə çarpmağa başladı. Belə ki, ali məktəblərdə ciddi struktur dəyişiklikləri baş vermiş təhsil müəsisələrinin maddi texniki bazasının möhkəmləndirilməsinə ciddi fikir verilmiş və yeni tədris ocaqlarının tikilib istifadəyə verilməsinə başlanılmışdır.
Ulu Öndər təhsilə olan münasibətini belə ifadə edirdi. “Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər qazanmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra da təkminləşdiriləcəkdir”. Azərbaycan təhsilinin beynəlxalq standartlara cavab verən bugünkü səviyəyə çatmasında ümumilli lider Heydər Əliyevin tarixi xidmətləri olmuşdur.
Təhsildə aparılan islahatlardan danışarkən müstəqillik dövründə yeni ümumtəhsil məktəblərinin tikintisini, mövcud məktəblərin əsaslı təmiri və müasir avadanlıqlarla təmin olunmasına dair dövlət proqramının qəbulu üçün sərəncamın imzalanmasını qeyd edə bilərik. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər bu sahənin inkişafına xüsusi diqqət yetirir, Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılmasında əhəmiyyətli rol oynayan bir sıra qanunların qəbul edilməsinə nail olmuş, və fərmanlar imzalamışdır. Belə ki,” Azərbaycan Respublikasının təhsil sisteminin təkminləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında” 2001-ci il 18 iyul, “Azərbaycan Əlifbası və Azərbaycan dili” gününün təsis edilməsi haqqında 2001-ci il 09 avqust, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanunun təsis edilməsi barədə 2003-cü il 02 yanvar tarixli fərmanları imzalanmışdır.
Qeyd edilməlidir ki, müstəqillik dövründə təhsilə olan qayğı bölgələrdə, o cümlədən Balakən rayonunda da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayonda 33 ümumtəhsil məktəbi üçün yeni bina inşa olunmuş, 2 modul tipli məktəb quraşdırılmış və 3 məktəb əsaslı təmir edilmişdir. Eyni zamanda rayonda 5 körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmiş, 3 bina isə əsaslı təmir olunmuşdur.
Bunun nəticəsidir ki, Balakən rayonunda respublikamızın hər yerində olduğu kimi təhsil son illər yüksələn xətt üzrə inkişaf edib və hər il əldə etdiyi uğurlarla diqqəti cəlb edib. Son beş ildə 1317 nəfər respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Rayon məktəbliləri beynəlxalq və respublika fənn olimpiadalarında yüksək nəticələr əldə etmişlər.
Bu illər ərzində rayon müəllimlərinin əməyi yüksək qiymətləndirilmiş, təhsil sahəsindəki xidmətlərinə görə 13 nəfər “Tərəqqi” medalı ilə təltif edilmiş, 7 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Bildiyimiz kimi 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilərkən dövlət dilimiz və milli mənsubiyyətimiz haqqında müxtəlif fikir ayrılıqları var idi. Ulu öndərin təşəbbüsü və prinsipial qətiyyəti ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın qəbulu ilə bağlı gərgin müzakirələr keçirildi. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu
Ulu Öndər müəllimə və müəllim əməyinə də yüksək qiymət verirdi.”Bizim hər birimiz elmi dərəcəmizdən , biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nəaliyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dunyada müəllimdən şərəfli ad tanımıram” deyən ümumilli lider müəllimə böyük hörmətlə yanaşdığını, müəllim əməyinə yüksək qiymət verdiyini bir daha vurğulamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalamışdır. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Bu gün də biz iftixarla təhsil sahəsində olan uğurlarımızdan danışa bilərik. Ulu öndərin siyasi kursunu, ideologiyasını uğurla davam etdirən cənab Prezident İlham Əliyev ölkəmizdə təhsilin keyfiyyətinin daha da yüksəlməsi üçün əlindən gələni əsirgəmir. Belə ki, bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.Vətənpərvərlik ruhunda tərbiyə edilən Azərbaycan gəncləri Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində öz şücaətini və rəşadətini nümayiş etdirdi və Azərbaycanın Zəfər tarixini yazdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB