"Azərbaycan ABŞ üçün dəyərli tərəfdaş olaraq qalır" - MÖVQE BİLDİRİLDİ

“ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, hal-hazırki vəziyyətdə olduqca əhəmiyyətlidir və son zamanlar iki ölkə arasında süni şəkildəyaradılmış gərginliyin aradan qaldırılmasına xidmət edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, erməni lobbisinin təşkilatçılığı ilə Senatda və Konqresdə keçirilmiş dinləmələr, ölkəmiz əleyhinə səsləndirilmiş qərəzli, böhtan xarakterli fikirlər Azərbaycan cəmiyyəti tərəfindən kəskin etirazla qarşılanmışdı: “Blinkenin zəngi bir daha göstərdi ki, Azərbaycan ABŞ üçün dəyərli tərəfdaş olaraq qalır və regionun ən əhəmiyyətli dövlətidir. Eyni zamanda, okeanın o tayında başa düşürlər ki, Azərbaycanla hüquqa zidd təzyiq vasitəsi ilə istədikləri kimi davranmaq əks effekt verir. Cənab Prezident dəfələrlə sübut edib ki, fərqi yoxdur hansı super güc olsun, milli və dövlət maraqlarımız əleyhinə heç bir güzəşt ola bilməz. Bütün ölkələrlə, beynəlxalq təşkilatlarla ancaq bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurula bilər. Nəticə etibarilə, son 30 ildə aparılmış siyasət bunu təsdiq etmişdir”.

N.Məhəməliyev bildirib ki, ABŞ Azərbaycana lazım olduğu qədər, Azərbaycanda ABŞ-a lazımdır: “Dövlət katibinin zəngi gərginliyin azaldılmasına hesablanıb. Düşünürəm ki, gələcək münasibətlər müsbət istiqamətdə inkişaf edəcəkdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə