“Azərbaycan-Türkiyə əlaqələri müasir mərhələdə dünya dövlətləri arasında qarşılıqlı maraqlara cavab verən tam səmimi münasibətlərin qurulması üçün bir örnəkdi modeldir. Azərbaycanla Türkiyə bir-birlərinə tarixi, mədəni, mənəvi, dini, bağlarla bağlı olmaqla yanaşı dövlətlər arası münasibətlərin sonrakı inkişafı üçün hər iki xalqın, dövlətin istəyinin səmimi davranışlarının çox böyük əhəmiyyəti olmuşdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlər olsun öz dinamik inkişaf ilə seçilir: “Nəzərə almaq lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyinin hələ kövrək olduğu dövrdə qardaş Türkiyə ilə münasibətlərin xarakteri olduqca gələcək inkişafımız baxımdan çox təsirli olmuşdur. İlkin olaraq ordu quruculuğu istiqamətində Azərbaycan Türkiyə əlaqələri həlledici amil rolunda çıxış etmişdir. Belə ki, 90-cı illərdən başlayaraq Azərbaycan hərbçilərinin zabit heyətinin Türkiyədə hazırlanması müasir ordu quruculuğu istiqamətində çox təsirli rol oynamışdır. 2007-ci ildən rəsmi olaraq yüksək səviyyəli hərbi məsləhətləşmələr iki ölkə arasında hərbi əməkdaşlığın dinamik inkişafına təsir göstərmişdir. Artıq Azərbaycan ilə Türkiyə arasında birgə hərbi təlimlər həyata keçirilməkdədir ki, bu iki ölkə arasında hərbi əməkdaşlığın daha dinamik inkişafını şərtləndirmişdir. Azərbaycan Türkiyənin ən böyük ticarət ortaqlarından biridir, eyni zamanda Türkiyə Azərbaycanın ən böyük sərmayə yatırdığı ölkədir. Bu da təbii ki, həm region səviyyədə, həmdə beynəlxalq səviyyədə əməkdaşlığın iqtisadi, ticari əlaqələrin daha da genişləndirməsini şərtləndirməkdədir. Ayrıca olaraq, Azərbaycanla Türkiyə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də çox səmərəli fəaliyyət göstərməkdədirlər. Mövqelərini uzlaşdıraraq bir-birinin maraqlarından çıxış etməkdədirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Türkiyə birliyi Cənubi Qafqaz regionunda çox böyük təsir amilidir və o qeyd etmişdir ki, Azərbaycana qarşı çıxmaq istəyənlər Azərbaycan Türkiyə birliyini nəzərə almalıdırlar. Bir sözlə, Azərbaycanla Türkiyə arasında münasibətlər tam səmimi qardaşlıq əlaqələrinə söykənməklə əsil iki ölkə arasında müttəfiqlik münasibətlərini ifadə etməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə