İşğaldan azad olan Ağdamın yeni inkişaf dövrü başlayıb - ŞƏRH EDİLDİ
“Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi erməni işğalçılar tərəfindən işğal edildi. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Ağdam şəhərinin işğaldan azad edilməsindən üç il ötür: “44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində deyib: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz, Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Deputat diqqətə çatdırıb ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük quruculuq, təmir-bərpa işləri aparılır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunur. 2021-ci ilin 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.
K.Bayramov əlavə edib ki, Baş plana əsasən burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılır. Ümumilikdə Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Şəhərin nəqliyyat infrastrukturu da əhalinin rahatlığına hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də, tramvay xətləri nəzərdə tutulub. Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə bir sıra layihələr icra olunur. Onlardan biri Ağdam Sənaye Parkıdır. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili müəyyənləşdirilib. Sənaye Parkında sosial zonanın təşkili istiqamətində işlər yekunlaşdırılıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB