Müharibələr və münaqişələr törədən YALANÇI SÜLH GÖYƏRÇİNLƏRİ – TƏHLİL

Müharibələr və münaqişələr törədən YALANÇI SÜLH GÖYƏRÇİNLƏRİ – TƏHLİL

Dünyanı baş-ayaq qarışdıranlar, öz oyunları fonunda çoxlu sayda insan tələfatına, yaşayış məntəqələrinin dağılmasına, ərazilərin işğal edilməsinə səbəb olanlar hansısa ölkələrə “sülh gətirmək” iddiası ilə çıxış edirlər. Qondarma sülhdən, demokratiyadan dəm vuraraq, bir çox ölkələrdə xaos yaradan, tələfata, itgilərə səbəb olan həmin o dünyanı baş-ayaq qarışdıranlar təhlükəsizliyi de-fakto təmin edən, həqiqətən də sülhün təmin edilməsi istiqamətində əməli addımlar atan ölkəni isə, qınayırlar.

ABŞ Konqresinin aşağı palatasında, Xarici Əlaqələr Komitəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı dinləmələr keçirilərkən, Konqresmenlər məhz Azərbaycanın bu regionunda baş verən hadisələri, onların ilkin şərtlərini müzakirə ediblər və Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen palata üzvləri qarşısında çıxış edərək Azərbaycanla bağlı kifayət qədər qəribə, uyğunsuz, məntiqsiz ifadələr səsləndirib. “Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq. Beləliklə, biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, hərəkətləri pislədik və vəziyyətin həqiqi yaxşılaşmasını görməyincə yardımın əlavə ayrılması şərtlərindən imtina barədə bildiriş verəcəyimizi gözləmirik”, deyən Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi əslində, rəsmi Vaşinqtonun niyyətini açıb ortaya qoyub. Məsələ burasındadır ki, bu niyyət bizim üçün müəmmalı da deyildi və həmin ölkənin dünyanın hər tərəfində hansı niyyətlə hadisələrə müdaxilə etdiyi də sirr deyil. "Biz dəfələrlə Ermənistan daxilində güc tətbiqinin tamamilə qəbuledilməz olduğuna işarə etmişik", deyən həmin o köməkçi Ceyms Ermənistan daxilində hansı güc tətbiqindən danışır və bilmir ki, hansısa güc tətbiq edilməyib? Bilir. Amma onun da, ölkəsinin də gözü haqqı, ədaləti görmür və yaxud bu şəkildə görür, hansıki artıq dünya ictimaiyyəti də buna, belə bir baxış bucağına sanki alışqandır.

Amerikalılar utanmadan iddia edirlər ki, guya dünyada sülhə görə "məsuliyyət" hiss edirlər, amma bu məsuliyyəti niyə və hansı haqla hiss etdiklərini əsaslandıra bilmirlər. Axı belə bir məsuliyyəti niyə məhz ABŞ hiss etməlidir və bu ölkənin qeyri-adi, fərqli, üstün məqamları nədir ki, qeyd olunan məsuliyyətdən də dəm vurulur? Yaxud, belə bir məsuliyyəti kim həvalə edib, kimlər belə bir qərar qəbul ediblər ki, ABŞ da belə qənaətdədir? Heç şübhəsiz ki, məhz elə bu “məsuliyyət” sözündən istifadə edərək, dövlətlərin daxili işlərinə müdaxilə edilir, qarışılır və bir sözlə, burun soxulur. Sanki bütün dünya tərəfindən belə bir haqqın onlara verildiyini düşünürlər. “Demokratiya” gətirmək, guya sülhü təmin etmək adı altında amerikalılar rəngli inqlablar, maliyyə axını fonunda istədikləri ölkədə arzulamadıqları hakimiyyəti devirmək, öz siyasətlərinə tabe olacaq kimsələri rəhbər təyin etmək üçün hər vasitədən istifadə edirlər, amma haqqı, ədaləti nəzərə almaq qətiyyən yada düşmür. Bu vaxta qədər ABŞ tərəfindən hansı ölkədə hansı şəkildə müdaxilələr edildiyi, nəticənin də nədən ibarət olduğu göz önündədir. Məsələ burasındadır ki, hələ bu vaxta qədər amerikalılar bircə dənə də ölkəyə okeanın o tayından sülh gətirməyiblər. Əksinə, fakt bundan ibarətdir ki, “demokratiya”, “sülh” bəhanəsi ilə amerikalılar hansı ölkəyə burun soxublarsa, həmin ölkədə qarışıqlıq, xaos, hərcmərclik, iştişaşlar, müharibələr, itgilər və ölkələr üçün hər cür arzuolunmaz hallar müşahidə olunub.

Sülh bəhanəsi ilə amerikalıların daxil olduğu ölkələrin siyahısı da məlumdur, onların düşdükləri çətin, acınacaqlı vəziyyət də. Maraqlıdır, ABŞ hansı ölkəyə sülh gətirib ki, belə iddialı şəkildə sülhdən dəm vurur? Bəlkə, Vyetnama, İraqa, Əfqanıstana sülh gətiriblər, biz bilmirik? Yaxud, keçmişdə Yuqoslaviyaya sülh gətirmişdilər, yoxsa Liviyada sülhü təmin etmişdilər? Axı sadalanan ölkələrdə sülh adında bir şey yoxdur. Demokratiyadan da söz açmaq mümkün deyil. Yaxşı, onda ABŞ həmin ölkələrə nə gətirib? Yəqin ki, Gürcüstanın və Ukraynanın timsalında nə gətirdiyi bəllidir. Çünki indi Ukraynada da, Gürcüstanda da vəziyyətin necə olduğu, həmin ölkələrin başlarına nələr gəldiyini, daha doğrusu gətirildiyini hamı yaxşı bilir. Gürcüstanın da, Ukraynanın da ərazisinin bir hissəsinin işğal olunduğunu, itirildiyini bilməyən yoxdur. Ukraynanın şəhərlərinin yerlə yeksan olmasını da mətbuat vasitəsi ilə müşahidə etmişik. Görmüşük ki, Ukraynanın şəhərləri viran qoyulub, ərazilərinin bir hissəsi də artıq nəzarətdən çıxıb, bu ölkənin vətəndaşları da hansı acınacaqlı vəziyyətdədir. Körpülərin altında, daldalanacaqlarda, sığınacaqlarda insanların necə toplaşdığını foto və video materiallarda hamımız görmüşük. Həmin sığınacaqlarda ölüm qorxusu ilə yaşayanlar, həyatları cəhənnəm əzabına çevrilənlər amerikalılar yox, amerikalıların sülh adı ilə müdaxilə etdikləri ölkələrin vətəndaşlarıdır. Dağılan ABŞ dövlətinin əraziləri, şəhərləri, əyalətləri deyil, həmin dövlətin burun soxduğu ölkələrin şəhər və kəndləri, əyalətləridir. Bəli, ABŞ kimi fövqəl dövlətlərin, Qərbin “demokratiya” və “sülh” adlı geosiyasi oyunlarının qurbanına çevrilən ölkələrin əyalətləri və vətəndaşlarıdır əziyyət çəkən. Hanı bəs həmin ölkələrə amerikalıların gətirdiyi sülh? Bunu görən yoxdur axı. Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın dağılmış şəhərlərinin taleyi necə olacaq? Necə qurulacaq bu şəhərlər? Kim yenidən bu şəhərləri quracaq və kömək hardan olacaq? Əfqanıstanı 20 il işğal altında saxladığı müddətdə həmin ölkədə bir dənə də olsun obyekt tikməyən, yol salmayan, amma bu illər ərzində bütün ölkəni narkotik vasitələrin plantasiyasına çevirən ABŞ salacaq həmin şəhərləri, yoxsa ukraynalılar şəhərlərini bərpa etdikləri, yenidən qurduqları zaman amerikalılar da gəlib onlarla yanaşı qollarını çirmələyib işləyəcəklər?

Ukraynaya müstəqillik, sülh, demokratiya vəd edən ABŞ bu ölkəyə sülh gətirdimi? Bu qədər dağıntıları müşahidə etdikdən sonra sülh sözü heç yada belə düşürmü? Bəs niyə bu boyda acınacaqlı vəziyyətin fonunda Amerika Birləşmiş Ştatları ortada deyil? Niyə köməklikləri görmürük? Axı vəd edilmişdi, söz verilmişdi. Hanı o verilən vədlər? Hanı o müdafiə barədə deyilən sözlər? Düz 2008-ci ildən, 2014-cü ilə qədər və hətta 2022-ci illərə qədər Qara dənizdə Gürcüstan və Ukrayna sahillərində peyda olan Amerika təyyarədaşıyıcısı və zərbə qrupu hanı bəs? Harada qaldı edəcəkləri kömək? Axı kömək edəcəklərinə zəmanət belə vermişdilər. ABŞ vəd etdiyi kəməkliyi harda göstərir? Yalnız etirazçı insanların toplaşdıqları mitinqlərdə, aksiyalarda bu köməkliyi görə bilirik. Ya siyasi müdaxilə, bir-birindən çirkin ssenarilərlə “kömək” edilir, ya da etirazçılara peçenye paylamaqla “dəstək” göstərilir. Bu qədər insan tələfatının, dağıntıların fonunda etirazçılara peçenye paylamaqla işlərini bitmiş hesab etdilər və zənn etdilər ki, bu köməkdir? Yəni, elə hesab edirlər ki, bunları görən yoxdur? Təbii ki, var və indi Ermənistandan fərqli olaraq, dünyanın hərhansı müstəqil, suveren ölkəsini, eləcə də Azərbaycanı belə sülh qətiyyən maraqlandırmır və ölkəmiz bunu yaxına belə buraxan deyil.

Afrikada fransızlar, Hindistanda ingilislər, Asiyada da yaponlar necə “qarşılanırsa”, barələrində nə düşünülürsə, bütövlükdə dünya ictimaiyyəti də artıq amerikalıları eləcə də qarşılamaqdadır. Necə ki, Latın Amerikasında, yumşaq şəkildə desək, sevilmədikləri kimi, heç Azərbaycanda da arzuolunan deyillər. Doğrudur, arzuolunmaz qonaq kimi ölkəmizdə daxili sabitliyi pozmaq məqsədi ilə bir çox fondları və təşkilatları maliyyələşdirərək öz başa düşdükləri şəkildə “sülh gətirmək” arzusuna dəfələrlə düşüblər, amma Azərbaycan buna imkan verməyib və niyyətlərini ifşa da edib. Ölkəmizdə də dırnaqarası “demokratiya” bəhanəsi ilə qarışıqlıq, xaos yaratmaq cəhdlərinin qarşısı alınıb. Çünki öz ölkəsində günbəgün artan dövlət borcu probleminin, irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərinin öhdəsindən gələ bilməyənlərin gətirmək istədikləri “demokratiya”, yaxud da “sülh” bizim üçün, ölkəmiz üçün maraqlı ola bilməz.

ABŞ indi Ermənistanı ərköyün uşaq kimi əlində oynadırsa da, regiona soxulmaq üçün pulla, vəsaitlə həmin işğalçı ölkəni şirnikləndirirsə də yaxşı başa düşür ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti, rolu olmayacaq. Ona görə də mütəmadi şəkildə ölkəmizə müdaxilə etməyə çalışır və buna nail olmadığına görə Ermənistan üzərindən Azərbaycana qarşı əsassız, məntiqsi və mənasız ittihamlarla çıxış edir. Bununla heç zaman kifayətlənməyən amerikalılar postsovet məkanı ölkələri, Cənubi Qafqazda yerləşən ölkələrdə siyasi kataklizmlər yaratmaq üçün hər vasitəyə əl atıblar. Regionda cərəyan edən xoşagəlməz hadisələrin, elə məhz siyasi kataklizmlərin ən böyük və əsl səbəbkarı da elə ABŞ hesab olunur. Çünki dırnaqarası “demokratiya” və “sülh” bəhanəsi ilə rəngli inqlablarla regiona soxulan ABŞ əvvəlcə Gürcüstanda, sonra da Ermənistanda dövlət çevrilişinə nail oldu. Qərbin, Amerika Birləşmiş Ştatlarının regionumuzda rəngli inqlablar ssenarisində Azərbaycanda da hansısa əməllər törətmək niyyəti hələ 2000-ci illərdə özünü göstərdi və gerçəkləşdirmək istədiklərinin qarşısı dövlətimiz tərəfindən alındı. Amma hələ də baş sındırırlar və niyyətlərinə nail ola bilməyən amerikalılar ölkəmizi ittiham etməklə də olsa Azərbaycana qarşı nə isə etməyə çalışırlar. Ermənistan tərəfinin haqsız iddialarına görə, ermənilərin əsassız iddialarını nəzərə alaraq, ölkəmizə qarşı ittihamlar irəli sürən Qərb, elə məhz münaqişənin həllində məsul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıdığını xarırlamalıdır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində bir dənə də addım atmayan, bircə dəfə də olsa Ermənistanı qınamayan, qətnamələrin icrasına görə bir çağırış belə etməyən, amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul edən amerikalıları xalqımız unutmayıb və onların iddia etdikləri “demokratiya”da, “sülh” də bizə lazım deyil. Elə bu rakursda, bu prizmada bundan sonra da amerikalılara, ümumiyyətlə, ölkəmizə diqtə etmək istəyənlərə, təhdid dili ilə danışanlara, çirkin niyyətlə burnunu daxili işlərimizə soxanlara öz yerləri göstəriləcək. Necə ki, USAİD kimi bir təşkilat hələ illər öncə ölkəmizdə ifşa olunmuşdu, eləcə də Amerikaya, Qərbə aid olan bütün şəbəkələr təmizlənməli, onlarla qətiyyən əməkdaşlıq edilməməlidir.

Öz ağasını dəyişməyə hazır olduğunu dəfələrlə bəyan edən, bunun üçün əldən-ayaqdan gedən, əvvəlki müttəfiqlərinə də buna görə xəyanət edərək özünü göstərməyə çalışan, özlərini sığortalamağa cəhd edən, amerikalılara qucaq açan ermənilər dünyada baş verənləri görməsələr, dərk etməsələr də, yəqin ki, ukraynalıların başlarına gələni yaşadıqları zaman dərk edərlər. Zehni və yaddaş problemlərindən əziyyət çəkən ermənilərə xatırlatmaq yerinə düşərdi ki, nə qədər zəmanət alsalar da, nə qədər sığortalandıqlarını düşünsələr də, buna əmin olmaları fəlakətlər vəd edir. Rəsmi İrəvan artıq Tbilisi və Kiyev nümunəsində reallıqların nədən ibarət olduğunu dərk etməlidir. Dərk etməlidir ki, öz ərazilərinin bir hissəsini artıq itirən, tələfat və itgilər verən Gürcüstanda və Ukraynada bir dənə də olsa amerikalı zərər çəkmədi. Haylar bilməlidirlər ki, eyni ilə ruslara qarşı odlu-alovlu nitqlər edən, bəyanatlar səsləndirən, sanksiyalar kəsən amerikalılar ukraynalıların yerinə zülm içərisində qalmadılar. Bilməlidirlər ki, Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti heç bir ölkədən, həmçinin Amerikadan asılı bir dövlət deyil və hansısa ölkənin nə köməyinə, nə dırnaqarası “demokratiyasına”, nə də Ukraynada yaratdığı “sülhə” ehtiyac duymur və ümumiyyətlə, bizə Qərbin, Amerikanın gətirmək istədiyi lazım da deyil. Bir sözlə, əgər haylar amerikalıların bizdən üz döndərmələrinə nail ola bildiklərinə görə öyünmək fikrindədirlərsə, yanılırlar. Əvvəla ona görə ki, qüdrətli Azərbaycanın kimsəyə, kimsənin də gətirmək istədiyinə ehtiyacı yoxdur və digər tərəfdən də ermənilər qoy həmin o amerikalıları öz ölkələrində eyni ilə Ukraynada yaratdıqları “demokratiya” və “sülh” şəraitini yaratmağa dəvət etsinlər. Bütün bunların fonunda isə ABŞ və Fransa kimi ölkələrin, məhz beynəlxalq hüququn norma və prinsplərinə əsaslarnaraq, öz haqlarını bərpa edən, təhlükəsizliyi təmin edən, sabitlik yaradan Azərbaycana qarşı ittihamları da mənasız və yersiz səsləndiyini həm amerilalar, həm fransızlar, həm də haylar bilsinlər. Bilsinlər ki, müharibələr, münaqişələr, fəlakətlər törədən, xaos və qarışıqlıqlar yaradan yalançı sülh göyərçinləri bizə lazım deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə