Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, belə göründü ki, sülhü təşviq etmək niyyətində deyil. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən son toplantısında Ermənistan-Azərbaycan münasibətləri məsələsinə toxunan Borrellin bəyanatından sonra hər kəs buna tamamilə əmin oldu. Hər kəs əmin oldu ki, haqq, ədalət, hüquq, qanun, normalar həmin o “ali nümayəndə” üçün qətiyyən ali dəyər hesab olunmur və onun Azərbaycana qarşı qərəzli münasibətindən sonra hər kəsin bunu deməyə tam şəkildə haqqı çatır.
Cozep Borrell 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərini qətiyyən dəyərləndirmək niyyətində olmadığını ortaya qoydu. Azərbaycanın öz ərazisində, Qarabağ iqtisadi rayonunda apardığı antiterror tədbirləri ilə separatçı ermənilərin həmin ərazilərdə artıq bundan sonra mümkün toqquşma, qarşıdurma, təxribat və hətta terror etmək cəhdlərinin qarşısını alması Avropanın “baş diplomatı” tərəfindən layiqincə, doğru, düzgün və ədalətli şəkildə qiymətləndirilmədi. Bununla yanaşı Borrell Azərbaycanı təcavüzkar kimi göstərən təxribat xarakterli bəyanatlar səsləndirməyi də özünə rəva bildi. Bəlli oldu ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi də erməni lobbisinin oyuncağına çevrilib və ermənipərəstlik, ermənilərə alət olmaq, hayların maşası olmaq onun üçün ali dəyərlərdən daha “dəyərli” imiş.
“Bizim Azərbaycana mesajımız həmişə aydın olub: Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulması qəbuledilməzdir və bizim münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”, deyən Borrell, ölkəmizə qarşı olan qərəzli mövqeyi fonunda ədalətsizlik etməklə bərabər, ikiüzlülük də edib. Əvvəla, Borrell çox yaxşı bilir ki, öz torpaqlarını beynəlxalq normalar çərçivəsində və öz gücü, öz hərbi qüdrəti, potensialı ilə işğaldan azad edən Azərbaycan heç bir ölkənin ərazi bütövlüyünü pozmayıb, belə bir niyyəti də yoxdur və antiterror tədbirləri də öz ərazilərimizin separatçılardan, terrorçulardan təmizlənməsi məqsədi ilə aparılıb. Digər tərəfdən də axı, Avropanın “baş diplomatı” məhz ermənilərin özlərinin təxribatçı olduğunu da yaxşı bilir və bütün bunların fonunda utanmadan da ikiüzlülük edir. Əgər bu “ali nümayəndə” ali dəyərləri hesaba da almadan terrorçuluğa, separatçılığa qarşı mübarizənin əleyhinədirsə və həmin o terrorçuların, separatçıların tərəfindədirsə, qoy onları Avropaya dəvət etsin, istədiyi qədər də onların tərəfində dursun, orada da separatçılığı, terrorçuluğu təbliğ etsin, genişləndirsin və qətiyyən də Azərbaycanın təhlükəsizliyin təminatı istiqamətində gördüyü işlərə qarışmasın, qərəzli şəkildə yanaşması, münasibəti, mövqeyi də özünə qalsın.
Maraqlıdır ki, Azərbaycan ərazisinin iyirmi faizi faktiki olaraq Ermənistan tərəfindən, erməni silahlı dəstələri tərəfindən işğal ediləndə bu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi harda idi və o zaman niyə ölkəmizin ərazi bütövlüyünün hərhansı şəkildə pozulmasının qəbuledilməz olduğu barədə bəyanat vermirdi? Ən çox ikrah doğuran odur ki, Azərbaycanın heç bir ölkənin sərhəddini keçmədən, heç bir ölkənin ərazisinə daxil olmadan öz ərazisində apardığı antiterror tədbirlərinə, ərazisinin işğaldan azad edilməsinə absurd şəkildə mövqe bildirən Borrell ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin ölkəmizin ərazisinə silahlı təcavüzlə daxil olub, ərazilərimizi işğal etməsinə görə 30 ilə yaxın bir kəlmə də demədi. Etnik təmizləmə siyasəti və niyyəti ilə ermənilər azərbaycanlıları əvvəlcə Ermənistandan, sonra da Qarabağdan silahlı təhdidlə çıxarmağa başlayan zaman, həyati təhlükə, ölüm, işğəncə, əsrlik təhlükəsi qarşısında qalan həmvətənlərimiz məcburi şəkildə öz yurd-yuvalarını tərk etdikləri vaxt “ali nümayəndənin” qətiyyən səsi çıxmadı.
Qaradağlıda 90 nəfər, Ağdabanda 67 nəfər, Başlıbeldə 27 nəfər, Ballıqayada 24 nəfər və insanlıq dramı kimi tarixə yazılan Xocalı faciəsində 613 nəfə azərbaycanlı erməni vəhşiləri, vandalları, separatçıları tərəfindən amansızlıqla qətlə yetiriləndə Borrell susdu və qətiyyən Ermənistan əleyhinə, vəhşilik və vandallıq əleyhinə bəyanat vermədi. Amma heç bir əsas olmadan, səbəbsiz bir şəkildə “ermənilərin qoruyucusu” kimi özünü göstərdi və Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi kimi əldən-ayaqdan getməyə başladı. Xocalıda erməni vandallarının azərbaycanlıları vəhşicəsinə qətlə yetirdiklərini, qətlə yetirdikdən sonra da onların cəsədləri üzərində təhqiramiz hərəkətlər etdiyini təsdiq edən saysız-hesabsız foto və video materiallar, faktlar “ali nümayəndə” üçün təsirli olmadı və Ermənistan əleyhinə bəyanat vermədi, amma indi səbəbsiz olaraq, Azərbaycanı hədələməyi vacib hesab etdi. Azərbaycan əraziləri erməni separatçıları tərəfindən vəhşicəsinə işğal ediləndə, işğal altında saxlanalan torpaqlarımız 30 il ərzində hər istiqamətdə talananda, maddi, mədəni, mənəvi, eləcə də təbii sərvətlərinə qarşı ən böyük vəhşiliklər ediləndə, müsəlmanların inanc və ibadət yeri olan məscidlərdə donuz saxlanaraq təhqir ediləndə Borrellin gözü kor, qulağı da kar oldu. Lakin birdən-birə erməni təəssübkeşliyi güc gəldi və baxmayaraq ki, Ermənistanın ərazisinə heç bir müdaxilə olmayıb, belə bir fikir də yoxdur, halbuku, Avropanın “baş diplomatı” nədənsə ermənilərə görə narahat olmalı oldu.
İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları azərbaycanlılara qarşı qətliamlar həyata keçirdiyini, torpaq iddiaları irəli sürdüyünü, bunun fonunda da böyük fəlakətlər törətdiyini Cozef Borrell bilməmiş olmaz. Bilmirsə, o zaman xatırladaq ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, onların yurd-yuvalarını tərk etmələri, məcburi köçkün taleyi yaşamaları ilə müşayiət olunub və bunun da səbəbkarı millətçi ermənilərdir. Əgər Borrell hayların hay-küy qoparmasını əsas gətirirsə, ona daha bir xatırlatma edə bilərik ki, 1916-cı ilin fevralında “Ocuvre dorient” cəmiyyətində təşkil olunmuş konfransda 1915-cı il hadisələrini şərh edərkən, fransız ruhanisi Touclit də ermənilər barədə fikirlərini açıq şəkildə bildirib. “Hadisələr erməni inqilabçılarının müsəlmanları öldürmələri ilə başlamışdır. Bu işin təfərrüatlarını dəqiq bilmirik, amma ermənilərin yaydıqları məlumatlara da inanmaq qeyri-mümkündür”, deyə fransız ruhanisi Touclitin söylədikləri onu deməyə əsas verir ki, Avropada hələ bir əsr bundan əvvəl hamı bilirdi ki, ermənilər yalan danışırlar və onlara inanmaq olmaz. Amma üstündən bir əsrdən də çox zaman keçməsinə baxmayaraq Avropanın “baş diplomatı” ən azından, ermənilərin xisləti və günahkarlığı barədə özünü bilməməzliyə vurur.
“Biz Avropa İttifaqı Şurası rəhbərinin gördüyü iş əsasında Ermənistan və Azərbaycan arasında danışıqları bərpa etməyə çağırırıq. Biz sülh müqaviləsinin bağlanmasını zəruri hesab edirik və vasitəçilik səylərimizi davam etdirməyə hazırıq. Biz Ermənistanın xarici işlər nazirini qarşıdakı nazirlər görüşlərimizdən birində iştirak etmək üçün dəvət etmək qərarına gəldik”, deyən Borrell sadəcə olaraq, rola girir. Çünki Avropa İttifaqı Şurası rəhbərinin gördüyü iş də bəllidir və məsələnin həllinə maneəçilikdən başqa bir şey etmədiklərini özü hamıdan yaxşı bilir. Yaxşı bilir ki, işləri öz yolundan çıxarmaq, başqa istiqamətə döndərmək üçün əllərindən gələni ediblər. Utanmazcasına, həyasızlıqla davamlı şəkildə işğalçı ölkəni, haqsız tərəfi dəstəkləyərək, işğala məruz qalan haqlı tərəfi ittiham etmək iş görməkdir, yoxsa, “ali nümayəndə” bunu Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar hesab edir? Avropanın yüksək idarə və təşkilatlarının divarları arasında antiazərbaycan isterikası ola-ola hansı danışıqlardan söhbət gedə bilər? Avropada da bilirlər ki, anti-Azərbaycan ritorikasına son qoyulmasa, rəsmi Bakı Brüsseldə danışıqlar məsələsinə əhəmiyyət belə verməyəcək. Yəni, Borrell başda olmaqla bütün ermənipərəst avropalılar bilməlidirlər ki, ölkəmizin əleyhinə səsləndirdikləri fonunda hansısa danışıqlardan dəm vurmaları gülünc görünür və bununla da Azərbaycana təsir etmək cəhdləri mənasızdır. Çünki rəsmi Bakı beynəlxalq hüququn norma və prinsplərinə uyğun siyasət yürüdür və Azərbaycan haqq yolundadır, öz haqqı uğrunda da mübarizə aparır.
“Biz Ermənistandakı missiyamızı genişləndirmək, sərhədin həssas ərazilərində xidməti və patrulların sayını artırmaq qərarına gəldik”, deyə bildirən Borrellin bu bəyənatı Avropa İttifaqının Cənubi Qafqazda hansı mövqedə olduğunu göstərir və təsdiq edir ki, məqsəd də ermənilər vasitəsilə öz rollarını sadəcə nümayiş etdirməkdir. “Biz Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılması variantını araşdıracağıq”, deyən “ali nümayəndə” bilmirmi ki, əslində, sülhlə əlaqəsi belə olmayan həmin o Avropa Sülh Fondu Avropa ölkələri tərəfindən Ermənistana silah tədarükünü maliyyələşdirəcək? İşğalçı ölkəni, özü də qonşu ölkələrə qarşı ərazi iddiasında olan, separatçılığa, terrorçuluğa meyilli olan bir ölkəni silahla təmin etmək, silahlandırmaq nə vaxtdan sülhə hesablanmış addım sayılıb? Əgər həqiqətən də Avropa İttifaqı regionda sülh tərəfdarı idisə, sülh istəyirdisə, o zaman niyə Fransanın Ermənistana silah-sursat verməsinə, hərbi texnika göndərməsinə qarşı çıxmır? Bəlkə Qərb, Avropa bilmir ki, belə silahlandırma ilə Ermənistan böyük regional münaqişə ocağına, ikinci Ukraynaya çevrilməkdədir? Amma bunu bilə-bilə sülhdən danışılırsa, bu, cəfəngiyyatdır. Ümumiyyətlə, işğalçını dəstəkləməklə sülhdən dəm vurmaq arasında böyük bir uçurum olduğunu dərk etməyənlər üçün bunun bir paradoks olduğunu anlamaq da görünür, çətin imiş. Eynən “ali nümayəndə” ilə ali dəyərlərə sayqısızlıq, hörmətsizlik arasında olan paradoks da görünür, elə bu rakursda Avropa başa düşülməyib...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB