Qərb Orta Asiyaya can atır - ANALİTİK

Qərb Orta Asiyaya can atır - ANALİTİK

Avropa region ölkələrinə yeni əməkdaşlıq formatı təklif edir, yoxsa?..

Avropanın “ağsaqqalı” Fransanın ardınca Almaniya da Şərqdə, daha konkret desək Orta Asiyada “dost” axtarışındadır. Guya iqtisadi tərəfdaşlar axtarırlar. Afrikadan, qovulduqları digər regionlardan qazandıqlarını və əslində bu gün itirdiklərini asiyalıların hesabına kompensasiya etməyə çalışırlar. Avropanın enerji sektoru indiyədək tam olaraq kənar ölkələrin hüsabına ödənilirdi, bu gün isə ənənəvi “tərəfdaşlar” onlardan imtina ediblər. Çünki avropalılar etibarsızdırlar, dostluqları “darı sovulana” qədərdir. Orta Asiya ölkələrinə yürüşlərinin əsas məqsədi də “xam torpaqlar” ələ keçirmək, Rusiyanın hegemonluğunu neytrallaşdırmaqdır.

İtaliya prezidenti Sercio Mattarella Özbəkistanla “İtaliya – Mərkəzi Asiya” dialoquna başlayıb. Noyabrın 10-da Daşkənddə prezident Şavkat Mirziyoyev ilə danışıqlar aparılıb və nəticədə ölkələr arasında strateji tərəfdaşlığı genişləndirən sənədlər paketi imzalanıb. İtaliya tərəfi Özbəkistanın ÜTT-yə erkən üzv olmaq istəyini və Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin qəbulunu dəstəklədiyini bildirib. İtaliya prezidentinin səfərinin eyni dərəcədə mühüm hissəsi təhsil və turizm məsələlərinə həsr olunub. Sercio Mattarella qızı Laura Mattarellanın (İtaliyanın birinci xanımı statusu ilə) şirkətində İtaliyanın arxeoloji missiyasının fəaliyyət göstərdiyi Səmərqənddə olub.

Bu, İtaliya prezidentinin Özbəkistana cavab səfəridir. 2023-cü ilin iyununda Özbəkistan lideri Şavkat Mirziyoyev İtaliyaya səfər edib. Eyni zamanda, siyasət, təhlükəsizlik, iqtisadiyyat, enerji və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa təkan verən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə və bir sıra sənədlər imzalanıb. Milanda keçirilən biznes forumun yekunlarına görə investisiya sazişləri portfeli 9 milyard avro təşkil edib. İtaliya şirkətləri Özbəkistanda biznesin inkişafı üçün bir neçə perspektivli sahələr müəyyən ediblər. Onların arasında toxuculuq sənayesi, tikinti materiallarının istehsalı, metallurgiya, kimya sənayesi, avtomobil sənayesi, elektronika, kənd təsərrüfatı və kənd təsərrüfatının emalı var.

Şavkat Mirziyoyev və Sercio Mattarella arasında hazırkı danışıqlar məntiqi olaraq Daşkəndin Avropa ölkələri ilə əməkdaşlığı dərinləşdirmək siyasətini davam etdirir. Yada salaq ki, bu yaxınlarda Lüksemburqda Aİ və Mərkəzi Asiya ölkələri enerji sektorunda əməkdaşlığı genişləndirməyə, Aİ ölkələri üçün vacib ehtiyatların hasilatı və emalı sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirən “yol xəritəsi” təsdiqlənib. Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell qeyd edib ki, Avropa İttifaqı qlobal çağırışların öhdəsindən gəlmək üçün tərəfdaşlıq təklif edərək, Mərkəzi Asiya ölkələri ilə strateji əməkdaşlığı dərinləşdirməyə çalışır. İtaliya Aİ-nin üzvü kimi Şərq Tərəfdaşlığı strategiyasını, xüsusən də Mərkəzi Asiya ilə bağlı fəal şəkildə həyata keçirir. Baş nazir Giorgia Meloni regionun strateji əhəmiyyətini vurğulayaraq, sosial-iqtisadi və mədəni öhdəliklərin yerinə yetirilməsi üçün “1+5” görüş formatını təklif edib.

Ekspertlər hesab edir ki, İtaliya regionun siyasi cəhətdən ən sabit ölkəsi kimi Mərkəzi Asiyaya Özbəkistan vasitəsilə daxil olmaq qərarına gəlib. Özbəkistanda iqtisadi, sosial və hüquqi sahədə aparılan islahatlar Qərb institutları tərəfindən müsbət qiymət alır. Buna görə də İtaliya Özbəkistanın ÜTT-yə tez daxil olmaq və Avropa İttifaqı ilə genişlənmiş tərəfdaşlıq sazişi imzalamaq istəyini dəstəkləyir.

Özbəkistan üçün İtaliya yüksək texnologiyalar baxımından maraq kəsb edir, ona görə də Daşkənd yüksək texnoloji səviyyəyə malik İtaliya şirkətlərini Özbəkistan iqtisadiyyatının modernləşdirilməsində iştirak etməyə dəvət edir. Bu gün Özbəkistanda İtaliya kapitalının iştirakı ilə 52 müəssisə, o cümlədən 33 birgə müəssisə və 100 faiz İtaliya kapitalı ilə 19 müəssisə fəaliyyət göstərir. Ən çox üstünlük verilən sahə Özbəkistan və İtaliya arasında ticarətə aiddir. Bu ilin doqquz ayı ərzində ikitərəfli ticarət dövriyyəsi təxminən 390 milyon dollar təşkil edib.

“Özbəkistan Avropa ilə Asiya arasında körpüdür, tərəfdaşlıq baxımından strateji ölkədir, böyük potensiala malikdir. Biz Özbəkistanın müasir inkişafında iştirak etmək istəyirik və çoxtərəfli əlaqələrimizi dərinləşdirməyə hazırıq. Sahibkarlar qabaqcıl texnologiyalar və yüksək keyfiyyətli son məhsullar təklif edərək əməkdaşlığa hazırdırlar. Biz ikitərəfli əməkdaşlığın bütün potensialını reallaşdırmaq üçün dəstək göstərəcəyik”, - deyə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli bildirib.

İtaliya tərəfi mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi diqqət yetirib. Hər iki dövlət başçıları təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər. Gələn il birgə təhsil forumunun keçirilməsi barədə razılığa gəliblər. Tədbir iki ölkə alimlərinin ən yeni tədris metodları, təhsil sisteminin müasirləşdirilməsi kimi məsələlərlə bağlı fikir və təcrübə mübadiləsi platformasına çevriləcək. Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Kamilə Sabirovanın sözlərinə görə, son illər Özbəkistanda təhsil sektoru yüksək templə inkişaf edir və ona diqqət artırılır. Qlobal Təhsil Xərcləri 2022 reytinqinə görə Özbəkistan təhsil xərclərinə görə ilk iyirmi ölkə sırasındadır.

Məsələn, Daşkənddəki Turin Politexnik Universiteti 2009-cu ildən bəri Özbəkistanda mühəndislik təhsili və italyan texnologiyalarının yayılmasında liderdir. Sergio Mattarella universitetdə olub və burada çıxışında qeyd edib ki, “Turin Politecnico ilə uzunmüddətli əməkdaşlıq on ildən artıq işin nəticəsidir və hər iki ölkə üçün konkret yoldur”. Bu universitetin bazasında gələn il Qabaqcıl İtaliya Texnologiyalarının Transferi Mərkəzi fəaliyyətə başlayacaq.

Dövlət başçıları Özbəkistanda italyan dilinin öyrənilməsinə marağın artdığını da qeyd ediblər. Bununla bağlı müəllimlərin hazırlanması və məktəblərdə italyan dilinin tədrisinin mərhələli şəkildə tətbiqi barədə qərar qəbul edilib. Kamilə Sabirovanın sözlərinə görə, İtaliyanın təhsil sahəsində göstərdiyi yardım, ilk növbədə, sürətlə dəyişən dünyanın tələblərinə cavab verən daha keyfiyyətli, müasir biliklər əldə etməyə imkan verəcək. İkincisi, öyrənilən sahələr üzrə bilik, ideya və qabaqcıl təcrübə mübadiləsi aparmaq, üçüncüsü, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi. Nəticə etibarı ilə tələbələr daha səmərəli və effektiv şəkildə təlim keçəcək və bu, şübhəsiz ki, Özbəkistanın iqtisadiyyatına töhfə verəcək.

Beləliklə, Avropa müəyyən bəhanə və üsullarla Asiya bazarlarına can atır. Fransa, Almaniya, bu gün isə İtaliyanın timsalında səfərlər intensivləşib. Bu səfərlərin mahiyyətini özbəklər də daxil, asiyalılar bilməmiş deyillər. Avropalıların nə qədər yırtıcı olduqlarını hər kəs bilir. Ona görə də onların hər hansı dostluq təklifini “min ölçüb, bir biçmək” lazımdır ki, sonra peşmançılıq olmasın.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə