“Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı çoxşaxəlidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Prezident İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışı bir daha onun göstəricisidir ki, iki ölkə arasında sözün əsl mənasında tam yeni bir əməkdaşlıq mərhələsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Həm Türk Dövlətləri Təşkilatı, həm İƏT çərçivəsində atılmış birgə addımlar, həm də ayrıca Azərbaycan-Özbəkistan əlaqələrinin sürətli inkişafı olduqca mühüm nəticələrə səbəb olub. Perspektivdə isə şübhəsiz ki, daha böyük işlər həyata keçiriləcək.
Cənab İlham Əliyev noyabrın 9-da Zirvə toplantısında çıxış edərkən də bəyan etdi ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Məlumdur ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra 2023-cü il avqustun 22-də ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olmasına dəlalət edir. Həmin səfərdən sonra Prezident İlham Əliyev "Biz bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik" – deyə bildirmişdi.
Burada bir məqamı xüsusi qeyd etməliyik ki, İkinci Qarabağ savaşından, Zəfərimizdən dərhal sonra Prezident İlham Əliyev türk dövlətlərinin sıx əməkdaşlığı, strateji müttəfiqliyi istiqamətində ciddi addımlar atdı. Faktiki olaraq bu yöndə əsas təşəbbüskar Azərbaycan Prezidentidir. Onun bu strategiya və təşəbbüslərinin böyük nəticələrini bütövlükdə türk dünyası görür. Cənab İlham Əliyevin bu siyasəti onun nə qədər müdrik, praqmatik siyasətçi olmasının daha bir təsdiqidir.
Ayrıca Özbəkistanla münasibətlər təkcə siyasi müstəvidə deyil, iqtisadi, nəqliyyat və digər sahələr üzrə də ən yüksək səviyyədədir. İki ölkə arasında Ali Dövlətlərarası Şuranın yaradılması ilə əlaqələrin inkişafı daha sürətli aparılır. Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı çoxşaxəlidir. Ekspertlər hesab edir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəldilməsi imkanları var. Bu məqsədlə energetika, turizm, maşınqayırma və digər sahələrdə əməkdaşlıq daha da dərinləşməkdədir. Şübhəsiz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Özbəkistanla da nəqliyyat – logistika sahəsində daha böyük imkanlar açılmış olacaq.
Özbəkistan Qarabağda quruculuq, abadlıq işlərində də aktiv iştirakçıdır. Özbəkistan Prezidenti Azərbaycanda səfərdə olarkən Füzuliyə də getdi və doğma yurduna qayıtmış, yeni evlərə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşdü. Özbəkistan Azərbaycana siyasi-mənəvi dəstəyini həm də Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb inşa etməsi ilə göstərib”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB