“Tariximizdə hələ belə bir şanlı dövr olmamışdı” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan dövləti son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoydu. Bununla da Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrü başladı. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmışdır. Həmçinin kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdi. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyil.
Həm Birinci, həm də Vətən Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törətmişdir. İşğaldan azad edilmiş ərazidə Ermənistanın mina terroru hələ də davam edir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə də çox sayda azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri öz sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir. Artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilmişdi.
Bu il isə 8 noyabr tam fərqli şəkildə qeyd olunacaq. Qədim Azərbaycan torpaqlarında Xankəndidə qeyd olunması bütün Azərbaycan xalqının arzusunun ifadəsidir. Mən deyərdim ki, bu, şəhidlərimizin ruhu, yaxınlarının qəlbini də şad edəcəkdir. Azərbaycan dövlət başçısı elə bir zəfərin təməlini qoydu ki, tariximizdə hələ belə bir şanlı dövr olmamışdı. Azərbaycanın qurucusu xilaskarı olan Ulu Öndərin davamçısı Azərbaycan xalqını gələcəyini və qürurunu xilas etdi. Zəfərin təntənəsi bu il Qarabağdan bütün dünyaya yayılacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB