""Zəfər günü"nü istənilən formada qeyd etmək bizim halal haqqımızdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

""Zəfər günü"nü istənilən formada qeyd etmək bizim halal haqqımızdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan ərazisində parad keçirmək bizim suveren hüququmuzdur. Təbiidir ki, 30 illik işğal dövründən sonra Azərbaycan problemlərini özü həll etdi. Baxmayaraq ki BMT-nin 4 qətnaməsi var idi. Eyni zamanda Avropa Parlamenti dəfələrlə guya müraciət edirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlara baxmayaraq heç bir beynəlxalq qurum ciddi addım atmırdı: "Azərbaycan öz gücü hesabına qələbə qazandı. Ona görə də biz qələbəmizlə fəxr edirik. Qələbə münasibətilə keçirilən parad da bizim üçün qürurvericidir. Yüz illər də keçsə, biz bu zəfərimizi unutmayacağıq. Bu barədə bir çox kitablar yazılacaq, filmlər çəkiləcək. Zəfərimiz barədə məlumatları gələcək nəsillərə də ötürməyə davam edəcəyik. Ermənistan bundan şoka düşməməlidir. Çünki 8 Noyabr "Zəfər günü"nü istənilən formada keçirmək bizim halal haqqımızdır. Bütün dünya axır ki başa düşür və bizi dəstəkləyir ki, Azərbaycan doğru addım ataraq öz suveren hüquqlarını bərpa edib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə