"Azərbaycanın hər bir torpağı bizim üçün doğma və əzizdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanın hər bir torpağı bizim üçün doğma və əzizdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlumdur ki, 30 ilə yaxın idi ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisini işğal etmişdi. Azərbaycanın hər bir vətəndaşı da onun hər qarış torpağının azad olması arzusunda yaşayırdı. Azərbaycanın hər bir torpağı bizim üçün doğma və əzizdir. Azərbaycan Respublikasının Prezidenti qarşısına qoyduğu məqsədi həyata keçirmək üçün gecə-gündüz fəaliyyət göstərməkdə idi. Nəticə olaraq üç il öncə, 27 sentyabrda əks-hücum əmri verildi və torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Xankəndi və Xankəndi ətrafındakı kəndlər isə bir günlük antiterror tədbirləri nəticəsində azad edildi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi: "Bu Azərbaycan xalqının şərəf və ləyaqəti idi. Bu illər ərzində Azərbaycanın hər bir vətəndaşı torpaqları işğal altında olduğu zaman özünü narahat hiss edirdi. Bu həm Vətəndə, həm də qürbətdə yaşayan vətəndaşlarımıza aiddir. Şükürlər olsun ki, cənab Prezidentin apardığı daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu.

Uzun müddətdir ki, Azərbaycan Prezidenti balanslı siyasət yeridirdi. Bu balans siyasətin də geosiyasi maraqlarını uzlaşdırırdı. Bildiyiniz kimi, dünyada supergüclərin maraqları toqquşub. Bu maraqların toqquşması Cənubi Qafqazda da özünü əks etdirirdi. Hazırda da bu proses gedir".

Azad Məsiyev sözlərinə belə davam edib: "Daxili siyasət nəticəsində də Azərbaycanda vahid birlik yarandı. 44 günlük müharibə zamanı xalq bir yumruq altında birləşdi. "Dəmir Yumruq" simvolu təsadüfi seçilməmişdi. Xalqın birliyi nəticəsində güc əldə edildi. Gücün sayəsində də torpaqlar azad edildi.

Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəman adına layiq olacaq şəxsiyyətdir. Çünki o, hər bir azərbaycanlının arzusunu həyata keçirdi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə