"Prezident güclü model ortaya qoydu” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Vətən torpağının yadellilərdən, işğalçılardan azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyir, onları qürurla anıram. 27 sentyabr Azərbaycanın şərəfli tarixinin ən parlaq səhifələrindən biridir. Bu gün bütün millətimiz müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək, işğalçılara qarşı Vətən müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində düşmən əzildi, torpaqlarımız işğalçılardan azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu qələbəyə gətirən bir çox səbəblər var: “Qələbənin memarı dövlət başçımızdır.

44 günlük Vətən müharibəsindən keçən qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi ilə məşğul oldu, ərazilərimizi dirçəltdi. Həm də bu işlər təkbaşına, heç bir xarici təşkilat və dövlətin yardımı olmadan həyata keçirildi. 44 günlük müharibədən sonra Azərbaycan hava limanları açdı, dəmir və avtomobil yolları çəkdi. Bütün zəruri infrastruktur yaradıldı.

İkinci ən böyük hadisə Laçında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin quraşdırılması oldu. Əhəmiyyətinə görə, bu, 44 günlük müharibədə qazanılan qələbə miqyasında hesab oluna bilər. Bununla Azərbaycan dövləti dünya birliyi tərəfindən tanınmış bütün sərhədlərinə nəzarəti əlinə aldı.

Böyük Vətən müharibəsindən sonra üçüncü ən böyük hadisə sentyabrın 19-20-də həyata keçirilən məhdud, lokal xarakterli anti-terror tədbirləridir. 24 saata qədər davam edən anti-terror tədbirləri nəticəsində ərazimizdə olan düşmənin silahlı birləşmələri, hərbi bazaları, silah-sursat anbarları məhv edildi. Bununla da düşmən Azərbaycanın şərtlərini qəbul etdi, işğalçı ölkənin ərazilərimizdə yaratdığı separatçı qurum Azərbaycan dövlətinin şərtlərini qəbul edərək, diz çökdü. Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə bərpa edildi.

Hesab edirəm ki, 2020-ci ildən sonra baş verənlər millətimizin arzu və xəyallarının gerçəkləşməsidir. Gözümüzün önündə olan bu hadisələr sadəcə arzularımız olan ərazilərimizin işğaldan azad edilməsi, sərhədlərimizə nəzarətin qazanılması və suverenliyimizin bərpası ilə məhdudlaşmır. Cənab Prezidentin rəhbərliyi altında qazanılan bu qələbə miqyasına görə planetar xarakter daşıyır. Hər şeydən əvvəl ona görə ki, 200 ildən bəri davam edən erməni təkəbbürlülüyünə və onun vəhşiliyinə son qoyuldu. Erməniləri müdafiə edənlərə ağır zərbə vuruldu, düşmən məhv edildi. Vurulan zərbə erməniləri mənəvi, psixoloji böhrana qərq etdi. Zənnimcə bundan sonrakı minilliklər tariximiz üçün cənab Prezident güclü model ortaya qoydu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə