Qarabağdakı qondarma qurum Bakının şərtlərini qəbul edərək, öz silahlı qüvvələrinin buraxılmasına, habelə erməni əhalisinin təhlükəsizliyinə təminat verilməsinə dair Azərbaycanla danışıqlara başlamağa razılıq verdilər və Yevlax şəhərində keçirilən görüşdə iştirak etdilər. Prezident İlham Əliyev deyib ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olub. Bu o deməkdir ki, regionun tanınmamış dövlət kimi mövcudluğu tarixi başa çatıb. Razılaşmaların əldə olunmasındakı roluna görə, Rusiya hələlik regionda qalır. Bu arada Qarabağda antiterror tədbirlərinin dayandırıldığı elan edildikdən sonra da bəzi insidentlərin, erməni tərəfinin şərtlərə əməl etmədiyi barədə xəbərlərə də rast gəlinir.
Azərbaycanın sentyabrın 19-da antiterror tədbirlərinə başladığı Qarabağ iqtisadi rayonunda vəziyyət bir gün tamam olmamış dəyişdi. Tanınmamış qondarma qurum, erməni separatçıları hərbi qüvvələrini tərksilah etməyə və regionun erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Bakı ilə danışıqlara başlamağa razı olduqlarını bəyan etdilər. Rəsmi Bakı da bəyanatla çıxış etdi. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, "Rusiya sülhməramlı kontingenti vasitəsilə daxil olmuş Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti nəzərə alınaraq, sentyabrın 20-də antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub".
Bu şərtlər yerinə yetirilərsə…
Birincisi, Azərbaycan tərəfi təkid edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri və Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri silahlarını təhvil versinlər, həmçinin mövqelərini tərk etsinlər. İkincisi, Ermənistan Respublikasının silahlı qüvvələri Qarabağ ərazisini tərk etsinlər. Qeyd edək ki, İrəvan əvvəllər bəyan etmişdi ki, Ermənistan ordusu regionda deyil, amma... Digər məsələlərlə yanaşı, Bakı vurğulayıb ki, qeyd olunanların hamısı Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla həyata keçiriləcək. Sonradan məlumat yayıldı ki, Qarabağ ermənilərinin nümayəndələri ilə Bakı təmsilçiləri sentyabrın 21-də Azərbaycanın Yevlaxında görüşəcəklər və görüşdülər, nəticələr də var. Burada bir maraqlı və vacib nüans var, Azərbaycan qondarma qurumun üzvləri ilə danışmaq istəmədi. Bakı onları separatçı və cinayətkar hesab edir.
Azərbaycanın fikrincə, bütün danışıqlar onun ərazisində aparılmalıdır, çünki 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir. Sentyabrın 20-də axşam Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, əməliyyatın bütün məqsədlərinə nail olunub və Bakı Qarabağ üzərində suverenliyi bərpa edib. "Biz buna dəqiq silahlardan istifadə etməklə nail olduq, eyni zamanda, mülki əhali silahlı qüvvələrimizin peşəkarlığı sayəsində özünü tam qorunmuş hiss etdi. Eyni zamanda, mülki infrastruktura hər hansı hücumların həyata keçirilməməsi, yalnız hərbi infrastrukturun sıradan çıxarılması barədə göstərişlər verilib", - deyə cənab Əliyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev əlavə açıqlamalar verib. O bildirib ki, Qarabağın erməni sakinlərinin reinteqrasiyası planı artıq hazırdır. Qarabağ erməniləri adından kimin Bakı ilə danışıqlarda iştirak edəcəyi və Azərbaycanda düşmən sayılan, özləri də Azərbaycan tərəfi ilə düşmənçilik edən insanların təhlükəsizliyinə hansı təminatların ola biləcəyi hələlik bəlli deyil. Bu arada Ermənistan mətbuatı rəsmi Bakının separatçı rejimin üzvlərinin ekstradisiya edilməsində israrlı olduğu barədə məlumat yayıb. Qarabağ ermənilərinin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması barədə isə hələlik məlumat verilməyib. Ermənistan Fövqəladə Hallar Nazirliyi hər ehtimala qarşı Qarabağa ən yaxın yaşayış məntəqələrində qaçqınlar üçün şəhərciklər salmağa hazır olduğunu bildirib.
Sentyabrın 20-də Telegram kanallarında Rusiya sülhməramlılarının yerləşdiyi Xocalı Hava Limanında insanların izdihamının fotoşəkilləri dərc olunub. Rusiya tərəfi indiki eskalasiya zamanı yalnız Rusiya hərbçilərinin həlak olması faktını qeyd etməklə kifayətlənib. Bu arada Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda mülki əhalinin müdafiəsi üçün hər şeyi edir. "Biz İrəvan və Bakının hakimiyyət orqanları ilə daim əlaqə saxlayırıq. Ümid edirik ki, deeskalasiyaya nail olacağıq və problemi dinc istiqamətə köçürəcəyik", - deyə cənab Putin bildirib.
Erməni Tədqiqat Fondunun elmi direktoru Sergey Melkonyan müsahibəsində deyib ki, Qarabağdakı qurum öz mövcudluğunu dayandırır. Ekspert qeyd edir ki, bundan sonrakı proseslər Rusiya sülhməramlılarının himayəsi altında aparılacaq: "Sülhməramlı kontingent silah və texnikanın ötürülməsinə nəzarət edəcək, mülki şəxslərin təxliyyəsini təmin edəcək və qalanlara təminat müzakirə olunacaq". Eyni zamanda, Melkonyan əmin olduğunu bildirib ki, Qarabağda yalnız itirəcək heç nəyi olmayan ermənilər qalacaq. Bu, Rusiyanın vasitəçilik gündəliyi olacaq. Hamı regionu tərk etsə, orada sülhməramlılara ehtiyac olmayacaq.
İrəvan dağılır
Son günlər baş verən hadisələr İrəvanda iğtişaşlara səbəb olub. Sentyabrın 19-u və 20-si axşam saatlarında minlərlə insan paytaxtın mərkəzində mitinq keçirərək hökumətdən Qarabağın müdafiəsi üçün tədbirlər görməsini tələb edib. Bu hərəkətlər hakimiyyət üçün real təhlükəyə çevrilməyib. Ermənistanın baş nazirinin saytında qısa bir xəbər yayılıb: "Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Qarabağdakı mövcud vəziyyət müzakirə edilib. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar". Kreml dəqiqləşdirib ki, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə olub: "Gələcəkdə vəziyyətin gərginliyin azaldılması və sabitləşməsi istiqamətində inkişaf edəcəyinə ümid ifadə edildi".
Rəsmi Bakı bəyan edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Qarabağın erməni sakinlərinin sülhməramlılar vasitəsilə daxil olmuş müraciəti də prosesə yeni rəng verib. Antiterror tədbirləri düz 24 saat davam etdi. Bu da Qarabağ ermənilərinin onları heç kimin qorumayacağını başa düşməsi üçün kifayət idi. Qondarma qurumun üzvləri ən sonda "əhalini xilas etmək lazımdır" deyib, Bakının tələbi ilə razılaşmaq zorunda qaldılar. Bakıda qələbəni elan olundu. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Qarabağ ermənilərinin "nəzəri olaraq Azərbaycanın hakimiyyəti altında yaşaya biləcəyini" təklif etdi. Qarabağ hekayəsi bununla da başa çatdı. Rusiyapərəstlər bölgəni tərk etməyə başlayıb. Rusiya tərəfi çox güman ki, həmin ermənilərin köçürülməsi ilə məşğul olacaq. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan da buna ümid edir.
Bu arada azərbaycanlı qaçqınlar Ermənistanda tərk edilmiş evlərinə qayıtmaq qərarını açıqlayıblar. Azərbaycan statistika orqanlarının məlumatına görə, 1 milyona yaxın insan var. Bu kateqoriyadan olan vətəndaşları təmsil edən Qərbi Azərbaycan İcması ABŞ hökumətini "Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə" çağırıb.
Yevlaxda görüş
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə