Azərbaycanın Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmiş və tədbirdə çıxış etmişdir. Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın regionda eləcə də dünyada artan nüfuzundan xəbər verir.
Cənab Prezident çıxışında çox mühüm məsələlərə toxunmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrinin xalqlarını çoxəsirlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Buəməkdaşlıq əlaqələrinin dinamikasının artan xətt üzrə inkişaf etdiyini göstərir.
Artıq otuz ildən artıqdır ki, AzərbaycanMərkəzi Asiya ölkələri ilə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət apararaq, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər.
İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaş dövlətlər bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.
Milli Məclisin deputatı
Rauf Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB