Azərbaycanda İtkin Düşmüş Şəxslər Probleminə Həsr Olunmuş brifinq keçirilib - YENİLƏNİB - FOTOLAR

Azərbaycanda İtkin Düşmüş Şəxslər Probleminə Həsr Olunmuş brifinq keçirilib - YENİLƏNİB - FOTOLAR

Azərbaycanda İtkin Düşmüş Şəxslər Probleminə Həsr Olunmuş brifinq keçirilib. SİA xəbər verir ki, brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı da iştirak edib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bildirib ki, ölkəmizin üzləşdiyi əsas problemlərdən biri Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır: “3 900-ə yaxın vətəndaş itkin düşmüş hesab olunur: "Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə bilərik ki, itkin düşmüş şəxslər uzun illər ərzində ağır işgəncələrə məruz qalıb, kütləvi məzarlıqlarda dəfn olunub. İndiyə kimi 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar, təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur.

İndiyə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir. Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur. Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur.

Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edirik. Lakin mina təhlükəsi bizə imkan vermir”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov isə qeyd edib ki, artıq işğal faktoru aradan qalxıb və Müzəffər Ordumuz torpaqlarımızı azad edib. Qarşımızda da yeni bir sahə açılıb. Cənab Prezidentə xüsusi təşəkkürümü bildirirəm ki, bu məsələdə ciddi diqqət və qayğısı olub.

Dövlət Komissiyasında çoxsaylı məlumat və materiallar var. Zaman-zaman bunları beynəlxalq ictimaiyyətə çatdırmışıq. Dəfələrlə Dövlət Komissiyasi Ermənistan aidiyyatı sturuktruna əməkdaşlıqla bağlı təkliflər etsə də buna müsbət cavab verilmədi.

Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların sayı 4 minə yaxındır. Bunun əsas səbəbi Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyi, adi insani dəyərlərə əhəmiyyət verməməsi, itkin düşmüşlərlə bağlı faktların uzun müddət gizlədilməsidir. Erməni generallar əsir və girovların öldürülməsi mərasimini keçirirdi. Onlar öz uşaqlarını da belə tərbiyə edirdilər.

Dövlət səviyyəsində bu məsələyə xüsusi diqqət ayrılır. Ermənistan bu məsələdə destruktiv mövqeyini davam etdirir. Təəssüf ki, bizim əməkdaşlıq səylərimizə cavab verilmir.

İlin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik etməli olacağıq. Çünki dövlət qurumlarına əvvəllər itkin düşməsi barədə məlumat verilməyən kəslərin yaxınları bizə müraciətlər edir.

İtkinlərin meyit qalıqlarının eksumaziyası olduqca böyük zaman alan məsələdir. Bunun üçün yüksək təcrübə və digər məsələlər tələb olunur. İtkinlərimizin sayını nəzərə alsaq, bizi qarşıda böyük və ağır bir prosesin gözlədiyini deyə bilərəm”.

Sonda qurum rəsmiləri jurnalistlərin suallarını cavablandırıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə