"Hər kəs yaydığı informasiyalarda son dərəcə diqqətli olmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
“Dövlət Təhlükəsizliyi Xidmətinin dünən vətəndaşlara edilən xəbərdarlığını düzgün hesab edirəm. Çox təəssüf ki, sosial şəbəkə istifadəçilərindən bəziləri daha çox baxış sayı əldə etmək üçün dövlət sirri olan informasiyaları və ya videoları yaymaqda maraqlı olurlar. Onlar başa düşmürlər ki, bununla dövlətimizin müdafiə qabiliyyətinə zərbə vururlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu cür paylaşımlarla Azərbaycan-Ermənistan sərhəd xəttində duran əsgərlərimizin həyatını təhlükəyə atmış olurlar: “Bilmək lazımdır ki, düşmən bütün texniki imkanlarından istifadə edərək, Azərbaycan sosial şəbəkələrini, mətbuatını izləyir. Ermənistanda çox sayda Azərbaycan dilini mükəmməl bilən kadrlar yetişdirilib. Hansı ki, onların sayəsində Ermənistan üçün maraqlı olan məlumatları əldə edir, həm də Azərbaycan adları ilə saxta səhifələr açaraq cəmiyyətdə qarışıqlıq yaradırlar. Bu baxımdan hər kəs yaydığı informasiyalarda son dərəcə diqqətli olmalıdır.
Ermənistanla müharibə bitsə belə, biz çox həssas dövrdən keçirik. Belə ki, qarşı tərəf sülh müqaviləsi imzalamaqdan imtina edir, müxtəlif təxribatlar irəli sürür. Azərbaycan vətəndaşlarının yaydığı məlumatlar isə onlar üçün olduqca böyük əhəmiyyət daşıyır. Məhz buna görə də hər kəs öz üzərindəki məsuliyyəti dərk etməlidir. Əks təqdirdə həmin şəxslər bu və ya digər formada qanun qarşısında cavab verməli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB