Bu gün erməni yalanı, Ermənistanın manipulyasiyası həm ayaq tutur, həm də yeriyir. Dünyanın bəzi ölkə və təşkilatları erməni mənbələrinə istinad edərək yalan informasiyalar tirajlayır, məsuliyyətinə varmadan ölkəmizi ittiham etməyə cəhd edir. Halbuki bir az əziyyət çəkib araşdırma aparsalar problemin həlli yollarına da tez çatarlar. Azərbaycan tərəfi dünya ölkələrindən, beynəlxalq təşkilatlardan “məzlum erməni əhalisi” ifadəsi altında Ermənistanın Qarabağda apardığı separatçı əməllərə diqqət yetirilməsini istəyir. Uzun illərdir ki, məhz bu siyasətlə Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsinə göz yumulması, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərqin qoyulmaması anlaşılan deyil və dünya münasibətlər sistemində bunun analoqu yoxdur. Amma dünya birliyi hələ də Ermənistanın təcavüzkar, separatçı siyasətinə laqeyddir. Məhz bu yanaşma erməni separatçılarına qol qanad verir, onların Qarabağda Azərbaycan qanunlarına, suveren huquqlarına qarşı çıxmalarına təhrik edir.
44 günlük müharibə 2 il 9 ay, 21 güdür ki, başa çatıb. Azərbaycan 30 illik erməni işğalına son qoyub. Torpaqlarını yadellilərdən təmizləyib, BMT TŞ-nin 4 qətnaməsini təkbaşına həll edib, həm də ədaləti bərpa edib. Bəli, Azərbaycan erməni separatçılığının kökünü kəsmək, onu ləğv etmək üçün ən ağır yolu seçməli oldu. Azərbaycan xalqı, dövləti böyük itkiləri ona görə vermədi ki, separatçıların tör-töküntüləri hələ də suveren ərazilərimizdə qalsın, silahlı birləşmələr yaratsın, qanunlarımızı tanımasın. Dünyanın bizə ağıl dərsi keçməyə çalışan elə bir ölkəsi yoxdur ki, öz ərazilərində bənzər hadisələrin yaşanmasına razı olsun, yaxud öz ərazilərində erməni dövlətinin yaranmasına göz yumsun. Fransanı Ermənistanın ən yaxın “bacısı” hesab edirlər. Yəni fransızların dövləti elə siyasət yürüdür ki, sanki öz ərazilərində ermənilərə heç olmasa muxtariyyət səviyyəsində bir status verib və Azərbaycandan da bunu tələb edir. Bu günə qədər nə Fransa, nə ABŞ, nə Rusiya, nə də cənub qonşumuz İran ermənilərə sevgisini bu sayaq ifadə etməyə cəsarət etməyiblər. Deməli, bu, bir oyundur, həm də pis bir oyun…

Ermənistan 44 günlük müharibəyə qədər də, bu gün də özünü regionda terrorçu dövlət kimi aparır. Bu dəfə İrəvanın həyata keçirdiyi və özünün də ən böyük silahı hesab etdiyi ekoloji terrordan da söhbət açacağıq. Bu ölkə qonşularına hansı fəlakətlər yaşatmayıb? İlk olaraq Metsamor Atom Elektrik Stansiyasının törətdiyi fəlakəti yada salaq. Bu AES ötən əsrin 70-ci illərində Rusiya tərəfindən inşa edilib və demək olar ki, ömrünü başa vurub. Buna baxmayaraq ermənilər son anına qədər bu qurğunu tam gücü ilə işlətmək niyyətindədirlər. Hətta elektrik enerjisini qonşu ölkələrə də satır. Bu qədər təzyiq altında işləyən stansiyada bir gün qəzanın baş verəcəyini də gözləmək olar. Çernobıl AES-dən heç də geri qalmayan Metsamor stansiyası partlayarsa qonşu Gürcüstan, Türkiyə, Rusiya, Azərbaycan, İran, Qara, Aralıq, Xəzər dənizi hövzələrindəki ölkələr fəlakət zonasına düşər. Məsələ burasındadır ki, Ermənistan AES-dəki problemləri aradan qaldıracaq gücdə də deyil.
Növbəti ekoloji terror Ermənistanın yeraltı mədənlərdən çıxarılan filizlərin istehsalında yol verdiyi texnoloji qüsurlar zamanı yaşanır. Misal üçün, Kacaran mis-molibden kombinatından Oxçuçaya axıdılan zərərli tullantılan səbəbindən Azərbaycan ərazilərinə qədər uzanan çayda canlı orqanizm demək olar ki, qalmayıb, məhv olub. Azərbaycan tərəfi məsələni beynəlxalq təşkilatlara qədər dəfələrlə çatdırsa da ekoterror bu gün də davam edir.
Ermənistanın yaratdığı bu qədər ekoloji fəlakət azmış kimi Arazdəyəndə inşa edilən metallurgiya zavodu da qonşu ölkələrə bir az daha çox ekoloji problemlər yaşadacaq. Bununla bağlı Azərbaycan müxtəlif kürsülərdən Ermənistanın bu qanunsuz əməllərinin dayandırılması barədə çağırışlar edilsə də proses hələ də davam edir. Ölkəmizin etirazı səbəbsiz yerə qəbul edilmir. Nəticə də acınacaqlıdır. Arazdəyən metallurgiya zavodunun tullantılarının da Araz çayına axıdılacağı istisna edilmir. Çünki, zavodun inşa ediləcəyi yerin seçilməsində bu faktor rol oynayıb.

Azərbaycan ictimaiyyəti, ekofəallar, qeyri-hökumən təşkilatlarının nümayəndələri Ermənistanın Cənubi Qafqazda ekoloji terrorla məşğul olması barədə öz etiraz səslərini ucaltmaqdadırlar. Onlardan biri ilə size tanış etmək istərdik:
Biz, aşağıda imza edən Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobul şəkildə pozmaqla getdikcə gücləndirilən iqtisadi fəaliyyətin 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu bütövlükdə fəlakətə sürükləməsindən dərin narahatlığımızı ifadə edir və bununla mübarizədə səyləri birləşdirmək üçün “Environmental Protection First” (EPF) adlı koalisiya yaratdığımızı elan edirik.
Mütəxəssislər tərəfindən aparılan yoxlamalar Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantılarının Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurduğunu aşkarlayıb. Bütün bunlar əhalinin qayıdışına və təhlükəsiz yaşayışına mane olmaqla, azad edilmiş ərazilərdəki mina, dağıntılar problemləri qədər narahatedicidir.

Ciddi narahatlıqlar və suallarla bağlı bu yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin şəxsən Ermənistanın Baş nazirinə ünvanladığı Açıq Məktubda qaldırılan məsələlərə Nikol Paşinyan tərəfindən cavab verilməməsi, beynəlxalq ekspertlərə Ermənistana gəlib yerində vəziyyəti qiymətləndirməyə şərait yaradılmaması, xarici ölkə QHT-lərinin oxşar məzmunlu müraciətlərinin nəzərə alınmaması bu koalisiyanın qurulmasını şərtləndirir. Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi koalisiyanın əsas işi olacaq.
Bu işdə Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməkliyinə ümid edirik. Çünki bu məsələlər Ermənistan əhalisi üçün də ciddi təhlükə, sağlamlıq riskləri yaradır. Təəssüf edirik ki, bunu yaxşı dərk edən Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına yerli hakimiyyət tərəfindən məhəl qoyulmur, onlar sıxışdırılır. Biz həm də boğulan erməni vətəndaş cəmiyyətinin səsi olacağıq, bütün Cənubi Qafqaz əhalisinin səsi olacağıq. Bu işdə Gürcüstanın vətəndaş cəmiyyətinin də güclü dəstəyinə ümid edirik.
Koalisiya Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saylarına yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırıb. Onlar həmin sənədlərlə tanış olmaq istəyirlər.
Qərbi Azərbaycan İcması isə ekoloji terrordan heç də geri qalmayan daha bir məsələ ilə bağlı Ermənistanın baş nazirinə növbəti çağırışını edib. İcma üzvləri Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyib: “Belə ki, baş nazir Paşinyanın 25 iyul 2023-cü il tarixli mətbuat konfransının bir neçə gün əvvəl dərc olunmuş video yazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “təzminat ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə çıxış edib. Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsinin və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi həqiqətən könüllü olubsa, onda onlara niyə təzminat təklif edilib? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.
Zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbimizdə qətiyyətlə dayanırıq.
Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmamıza qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışığa gedən yolu çətinləşdirir. Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi hamılıqla qəbul olunmuş hüququnun həyata keçirilməsinə imkan verməkdən imtina etməsi bu dövlətin guya demokratik dəyərlərə bağlı olması və insan hüquqlarına hörmət etməsi ilə bağlı iddialarında nə dərəcədə qeyri-səmimi olduğunu ortaya qoyur.
Ermənistanın hüquqlarımızı təmin etməkdən imtina etməsi onun azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı-seçkilik etməsini və “milli azlıq yoxdursa, problem yoxdur” siyasəti yürütməsini birmənalı şəkildə sübut edir.
Biz Ermənistanı 2020-ci ildə münaqişə başa çatdıqdan sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan vermiş Azərbaycan tərəfindən nümunə götürməyə çağırırıq. Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa eyni səviyyədə hörmət nümayiş etdirməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir.
Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim narahatlıqları ilə bağlı İcmamız ilə substantiv dialoqa başlamağı tələb edirik".

Bəli, Ermənistan adlanan terrorçu dövlət öz bəd əməllərini bütün istiqamətlərdə “inkişaf” etdirir. Eyni zamanda məğlub ölkə kimi Azərbaycanın bütün beynəlxalq norma və prinsiplərə söykənən sülh təkliflərini qəbul etmək, müqavilə imzalamaq əvəzinə Qarabağda və onun ətrafında baş verən hadisələrdən öz çıxarları üçün istifadə etməyə çalışır. Erməni siyasi texnoloq Viqen Akopyan yerli mətbuata danışarkən bildirib ki, “Rusiya 2025-ci ildən sonra Qarabağda qalmaq üçün hər şeyi edir. Onun sözlərinə görə, Rusiya hətta beş illik müddət başa çatdıqdan sonra belə öz sülhməramlılarını Qarabağdan çıxarmaq niyyətində deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın 25 iyuldakı mətbuat konfransında sülhməramlıların hansı şərtlər daxilində Qarabağı tərk edə biləcəyi barədə çıxışına münasibət bildirən V.Akopyan bu diskussiyaları süni adlandırıb. V.Akopyan həmçinin Paşinyanın açıqlamalarından sonra cəmiyyətdə yaranmış fikir ayrılıqlarına da münasibət bildirib. Belə ki, Nikol Paşinyanın açıqlamasından sonra bir çoxları sülhməramlıların Qarabağdan çıxacağı halda Rusiyaya qarşı addımlar atılmasını tələb ediblər. Onlar Rusiyanın Gümrüdəki bazasının və kapitalının ölkədən çıxarıla biləcəyini söyləyiblər. Ermənilər düşünür ki, bunun nəticələri həm Qarabağ, həm də Ermənistan üçün ağır olacaq. Onlar Rusiyanın Ermənistanda iştirakının azalacağı halda nələrin baş verəcəyini proqnozlaşdırmaq belə istəmirlər. Qeyd edək ki, söhbət təkcə hərbi-siyasi sferadan getmir, Ermənistanın həyati-vacib resursları – qaz və enerji daşıyıcıları da Rusiya ilə bağlıdır.
Ermənistanda ictimai-siyasi vəziyyət də digər sahələrdəki kimi acınacaqlıdır. Hakimiyyətə qarşı nifrət getdikcə artır. Reallıqla barışmaq məcburiyyətində qalan indiki hakimiyyətin çəmbəri daralmaqdadır. Paşinyanın “TIR şousu” da effek vermədikcə hakim komandada da parçalanma qaçılmaz kimi görünür. Müxalifət, xüsusən də hakimiyyətdə keçmişdə təmsil olunanlar indikilərə qarşı daha sərt mövqe nümayiş etdirirlər. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Paşinyana xitabən “Sən Qarabağı təslim etmisən, indi də Ermənistanı satmağa hazırlaşırsan? Bəlkə, nəhayət, gedəsən?”, deyib.

“Nikol Paşinyan dünən ümumerməni oyunlarının açılışında dedi ki, biz tarixi dövrə qədəm qoyuruq. Bu dövrdə dövlətə qarşı iradəmiz sarsılmaz olmalıdır. Bu o deməkdir ki, “Qarabağla hər şey sona çatıb, baxın görək, Ermənistanı xilas edə bilirik? Sən növbəti məğlubiyyətlər üçün öz günahsızlığına zəmin hazırlamaq istəyirsən?”, – deyə keçmiş baş nazir bildirib.
Qeyd edək ki, Qarabağda “humanitar fəlakət” oyunları da finala yaxınlaşmaq üzrədir. Artıq dünya birliyi ermənilərin iç üzünü gördü, onların Qarabağda yaşayan ermənilərin taleyindən çox “Laçın dəhlizi” üçün “mübarizə apardıqları ortadadır. Deməli, erməni xuntasını və Ermənistandakı maşa sahiblərini Qarabağ ermənilərinin ac qalması qətiyyən maraqlandırmır. “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndiyə Ağdam vasitəsilə daxil olması təkcə bir halda mümkündür. Bu da Vaqif Xaçaturyanın qayıtmasından sonra razı ola bilərik. Bütün digər hallarda bu, inteqrasiyaya məcbur etmək üçün növbəti addım olacaq”, – deyə Tiqran Petrosyan bildirib.
Başqa sözə ehtiyac varmı?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB