"Ermənistan Azərbaycanla ikitərəfli görüşdən çəkinir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan Azərbaycanla ikitərəfli görüşdən çəkinir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Məlum olduğu kimi, bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti görüş keçiriləcək. Verilən məlumatlara əsasən, Rusiya xarici işlər naziri həm hər iki ölkənin XİN rəhbərləri ilə ikitərəfli görüş keçirəcək, həm də üçtərəfli görüş baş tutacaq. Bu, görüş bir ilk deyil. II Qarabağ müharibəsindən sonra xarici işlər nazirləri arasında keçirilən bu görüş müntəzəm xarakter alıb. Rəsmi Moskvanın dəstəyi ilə həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyəsində bir neçə görüş keçirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Xəyal Bəşirli deyib.

Onun sözlərinə görə, bu görüşlərin hər biri Cənubi Qafqazda sülhün əldə edilməsinə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edir: “Təbii ki, Azərbaycanın əsas istəyi bu görüşləri sadəcə olaraq ikitərəfli şəkildə həyata keçirmək və qarşılıqlı anlaşmalar əldə etməkdir. Təəssüf ki, Ermənistan həmişə olduğu kimi, indi də bu görüşləri nəinki üç, hətta daha çoxtərəfli görüşlərə çevirməyə çalışır. Çünki hər bir halda başqa tərəflərin görüşə daxil olması ilə proses uzanır və məsələlərin həlli təxirə salınır. Bu da Ermənistanın maraqlarına xidmət edir. Əslində, Ermənistan daha çox ermənipərəst qüvvələri bu prosesə cəlb etməyə çalışır. Ermənistan döyüş meydanında Azərbaycanla təkbətək olmağa qorxduğu kimi, diplomatik platformalarda da ikitərəfli görüşlərdən çəkinir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, xarici işlər nazirlərinin bu prosesdə missiyası sülh gündəliyinin və dövlət başçıları arasında imzalanması gözlənilən sülh sazişinin mətninin son variantının tərtib edilməsi ilə bağlıdır: “Təbii ki, XİN rəhbərləri öz dövlətləri və prezidentlərinin maraqlarından çıxış edir. Bu prosesdə onların üzərinə böyük öhdəlik düşür ki, həmin bu maraqlardan irəli gələn məsələləri sülh gündəliyinə daxil etsinlər. Azərbaycan tərəfinin maraqları bəllidir. Bu fikirləri səsləndirərkən demək olmaz ki, Azərbaycanın maraqları hansısa beynəlxalq hüquqa və konvensiyaya ziddir. Ötən il martın 11-də xarici işlər nazirləri səviyyəsində Azərbaycan özünün beş baza prinsipləri əsasında formalaşdırdığı təklifini irəli sürdü. Təbii ki, bu bütün dünya tərəfindən normal qarşılanıb. Amma Ermənistan hələ ki bu istiqamətdə heç bir addım atmır.

Bugünkü Moskva görüşündən gözləntilərim ondan ibarətdir ki, hansısa məsələlərlə bağlı detallarda razılaşmalar əldə edə bilərlər. Məsələn, sənədlərin müəyyənləşməsi ilə bağlı hansısa görüşlərin keçirilməsi və ya növbəti görüşlərin planlaşdırılması və s. Lakin hər hansı həlledici məqamda razılaşma əldə olunmasını gözləmirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə