Fransanı bürüyən iğtişaşlar nə ilə nəticələnəcək? - SƏDR DANIŞDI

Fransanı bürüyən iğtişaşlar nə ilə nəticələnəcək? - SƏDR DANIŞDI

“Fransada baş verən hadisələr onu göstərdi ki, Makron hakimiyyəti sözdə demokratiyadan danışsa da, əslində demokratiyadan çox uzaqdır. Makronun altı illik siyasəti dövründə Fransanın demokratik imicinə çox böyük zərbələr vurulub. Bu illər ərzində ardı-arası kəsilmədən müxtəlif səbəblərlə iğtişaşlar baş verib”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bütün Fransanı ayağa qaldırmış bu iğtişaşlar məhz Makronun siyasətinin nəticəsidir: “Bu isə onu sübut edir ki, Fransa prezidenti Makron xalqın tələb və istəklərindən uzaq, diktator rolunda çıxış edən dövlət başçısına çevrilib. Hesab edirəm ki, bu proseslər ləngiyəcək. Əlbəttə ki, iğtişaşın tərəfdarı deyiləm. Günahsız insanların obyektləri, avtomobilləri və s. məhv edilir. Bütün bunların məsuliyyətini siyasi hakimiyyət daşıyır. Belə iğtişaşlar yaşayan bir dövlətə rəhbərlik edən şəxs ən yaxşı halda istefa verərək hakimiyyəti başqa bir şəxsə ötürərdi. Beləliklə Emmanuel Makron əhalinin nifrət və qınağından uzaq ola bilərdi”.

Ç.Qənizadə sözlərinə davam edərək bildirib ki, təbii ki, hər iğtişaşın bir sonu var: “Fransa hakimiyyəti Makronun tapşırığı ilə iğtişaşı törədənlərin qarşısının alınması üçün əlavə 40 min polis qüvvəsi yerləşdirib. İğtişaşlar sona çatdıqda dəymiş maddi zərər hesablanacaq və dövlət sığorta olunan əmlakların hər birinə zərəri ödəməklə bir daha iqtisadi böhran yaşayacaq. Görünən budur ki, nə qədər Makron siyasi hakimiyyətə rəhbərlik edir, Fransada bu cür iğtişaşların yaşanması qaçınılmazdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə