Bu, Ulu Öndərimiz Heydər Əliyevin xalqı ilə bütünləşməsi, bütövləşməsi yolu oldu
Artıq xalqımız üçüncü ildir ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-ü respublikamıza rəhbərlik etməyə başlaması tarixini daha fərqli ovqatla, qalib kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə Müzəffər Azərbaycan Ordusu rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün ərzində xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu, Ermənistanı diz çökdürdü və 2020-ci ilin noyabrın 10-da Ermənistan dövləti kapitulyasiya oldu. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Biz doğma Qarabağımıza qovuşdu.
1969-CU İL İYULUN 14-DƏN BAŞLANAN YOL HEYDƏR ƏLİYEV EPOXASININ UĞURLU DAVAMIDIR
Bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan 14 iyul 1969-cu il böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Bir sözlə, 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi. Azərbaycan xalqının böyük oğlu mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi. Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onu daha da şöhrətləndirdi. Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Yəqin ki, o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı Qarabağ problemi ilə, qara Yanvarla və digər faciələrlə üzləşməzdi. 1990-cı illərin əvvəlində - Vətənin ağır günlərində Ulu Öndər Azərbaycana qayıtdı. O vaxtkı rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana getdi. Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.
53 İL - ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XALQI, MİLLƏTİ İLƏ BÜTÜNLƏŞMƏSİ, BÜTÖVLƏŞMƏSİ YOLU
Həqiqətən də, bu illərin heç birində O, xalqından ayrı, kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. Təsadüfi deyil ki, Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə də öz gerçək Liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, Onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi... Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 54 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. Və …
1993-CÜ İL 15 İYUNDA XİLASKAR MİSSİYALI QAYIDIŞ ETDİ
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi.
HEYDƏR ƏLİYEVİN ARZULARINI GEÇƏKLƏŞDİRƏN QALİB LİDER İLHAM ƏLİYEV
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.
Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı.
Bir sözlə, bu gün məhz uzaqgörən liderin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm tarixi zəfərə imza atıldı. Müzəffər Ali Baş Komandan müzəffər Ordusu ilə qələbə qazandı! Ümummilli Liderin ən böyük arzusunu gerçəkləşdirdi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Əbəs deyil ki, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına qələbə xəbərini çatdırarkən də Ulu Öndərin ruhunun şad olduğunu dedi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim. Bu, böyük qələbədir. Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".
Beləliklə, bu gün torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar açılır. Bu inkişafa gedən yol isə yenə də Heydər Əliyev yoludur! Çünki Heydər Əliyev yolunun işığında Qalib Liderimiz, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır və aparacaq!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB