Laçın şəhərindən Ermənistana növbəti mesaj

“Azərbaycan xalqı Müstəqillik Gününü ikiqat bayram etdi. Bu tarixdə laçınlılar Laçın şəhərinə qayıtdılar. Dövlət başçısı İlham Əliyev bu ilin hədəflərini açıqlayarkən bildirmişdir ki, laçınlılar ilin sonuna qədər dogma torpaqlarına qayıdacaqlar. Bu ilin aprel ayında Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük” söyləyərək soydaşlarımıza Böyük Qayıdışın növbəti mərhələsinin müjdəsini verdi. Hər bir vədini zamanında reallığa çevirən Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Cənab İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Bu işlərin miqyası, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, həmçinin Zallar, Yanşaq kəndlərinin təməlini qoydu, hərbi hospitalın, “Meydan” və “Qamışlı” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etdi, uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Şəhərin Baş planı dövlət başçısına təqdim edildi. Cənab İlham Əliyev Xosrov bəy Sultanov və Zəngəzur, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın”, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının açılışında, Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimində iştirak etdi. Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış oldu. Bir səfər çərçivəsində atılan addımlar sadalanmaqla bitmir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirəcəyimizi bildirmişdi: “Hazırda bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur, soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılır. Ötən ilin avqustunda Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müjdəni vermişdir ki, biz Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ölkə Prezidenti sentyabr ayında Laçın rayonuna səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi məqamı xatırlatmağımız səbəbsiz deyil. Qısa müddətdə, 8 ay ərzində Laçın şəhərinin böyük bir hissəsinin yenidən qurularaq sakinlərini qarşılaması bir daha ölkəmizin hansı imkanlara malik, eyni zamanda, Azərbaycan xalqının qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. Cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirdi ki, ilk 20 ailə artıq Laçında yerləşdi və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi, 9 çoxmənzilli binadır. Bu, hələ tam proqram deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı dəqiq təsəvvür var. İlin sonuna qədər daha çox insanın Laçında yaşaya biləcəyi diqqətə çatdırıldı”.

Malik Həsənov vurğulayıb ki, artıq üç ildir dövlət başçısı İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir: “Bu mühüm addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. 30 il işğal altında qalaraq tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımızda yeni həyatın başlanması, bərpa-quruculuq işlərinin geniş miqyas alması, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə dogma yurd-yuvalarına qayıtması böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə də zəngin olur. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın “Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə