Ermənistanın ardıcıl olaraq uğradığı FİASKO - TƏHLİL

Ermənistanın ardıcıl olaraq uğradığı FİASKO - TƏHLİL

Zəfərimizlə başa çatan 44 günlük savaşdan, baş nazir Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktından sonra üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyə tələsməməkdə Ermənistan tərəfinin məqsədi danışıqlar masasında nəyə isə nail olmaqdır. Amma göründüyü kimi, bütün danışıqlar Ermənistan üçün uğursuzluqla nəticələnir və ermənilər istədiklərinə nail ola bilmirlər, fiasko ilə üzləşməli olurlar. Azərbaycanın yaratdığı yeni reallıqları bütün dünyanın qəbul etmək məcburiyyətində olduğuna Ermənistan tərəfi hər dəfə şahid olur, amma görünür ermənilər hər dəfə uğradıqları uğursuzluqdan, fiaskodan dərs ala bilmirlər.

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə son dərəcə aydın oldu ki, Qarabağ iqtisadi rayonu üzərində suverenliyin tam bərpası üçün Azərbaycanın qanuni fəaliyyətinə heç bir qüvvə mane ola bilməz. Əlbəttə, elə buna görə də Nikol Paşinyanın Praqada bir sıra yeni bəyanatlarla çıxış etməsi və sərhəd məsələləri ilə bağlı fikirləri başadüşüləndir. "Biz deyirik ki, 1975-ci ilin xəritələrinə görə bütün uzunluğu boyunca sərhəd xəttini tanımağa hazırıq", deyən Nikolun çarəsizliyi aydın şəkildə hiss olunur. Bəlkə də belə bir fikir söyləyən Paşinyan bu məsələni hansısa sövdələşmə predmetinə çevirməyə çalışır, lakin özü hamıdan yaxşı bilir ki, buna ümid etməyə dəyməz.

Vovayeviçin narahatlq keçirdiyi, qorxu içərisində olduğu da diqqətdən yayınmır və Vaşinqton danışıqlarına görə Rusiyada cavab verməli olacağına görə keçirdiyi təlaş da aydın şəkildə duyulur. Vaşinqton danışıqları zamanı Azərbaycanın şərtləri ilə razılaşmadan əvvəl düşünmək üçün Ermənistan tərəfinin bir müddət vaxt qazanmaq istəyi də təsadüfi deyildi. Bu, ilk növbədə Rusiya qarşısında cavabdehlik məsələsinə görə idi. Çünki erməni baş nazir bilir ki, Moskvaya getdiyi zaman o bir sıra narahatedici suallara cavab verməli olacaq və Vaşinqton danışıqlarına görə cavabdehlik daşıyacaq. Bilir ki, Ermənistandakı daxili siyasi vəziyyətə bütün təsir rıçaqlarından Kreml hələ də tam istifadə etməyib və istifadə edəcəyi təqdirdə, başda elə onun özü, öz hakimiyyət komandası olmaqla, bütövlükdə erməni cəmiyyəti çox zərər görmüş olacaq.

Digər tərəfdən, Vaşinqton danışıqlarında vaxt qazanmaqla Paşinyan erməni cəmiyyətində elə təəssürat yaratmaq istəyir ki, guya o hələ nəyi isə qorumağa, erməni maraqlarını müdafiə etməyə çalışır. Bir növ yenə də daxili auditoriyaya hesablanan addım atmaq fikrində olduğu ortaya çıxır. O, Ermənistandakı vəziyyətin paradoksal olduğunu da nəzərı alır deyə, bir sıra qərarlar vermək lazım olduğunda vaxt qazanmağı, daxili auditoriyanın fikrini bilməyi, ona uyğun addım atmağı ən təhlükəsiz variant hesab edir. Bir sözlə, bu dəfə də kapitulyator kimi çıxış etməkdən qorxur. Yeri gəlmişkən, belə bir qorxu təkcə Nikola aid deyil və bütün siyasi qüvvələr, elə Ermənistan müxalifəti də bu qorxunu yaşayır.

Artıq erməni cəmiyyəti çox yaxşı başa düşür ki, Vaşinqton danışıqları da, Çexiyadakı danışıqlar da erməni diplomatiyasının uğursuzluğu, fiaskosu kimi qiymətləndirilir. Nikol Paşinyanın Praqada söylədiyi nitqi belə bunu deməyə əsas verir. “Aİ missiyası nəinki təhlükəsizlik zəmanəti vermir, həm də yeni çağırışlar yarada bilər”, deyən erməni baş nazirinin bu sözlərindən iştirakçılar çaş-baş qaldılar və çox güman ki, bu sözlər Avropa Birliyi üçün də gözlənilməz sürpriz oldu. Əvvəla ona görə ki, missiyanın, avropalı müşahidəçilərin Ermənistanda peyda olmasını özü istəmişdi, hətta bunun üçün nə Azərbaycanın, nə də Rusiyanın razılığı alınmayıb. Digər tərəfdən də axı Ermənistanda peyda olan missiya, avropalı müşahidəçilər ermənilər üçün heç nə edə bilməzdi və bu məsələdə Nikolun ağız büzməsi mənasız görünür. Görünən odur ki, baş nazir Paşinyan özünün də, ölkəsinin də uğursuzluqlarını görür və söylədikləri bir növ, bu uğursuzluqların etirafıdır, amma yenə də öz xislətinə uyğun olaraq buna görə yenə də günahı başqasında axtarır.

Əslində, avropalı müşahidəçilər işğalçı ölkədə peyda olduqdan bu zamana qədər ermənilərin törətdiklərinə çox göz yumublar, halbuki Ermənistan tərəfinin dəfələrlə Azərbaycana qarşı təxribat törətməsinə, sərhəddə təxribatlar təşkil etməsinə, atəşkəs rejimini pozmasına ən azından münasibət bildirməli, buna qarşı olmalı idilər. Amma bunu müşahidə edən olmadı. Əksinə, avropalı müşahidəçilər elə müşahidə etməklə də kifayətləndilər. Bundan isə təxribat törədənlər bir az da ruhlandılar və təxribatların sayı durmadan artdı. Ona görə ki, susqunluqla bir növ, onların təxribatçı əməllərinə motivasiya verildi. Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün əlverişli şərait yaratmalı olan avropalı müşahidəçilər erməni təxribatlarına göz yummaqla işlərini bitmiş hesab etdilər. Bununla belə Aİ-nin mülki kəşfiyyat missiyasının yerləşdirilməsi bütün razılaşmaları pozmaq və gizli təcavüzə yol vermək üçün bəhanə ola bilməz və rəsmi Bakının İrəvanı öz öhdəliklərinə əməl etməyə çağırması təsadüfi deyil.

Belə çıxır ki, missiya faktorundan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, o cümlədən ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesinə xələl gətirmək üçün istifadə edilməməli olduğunu ermənilər başa düşə bilməyiblər, halbuki bu barədə rəsmi Bakı bəyan edib. Eyni zamanda o da bəyan edilib ki, missiyanın fəaliyyəti Azərbaycanın qanuni maraqları nəzərə alınmaqla həyata keçirilməli və bu missiyanın fəaliyyətinin həyata keçirilməsi qarşılıqlı etimadı sarsıtmamalıdır. Ola bilsin ki, bunu da avropalı müşahidəçilər nəzərdən qaçırıblar. Hər bir halda görünür ermənilər həmin missiya faktorundan istifadə edərək təxribatlara davam etmək niyyətində olublar və elə zənn ediblər ki, bu ilin yanvarında Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistana mülki monitorinq missiyası göndərdikdən sonra ağıllarına gələni edə biləcəklər. Ermənilər yanıldıqlarını dərk etmək, bundan nəticə çıxarmaq əvəzinə, baş nazirləri Praqada çıxış edərək, Aİ missiyasının təhlükəsizlik zəmanəti vermədiyini, eləcə də yeni çağırışlar yarada bildiyini utanmadan söyləyir. Əslində, Aİ missiyasının regionda olması heç bir şəkildə sülh gündəminin təşviqinə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmədi, əksinə, təhlükəsizlik zəmanəti yox, susqunluğu ilə İrəvan üçün bir cəzasızlıq görüntüsü, illüziyası yaratmış oldu. Erməni baş nazirinin timsalında erməniləri də çaşdıran elə bu oldu və Paşinyanın Praqa səfəri də göstərdi ki, Ermənistan Cənubi Qafqazın regional gündəliyində olan avropalı tərəfdaşların, Çexiyanın özünün də hərtərəfli dəstəyinə ümid etməkdə yanılır. Gec də olsa Nikol anladı ki, nəyə isə ümid etməyə dəyməzmiş və məhz buna görə də o Çexiyanın baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında çıxış edərək beynəlxalq ictimaiyyəti “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasına aydın və məqsədyönlü qiymət verməyə” çağırdı. Bir sözlə, Çüxiyanın deyil, beynəlxalq ictimaiyyətin dəstəyini istədi, çünki Praqada başı daşa dəymişdi.

“Çexiya Cənubi Qafqazda sülh təşəbbüslərini dəstəkləyəcək” bəyanatı ilə Fiala Paşinyanın çağırışına çox səthi bir reaksiya verməklə kifayətləndi. O, 2022-ci ilin oktyabr ayında qəbul edilmiş Praqa Bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımasının vacibliyini də dilə gətirdi. Deməli, Çexiyanın baş naziri bununla Paşinyana ehyam vurmuş oldu ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və ermənilər burada hansısa güzəştə, yaxud dəstəyə ümid edə bilməzlər. Çexiya və Aİ-nin niyə Azərbaycana qarşı sanksiyalar tətbiq etməməsi ilə bağlı çexiyalı jurnalistin sualını da cavablandıran Fiala açıq şəkildə bildirdi ki, Azərbaycanın Qarabağda və Ermənistanla sərhəddə hərəkətlərinə ünvanlanıla bilən cavab “birtərəfli qiymətləndirmə” olar. “Əgər mən birtərəfli qaydada atəşkəsi kimin pozduğunu qiymətləndirsəm, bu, vəziyyəti yaxşılaşdırmayacaq. Çexiya və Avropa İttifaqının ümumi məqsədi regionda sabitliyə nail olmaq və uzunmüddətli sülhü təmin etməkdir. Biz bu istiqamətdə konkret addımlar atmışıq və ekspertlərimiz Aİ-nin monitorinq missiyasında iştirak edirlər”, deyən Fiala uzunmüddətli sülhə nail olmaq üçün hər iki tərəfdən xoş niyyət tələb olunduğunu diqqətə çatdırdı. Bu isə o deməkdir ki, baş nazir Petr Fiala ermənilərin iddialarını və ittihamlarını hesaba da almır və atəşkəsin ermənilər tərəfindən pozulmasına daha çox inanır. Çüxialı jurnalistin sualına Fiala öz cavabı ilə bir növ, Ermənistana ciddi mesajlar verdi və hələ araşdırmaların aparılacağını da xatırlatdı. Xatırlatdı ki, hansısa böhtana, hansısa şər kampaniyasına ümid etməkdə yanılırlar.

Çexiyanın baş naziri Petr Fiala öz mövqeyi ilə də, söylədikləri ilə də Nikol Paşinyana bir növ yerini göstərdi. Laçın-Xankəndi yolunda quraşdırılan sərhəd-keçid məntəqəsi ilə bağlı erməni baş nazirinin Azərbaycana qarşı çıxmaq çağırışı da rədd edildi. Bir sözlə, Nikol Paşinyana Avropanın tən ortasında, Çexiyanın paytaxtı Praqada həddi bildirildi. Vaşinqton danışıqlarında olduğu kimi, Praqada da erməni diplomatiyası fiaskoya uğradı. Güman edirik ki, işğalçı ölkənin diplomatiyası ardıcıl olaraq uğradığı fiaskodan sonra doğru nəticə çıxarmış olar, əks halda, uğursuzluq Ermənistan üçün ənənə halını almış olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə